Anmasam olmur

Əzizim, inan ki, mən yuxumda da,
Səni yad eləyib anmasam olmur.
Gecə də, gündüz də düşürsən yada,
Eşqinin oduna yanmasam olmur.

Duyursan, duymursan haradan bilim?
Nə olar halıma sən də yan, bilim,
Yadından çıxarma bunu, sevgilim,
Eşqin zirvəsinə qonmasam olmur.

Cahana bəxş edib Yaradan bizi,
Gəl sevək, qoruyaq ürəyimizi,
Zaman göyərdəcək diləyimizi,
Səni qibləgahım sanmasam olmur.

Quşlar yerə enər dəni görəndə,
Yolçular sarsılar çəni görəndə,
Ay gülüm, nədənsə səni görəndə
Susub, şairliyi danmasam olmur.

Əli Vəkil, nəğmə sənin varındı,
Bu Vətən – Qarabağ iftixarındı,
Bəmdə ötən kamanındı, tarındı,
Min kədər heykəli yonmasam olmur.

10 fevral 2002