Araz Kürə qovuşur

Gözlərimin önündə
Araz Kürə qovuşur.
Bu taydakı sevincim
O taydakı həsrətə,
Qəm-kədərə qovuşur.
Araz Kürə qovuşur.

Qovuşur qoşa çayım,
Öpüşür qoşa çayım!
Bir cüt tamaşa çayım!
Kür Araza qovuşur,
Otaydakı qarlı qış
Bu taydakı bahara,
Güllü yaza qovuşur!
Kür Araza qovuşur.

Maddım-maddım baxıram,
Araz Kürə qovuşur.
Hər ikisi dalğalı
Göy Xəzərə qovuşur.
Son mənzilə çatırlar,
Dənizə tökülürlər.
Bir gözüylə ağlayır,
Bir gözüylə gülürlər.
Çaylar, dəniz qovuşur,
Sahillər qovuşmayır.
Həsrət hələ hakimdir,
Bu ellər qovuşmayır.
Tikanlı məftil qalır,
Bakı ilə Təbrizin
Əl-ələ verməsinə
Görən neçə il qalır?
Torpaq iki bölünüb,
Tikanlı məftil qalır.
Kür ilə Araz kimi
İz-izə qovuşacaqdır.
Doğma Bakım qardaşı
Təbrizə qovuşacaqdır.
Məclislər qurulacaq,
Saz-saza qovuşacaqdır.
Dil açacaq nəğmələr,
Söz-sözə qovuşacaqdır!
Əl-əli sıxacaqdır,
Göz-gözə qovuşacaqdır!
Bayram edəcək xalqım
Üz-üzə qovuşacaqdır!

15 may 1981. Salyan.