Ana nəvazişi

İnsanların gərəyidir dünyada,
Havasıdır, çörəyidir dünyada,
Dizimizin dirəyidir dünyada
Ana nəvazişi, ana qayğısı.

Hər an səninlədir getsən hayana,
Həyat verər, qanad verər insana,
İllər xəstəsini gətirər cana
Ana nəvazişi, ana qayğısı.

Yaşar mənliyində, yaşar canında,
Müqəddəs eşqində, saf vicdanında,
Hopar varlığına, axar qanında
Ana nəvazişi, ana qayğısı.

Qıyma analara, qıyma, İlahi,
Balanı anasız qoyma, İlahi,
Başının tacıdır, ömrün pənahı
Ana nəvazişi, ana qayğısı.

10 yanvar 1992