Alın yazısı

(Ömrümdən etüdlər)

Şorcada dünyaya göz açmağım da,
Alın yazısıymış, alın yazısı.
Nəğmədən, sənətdən söz açmağım da,
Alın yazısıymış, alın yazısı.

Yaxşı ki, doğuldum ulu Göyçədə,
Müdrik insanlarla dolu Göyçədə,
Düz seçdim həyatda yolu Göyçədə,
Alın yazısıymış, alın yazısı.

Çətin, məşəqqətli bir ömür sürdüm,
Atamı, anamı erkən itirdim,
Bilənlər az idi, çox oldu dərdim,
Alın yazısıymış, alın yazısı.

Nəşəli yaşadım, deyin harda mən,
Hər addım sarsıldım, qaldım darda mən,
Xoş günü axtardım xəyallarda mən,
Alın yazısıymış, alın yazısı.

Kimlər itgin düşdü müharibədə,
Hər şey tükənmişdi müharibədə,
Gün ağır ötüşdü müharibədə,
Alın yazısıymış, alın yazısı.

Şorcada yaşadım on üç yaşadək,
Ac-yalavac bilməyirdik nə edək?
Geydim rezin çarıq, geydim bez köynək,
Alın yazısıymış, alın yazısı.

İnəkdağı – hər əzaba dözdüm mən,
Doğmalar az, ögeylər çox, bezdim mən,
Anamı tez aldı əcəl ədimdən,
Alın yazısıymış, alın yazısı.

Xoşbəxt uşaqlığım puç oldu getdi,
Qoşulub illərə köç oldu getdi,
Şirin arzularım heç oldu getdi,
Alın yazısıymış, alın yazısı.

Deməyin, mən dərsə, məktəbə getdim,
Yeddi yaşınadək hodaqlıq etdim,
Gözüm nələr gördü, nələr eşitdim?
Alın yazısıymış, alın yazısı.

Nə birinci, nə ikinci gördüm mən,
Örüşə, tarlaya salam verdim mən,
Yer şumladım, ayrı düşdüm məktəbdən,
Alın yazısıymış, alın yazısı.

Müqəddəsdi «ANA», «VƏTƏN» sözləri,
Yox, yazmadım lbvhədə mən sözləri,
Mələelərdi diktə edən sözləri,
Alın yazısıymış, alın yazısı.

Bilmədim məktəb nə, «Əlifba» nədi,
Xəbər tutdum, adım üçüncüdədi,
Dörd il gecikmişdim, yaşım çox idi,
Alın yazısıymış, alın yazısı.

Zaman sıxdı məni əlaçı oldum,
Əlli ikinci ildən anasız qaldım,
Oxumaqdan nə bezdim, nə usandım,
Alın yazısıymış, alın yazısı.

Bacım Sehran məktəb üzü görmədi,
Ana əli saçlarını hörmədi,
Xoşbəxtliyi tale bizə vermədi –
Alın yazısıymış, alın yazısı.

Qatlaşdım əzaba, hey düşdüm oda,
Duydum nədir yetimlik bu dünyada,
Qayğıkeş insanlar yetişdi dada,
Alın yazısıymış, alın yazısı.

Məhər dayım görüb faciəmizi,
Yadların əlindən götürdü bizi,
Qəlbə dayaq oldu onun hər sözü,
Alın yazısıymış, alın yazısı.

Əmi himayəsi, anasız günlər,
Çox ağır keçirdi mənasız günlər,
Məndən uzaq idi toylar, düyünlər,
Alın yazısıymış, alın yazısı.

Baxımla birlikdə dözdük hər dərdə,
Anasız, atasız qaldıq çöllərdə,
Qoy geri dönməsin o günlər bir də,
Alın yazısıymış, alın yazısı.

Bir az iradəli, dözümlü oldum,
Gəl sınma, ay Əli, dözümlü oldum,
Sabahın eşqinə mən yaşa doldum,
Alın yazısıymış, alın yazısı.

Yaşadım, oxudum dayımgildə mən,
Kitablar düşmədi heç vaxt əlimdən,
Attestat alanda qəlbim oldu şən,
Alın yazısıymış, alın yazısı.

Şəhər, ali məktəb – mən də tələbə,
Qalmasın kitabdan gendə tələbə,
Hər işdə qoy getsin öndə tələbə,
Alın yazısıymış, alın yazısı.

Bitirdim məktəbi müəllim oldum,
Başqa bir sahəyə uzandı yolum,
Arzumdu adlanım sənətçi alim,
Alın yazısıymış, alın yazısı.

Aldım iki ali təhsilimi,
Qismətim hansı gözəl, nə bilim?
El qızını nişan versin axı kim?
Alın yazısıymış, alın yazısı.

Ürəyimi açmalıydım mən kimə?
Yazılıbmış bir Göyərçin bəxtimə,
Əhd elədik, qulaq asdıq bir simə,
Alın yazısıymış, alın yazısı.

Tələbəydim ilk şeirimi yazanda,
Haradaydı sevəcəyim qız onda?
Fərəhimdən qanad açdım bir anda –
Alın yazısıymış, alın yazısı.

İşıq üzü gördü «Sona bulağı»,
Elçim idi, oldu elin qonağı,
Doğmadı Göyçənin mənə hər dağı –
Alın yazısıymış, alın yazısı.

İllər keçdit, çıxdı bir-bir kitablar,
Oxucuyla söhbət edir kitablar,
Ürəkləri dilləndirir kitablar –
Alın yazısıymış, alın yazısı.

Yetdim öz arzuma bir payız günü,
«Vağzalı» sədası, «Vağzalı» ünü,
Doğma, yad söylədi ürək sözünü –
Alın yazısıymış, alın yazısı.

Oldu öz ailəm, isti ocağım,
Öz dərdim, öz qayğım, öz sinə dağım,
Həqiqət, nəğmələr əziz qonağım –
Alın yazısıymış, alın yazısı.

Diktor işləyirdim radioda mən,
Düşürdüm evlərdə hər gün yada mən,
On iki il xidmət etdim yada mən –
Alın yazısıymış, alın yazısı.

On yeddi il İrəvanda yaşadım,
Elə bil ki, mən zindanda yaşadım,
Nifrətim çağladı qanda  –
Alın yazısıymış, alın yazısı.

Qızımızı – ilk övladı itirdik,
Həsrətə, kədərə biz sinə gərdik,
Arzumuzu Tanrımıza yetirdik –
Alın yazısıymış, alın yazısı.

Yenə də sözünü söylədi zaman,
İkinci balamız oğlandı, oğlan,
O da əlimizdən uçdu, ay aman –
Alın yazısıymış, alın yazısı.

Tale imtahana çəkirdi bizi,
Bəlkə sınayırdı iradəmizi?
Bir gün dalğalandı sevinc dənizi –
Alın yazısıymış, alın yazısı.

Fevralda Müşfiqim dünyaya gəldi,
Ata olmaq, Allah, necə gözəldi,
Fərəhdən qəlbimiz, üzümüz güldü –
Alın yazısıymış, alın yazısı.

Sonra Vüqar gəldi – vüqarım oldu,
Sonbeşik Rizvan da nubarım oldu,
Üç oğul sərvətim, baharım oldu –
Alın yazısıymış, alın yazısı.

Üç qapı döyərək elçi getmişik,
Üç gəlin gətirib, üç toy etmişik,
Hamıdan tərifli söz eşitmişik –
Alın yazısıymış, alın yazısı.

Elə zənn edirəm üç qız balam var,
Nüşabə, Vüsalə, Afət – iftixar.
Mən babayam, qayınatayam, a dostlar –
Alın yazısıymış, alın yazısı.

Vətən sevgisinə gəl and iç, oğlum,
İnsanlıq yolunu sən tez seç, oğlum,
Ali təhsil alıb indi üç oğlum –
Alın yazısıymış, alın yazısı.

Üç nəvəm gəlibdir nurlu həyata,
Müşfiqim, Vüqarım atadır, ata,
Aytac, Nicat, Tural dadıma çata –
Alın yazısıymış, alın yazısı.

Tablaşıram Qarabağın dərdinə,
Ürək dözür neçə dağın dərdinə,
Mənə baxıb demən ki, dərdi nə?
Alın yazısıymış, alın yazısı.

Ulu Göyçəmizi itirməyimiz,
Neçə dağı, düzü itirməyimiz,
Baxıb köksümüzü ötürməyimiz –
Alın yazısıymış, alın yazısı.

Xocalıda baş verən soyqırımı,
Mələkləri endirən soyqırımı,
Ürəkləri dindirən soyqırımı –
Alın yazısıymış, alın yazısı.

İndi bizə təkcə adı qalıbdır,
Ağzımızda yalnız dadı qalıbdır,
Qəlbimizdə sönməz odu qalıbdır –
Alın yazısıymış, alın yazısı.

Arzuladıq biz müstəqil olmağı,
Suveren bir ölkə kimi qalmağı,
Azad olub dünyaya səs salmağı –
Alın yazısıymış, alın yazısı.

Üç rəngli bir bayrağımız var bizim,
Dövlətiylə fəxr eləyir Təbrizim,
Qələm alıb nələr yazdım mən özüm –
Alın yazısıymış, alın yazısı.

Dilə gəlir indi himnim hər yerdə,
Sözləri də əzbər olub ellərdə,
Dinləyən söyləyir: eşidim bir də –
Alın yazısıymış, alın yazısı.

Qələm aldım, bu misralar yarandı,
Fikrə daldım bu misralar yarandı,
Hər nəğmənin öz ömrü var, yarandı –
Alın yazısıymış, alın yazısı.

Həqiqət yolunu seçməyim mənim,
Sıldırım yollardan keçməyim mənim,
Saflıq çeşməsindən içməyim mənim –
Alın yazısıymış, alın yazısı.

Tanıyır övladı dar gündə Vətən,
Bəsləyir oğlunu köksündə Vətən,
Neyləyər dayansan sən gendə Vətən?
Alın yazısıymış, alın yazısı.

Düşmənin dilini bilmək gərəkdir,
Çağrışa birinci gəlmək gərəkdir,
Torpağın yolunda ölmək gərəkdir –
Alın yazısıymış, alın yazısı.

Doxsanda – aprelin on üçündə mən,
Getdim Xankəndinə, çətin gündə mən,
Dayana bilməzdim axı gendə mən –
Alın yazısıymış, alın yazısı.

«Təşkilat komitə»si orada idi,
Həm açıq, həm gizli işlər gedirdi,
Rəhbərlər mənə də göstəriş verdi –
Alın yazısıymış, alın yazısı.

Yerinə yetirdim tapşırıqları,
Torpaq əlimizdən getməsin barı,
Cənnət Qarabağım itməsin barı –
Alın yazısıymış, alın yazısı.

Ölümlə neçə yol üz-üzə gəldim,
Hiyləgər düşmənlə üz-üzə gəldim,
Yalana əl atdım, söz-sözə gəldim –
Alın yazısıymış, alın yazısı.

Vardı siyahıda iyirmi nəfər,
Onlardan səkkizi göstərdi hünər,
Qalan on ikisi getmədi hədər –
Alın yazısıymış, alın yazısı.

Oğul yayınırsa əgər çağrışdan,
Vətən bağışlamaz onu heç zaman,
Haqqı var incisin öz övladından –
Alın yazısıymış, alın yazısı.

Qayıtdım əlimdə təşəkkürnamə,
Bu sirri açmadım onda heç kimə,
Getməyən üz tutdu yəqin həkimə –
Alın yazısıymış, alın yazısı.

Qarabağsız solmağım da yəqin ki,
Bulud kimi dolmağım da yəqin ki,
Əhdə sadiq qalmağım da yəqin ki –
Alın yazısıymış, alın yazısı.

Mənim qələm tutmağım da sən demə,
Arzulara çatmağım da sən demə,
Zirvəyə can atmağım da sən demə –
Alın yazısıymış, alın yazısı.

İndi dildə Əli Vəkil sözu var,
Öz yurdunda nəğməsi var, izi var,
Onun Böyük Qələbədə gözü var –
Alın yazısıymış, alın yazısı.

20 iyul 2002
Rusiya, İvanovo şəhəri