Arif olaq, insanlığı qoruyaq,
Ürəklərdən keçənləri tez duyaq.
Həyatda diqqətli olaq gərək biz,
Könüldən keçəni gözdən oxuyaq.
“Qızını döyməyən dizini döyər”,
Sözü əllə deyil, dillə deyər.
Qızı boşananda, geri dönəndə
Hey vurar başına – özünü döyər.
Qız evdə qaldıqca qızıla dönsün,
Elçilər qapıda tez-tez görünsün.
Bir el oğlu xoşbəxt olsun həyatda,
Qoymasınlar qəlbdə eşq odu sönsün.
Ömür-gün yoldaşı – ər ilə arvad,
Birlikdə yaşayıb qoy olsunlar şad.
Ülvi məhəbbətin asimanında
Oğul-qız böyüdüb açsınlar qanad.
Ər olsun, ya arvad – etsə xəyanət,
Bunun bir adı var – yalnız cinayət.
Kim bilmir həyatda, kim bilmir bunu,
Ləkə götürməyir təmiz məhəbbət.
Məhəbbət, deyərək əsib-coşan var,
Yalandan sevgiyə nəğmə qoşan var.
Çox çəkməyir üzə çıxır paxırı,
Gözünü döyərək yazıqlaşan var.
Alın təri ilə qazan pulunu,
Allahı unudub azma yolunu.
Halal zəhmət ilə varlansan əgər,
Əyə bilməz kimsə sənin qolunu.
Halallıq üstündə qurulub dünya,
Deməyin qocalıb, yorulub dünya.
Günahsız qırğınlar baş verən anda,
Görərsən yandırar qor olub dünya.
Deyirlər hərənin bir ulduzu var,
İnsan yerdə, ulduz səmada parlar.
Ulduz hər insanla doğulmasaydı,
Tükənərdi bəlkə göydə ulduzlar.
Gecə, gündüz düşür ömrün payına,
Öyrənirik günlərinə, ayına.
Qadir insan dözür bu kainatın
Şaxtalı qışına, isti yayına.
Nə doğrasan sən aşına, xatırla,
O da çıxar qaşığına, xatırla.
Özün günahkarsan, qeyriləri yox,
Bu dünyada hər nə gəlsə başına.
Deyiblər ki, qovuşmasa dağ dağa,
İnsan bir-birinə qovuşar, qağa.
Yaxşılıq elə ki, kimlə görüşsən,
Əl verəndə tez gedəsən qabağa.
“Ötən sözü çəkmə üzə” barı sən,
İnanmaynan hər bir sözə barı sən.
Hər kəs öz sözünün sahibi olsun,
Yaxşı tanı sadiq dostu, yarı sən.
Seç sözü həyatda söz dəryasından,
Gözün ümmanından, göz dəryasından.
Vardır hikmət xəzinəsi hər kəsin,
Xərcləsin sözünü öz dəryasından.
Həqiqət yaşadı, düz yaşadı, bil,
Dəyərli, qiymətli söz yaşadı, bil.
Yalan ayaq tutdu yeriyəmmədi,
Sözə arxalanan yüz yaşadı, bil.
Xəlq etdi, yaratdı Allahım bizi,
Hər an ülvi sayaq saf eşqimizi.
Bəd əməl sahibi olsan həyatda,
Cavab verəcəksən sən geci-tezi.
İnsanın, müqəddəs bir borcu vardır,
Allahı sevənə taleyi yardır.
Unutmaq olmaz ki, Haqq dünyasında,
Yaxşılıq, xeyir iş, ali meyardır.
Düşünürmü bəd əməlin sahibi,
İstər olsun o bir elin sahibi,
Əlsizin dadına yetişməyibsə,
Tanınacaq fəndi-felin sahibi.
Bir məclisdə yersiz sözlər desən sən,
Bununla özünü təqdim edərsən.
Çalış elə durub-oturasan ki,
Hamı bir ağızdan söyləsin əhsən.
Hörmət qazanarsan hikmətli sözlə,
Könüllər açılar qiymətli sözlə.
Zəfərlə qayıtsan döyüşdən əgər,
Səni qarşılayar el gülər üzlə.
24 avqust 2002