Axtarırdım

Bilirsənmi haçandan?
Dünyaya göz açandan,
Hər dəqiqə, hər bir an
Bil, səni axtarırdım,
Gəl, səni axtarırdım.

Köksümdə odlu ürək,
Uzun bir yol keçərək,
Əsli gəzən Kərəmtək
Bil, səni axtarırdım,
Gəl, səni axtarırdım.

Bilməsəm də yerini,
Çəkib dərdi-sərini,
Düşünüb gözlərni
Bil, səni axtarırdım,
Gəl, səni axtarırdım.

Baharım, yazım mənim,
Nəğməm, avazım mənim,
Ən şirin sözüm mənim,
Bil, səni axtarırdım,
Gəl, səni axtarırdım.

Sevincsən, iftixarsan,
Sevən qəlbdə vüqarsan,
Mənim üçün sən varsan –
Bil, səni axtarırdım,
Gəl, səni axtarırdım.

Eşq oduna yanmağa,
Zirvələrə qonmağa,
Göyərçinim sanmağa
Bil, səni axtarırdım,
Gəl, səni axtarırdım.

Məni anla, duy barı,
Qəlbimiz aydan arı,
Unutmayıb ilqarı,
Bil, səni axtarırdım,
Gəl, səni axtarırdım.

Gendən-genə baxırsan,
Şimşək kimi çaxırsan,
Ay qız, oda yaxırsan,
Bil, səni axtarırdım,
Gəl, səni axtarırdım.

Paraq gündüzüm mənim,
Söhbətim, sözüm mənim,
Ay görən gözüm mənim,
Bil, səni axtarırdım,
Gəl, səni axtarırdım.

Uzandı sözüm bu gün,
Yol çəkir gözüm bu gün,
Güləcək üzüm bu gün,
Bil, səni axtarırdım,
Gəl, səni axtarırdım.

May 1990