Ay Allah

Hardan çıxdın qarşıma sən, ay gözəl,
Bu nə sevda, nə sevgidi, ay Allah?
Bircə anda sarsıldım mən, ay gözəl,
Bu nə sevda, nə sevgidi, ay Allah?

Məhəbbət qocalmır, qocalmır inan,
Ürəkləri isindirir hər zaman,
Necə söz salmayım baxışlarından,
Bu nə sevda, nə sevgidi, ay Allah?

Dözmək olmur gözlərinin sehrinə,
O gözlərin ovsunu nə, sehri nə?
İçməmişdən sərxoşammı mən yenə,
Bu nə sevda, nə sevgidi, ay Allah?

Əfsanəvi dastan yatır gözündə,
Baş vuranlar itir-batır gözündə,
Vüsalına kimlər çatır gözündə?
Bu nə sevda, nə sevgidi, ay Allah?

Sevən ürək baxmır sözə, bilirsən,
Aşiq gərək buna dözə, bilirsən,
Əli Vəkil gələr özə, bilirsən,
Bu nə sevda, nə sevgidi, ay Allah?

22 may 2002