Amandır

Güzgünün önündə dayanan gözəl,
Öz gözün özünə dəyər, amandır.
Yarının eşqiylə alış, yan, gözəl,
Vəfasız qapını döyər, amandır.

Baharda qönçələr açarmı sənsiz?
Həyatda qədrini bil məhəbbətin.
Ulduzlar nurunu saçarmı sənsiz?
Sevda yollarında mətin ol, mətin.

Nə mələk deyirəm, nə pəri sənə,
Sevəndə elə sev, sevil ürəkdən.
Nəğmələr yazılsın sədaqətinə,
Eşqinlə qanad ver aşiqinə sən.

Günəştək təmizdir sevgin, ismətin,
Qəlbində həsrət nə, intizar nədir?
Gül açsın hər arzun, ülvi niyyətin,
Sevgisiz yaşamaq bir əfsanədir.

Gəlib yetişincə qızılı payız,
Aşiqlər sayırlar günləri bir-bir.
Könül ver sevdiyin oğlana, ay qız,
Könüllər «Vağzalı» həsrətindədir.

Güzgünün önündə dayanan gözəl,
Öz gözün özünə dəyər, amandır.
Yarının eşqiylə alış, yan, gözəl,
Vəfasız qapını döyər, amandır!

1986