Allahım

 

Oba itirmişik, el itirmişik,
Əzəl yurdu düşmənlərə vermişik,
Nələr eşitmişik, nələr görmüşük,
Necə dözsün buna ürək, Allahım!

Mahal dərdi, yurd həsrəti ağırdı,
Ocaq eşqi, el möhnəti ağırdı,
Darda qoymaq məmləkəti ağırdı,
Namərdləri tutsun çörək, Allahım!

El aşığı Ələsgər də gileyli,
Aşıq Alı dindi bir də gileyli,
Nalə çəkir göy də, yer də gileyli,
Unutmayaq bunu gərək, Allahım!

Qayalarda sözüm qalıb, neyləyim?
Yamaclarda ihim qalıb, neyləyim?
Göyçə göldə gözüm qaldı, neyləyim?
Bəs bu dərdə necə dözək, Allahım!

Şəhid oldu dünən Aşıq Nəcəfim,
Yad önündə dinən Aşıq Nəcəfim,
Bir şam kimii sönən Aşıq Nəcəfim,
Məgər qatil ölməyəcək, Allahım?!

Şər yamacı, hər təpəsi tanışdı,
Bulaqların həzin səsi tanışdı,
Xəritəsi, mənzərəsi tanışdı,
Dağlarında açıb çiçək, Allahım!

Dünən aşdım neçə dağı, bələni,
Seyrə daldım göy yaylağı, bələni,
Unutmaram buz bulağı, bələni,
Mümkünmüdür bir də gəzək, Allahım?

Göyçə gölü bizsiz yaman darıxıb,
Qonağıdır ha çən-duman, darıxıb,
Yox halına indi yanan, darıxıb,
Kaş suyunda bir də üzək, Allahım!

Tapdıq – məğrur, fəxri övlad mahalda,
Yunis bilir at çapmağı mahalda,
«Qəşəm Aslan» – müqəddəs ad mahalda,
Gərək yurda yenə dönək, Allahım!

Dil açır qəlbimdə «Göyçə dastanı»,
Unutma oxucum, buy urdu tanı,
Çoxdur uluları, çoxdur sultanı,
Olub nəsillərə örnək, Allahım!

Həsrətəm dərəyə, düzə haçandan?
Məclisdə söhbətə, sözə haçandan?
Sevinc ad olubdur bğizə haçandan?
Dərdi dərd bilənlə bölək, Allahım!

Ozanlar diyarı mahalım hanı?
Oğuz yadigarı mahalım hanı?
Elin iftixarı mahalım hanı?
Ağlayaram onu görcək, Allahım!

Torpağır qədrini bilib qalmadıq,
Qorxunu ürəkdən silib qalmadıq,
Bəs niyə orada ölüb qalmadıq?
İndi didərgintək ölək, Allahım?!

Çox gəzmişəm, dolaşmışam mahalda,
Dərə keçib, dağ aşmışam mahalda,
Kaş qovuşam, nəğmə qoşam mahalda,
Bu dünyadan necə köçək, Allahım?!

Haram olub hər şey, haram, bilin siz,
Sağalmayır ağır yaram, bilin siz,
Qovruluram aram-aram, bilin siz,
Dərdi qəlbdən necə silək, Allahım?!

Gör nələr düşündüm, gör nələr yazdım,
Sevib mahalımı nəğmələr yazdım,
Söz də ən qiymətli inci, zər yazdım,
Nəğmə həzin, nəğmə kövrək, Allahım!

Göyçəli günləri yada saldım mən,
Dərd əhliyəm xəyallara daldım mən,
Əli Vəkil, bulud kimi doldum mən,
Dəyərli söz seviləcək, Allahım!

Dekabr 1988