Ata həsrəti

Kiyevdəki Baykovo qardaşlıq qəbiristanını gəzərkən

Ağır sükut içindədir
Qəbristanlıq.
Ayağımı saxlayıram
Mən bir anlıq.
Başdaşları üzərində
Qızıl ulduz,
Bir də əsgər dəbilqəsi.
Qulağıma gəlir sanki
Bombaların müdhiş səsi.
Dolaşıram həyəcanla
Qəbristanı.
Dilsiz daşlar dilə gəlir:
— Məni tanı, məni tanı!
Ünvanları bilinməyən
Hər qəhrəman
El yolunda qoyubdu can!
Min arzuyla
Seyr edirəm hər bir qəbri.
Atamındır bəlkə biri?
Bəlkə qəlpə yenə durur
Yarasında?
Mürgüləyir daş məzarlar
Gül-çiçəyin arasında.
Vətənimi, torpağımı
Öz canından əziz sayan,
Neçə-neçə mərd qəhrəman
Cəbhələrdə bir vuruşdu,
Arzuları, əməlləri
Vahid oldu,
Haqq yolunda şahid oldu,
İnsan olan bu yerlərə
Baxa bilməz bir yad kimi,
Axtarıram mən atamı
Qəlbi təşnə övlad kimi.
İtkin ata niskilindən
Ürəyimin göynər başı.
Zənn edirəm öz atamın
heykəlidir,
Qarşımda hər məzar daşı!

Kiyev, 1974