At ili

At muraddı – söyləyibdir babalar,
Xoş gəldin yurduma, at ilim mənim.
Kəlamları düz deyibdir babalar,
Amandı dadıma çat, ilim mənim.

Sayaraq günləri çox gözləmişik,
Torpağım əsirdi – on illər keçdi.
Bizimlə olacaq zəfər, demişik,
Gün günü izlədi, fəsillər keçdi.

Gəlibdir at ilim, atlanmaq gərək,
Qıratım, Düratım, Boz atım hanı?
Koroğlu at çapıb zəfər, deyərək,
Çənlibel həyatım, büsatım hanı?

Bizi bağışlamır Şuşa, Qarabağ,
Günahkar gəzirik, kimdir günahkar?
Orda söndürülüb minlərlə ocaq,
Üsyan edir yurd yerində ruhlar.

İllərin payına düşür cahanda
Şanlı zəfərlər də, məğlubiyyət də.
Hünərli oğullar Azərbaycanda,
Babək təkdir cəsarətdə, qeyrətdə.

Tutub yaxamızdan silkələ bizi,
Qəflət yuxusundan ayılaq bəlkə.
Ya öldür, ya yaşat hər birimizi,
Yeni əsrimizdə sayılaq bəlkə?

Sən köhlən at ili, sən zəfər ili,
Yazılsın yaddaşa iki min iki.
Düşüb tariximə ol hünər ili,
Ürəkdə qal, yaşa, iki min iki.

Atlanağın, lazım gəlsə öləyin,
Qisas qiyamətə qalmasın təki.
Cəzasıdır bu ki, bizə fələyin,
Şuşamın gözləri dolmasın təki.

Bu gün doğum günün, ilk səhərindi,
Nələr olacaqdı on iki ayda?
Mənə qanad verir ilk səhər indi,
Kaş ki, zəfər gəlsin baharda, yayda.

Top-tüfəngsiz neyləyəcək, siz deyin,
Düşmənlərin qarşısında söz indi?
Həqiqəti gizlətməyin, düz deyin,
Yada qalan Şuşa, Laçın sizindi.

Harda qaldı Qarabağın atları?
Silahlanın, quşdan qanad alın siz.
Məhv eləyin yağıları, yadları,
Bir iləcən Qələbəni çalın siz!

1 yanvar 2002