Üz tutub ellər mənə:
«Ay Xan Araz» – demişlər, –
Sərhəd boyu qıvrılıb
Axan Araz, – demişlər.
İki yerə bölmüşəm
Vahid Azərbaycanı.
Çoxdan ayrı salmışam
Neçə doğma insanı.
Neçə həsrət nəğməsi
Yazılıbdır adıma.
Xəyallara dalıram
Nələr düşür yadıma.
Yoxa çıxır həsrətim
Kürlə qovuşan yerdə.
İntizaram qəlblərdə,
Gur işığam evlərdə.
Adaşım, sirdaşımdır
Araz adlı oğlanlar.
Sabah iki sahili
Birləşdirəcək onlar.