Amandı

Səni xoş saatda xəlq edib Fələk,
Aşiqi odlara salma, amandı.
Görənlər söyləyir mələksən, mələk,
Aşiqi odlara salma, amandı.

Bu qədər atəşli göz kimdə vardır?
Qəlbi ovsunlayan söz kimdə vardır?
Belə lalə yanaq-üz kimdə vardır?
Aşiqi odlara salma, amandı.

Yazan heyran olur gül camalına,
Yanmayırsan sevən kəsin halına,
Batıb dodaqların beçə balına,
Aşiqi odlara salma, amandı.

İcazə ver deyim, zalım balası,
Gözəllik də gözəllərin bəlası,
Sarçılmasın məhəbbətin qalası,
Aşiqi odlara salma, amandı.

Sevib-seviləndə könül verərsən,
Ülvi eşqin güllərini dərərsən,
Əli Vəkil, eşidərsən, görərsən,
Aşiqi odlara salma, amandı.

12 avqust 2007