Ay Allahın tərs bəndəsi…

(lirik mahnı)

Qəlbi soyuq olma belə,
Ay Allahın tərs bəndəsi.
İncidirsən billə-bilə,
Ay Allahın tərs bəndəsi.

İllər keçir, çoxalır yaş,
Üzür məni, üzür təlaş,
Doğulmusan ürəyi daş?
Ay Allahın tərs bəndəsi.

Çoxdan düşüb gözüm sənə,
Təsir etmir sözüm sənə,
Bəlkə məktub yazım sənə?
Ay Allahın tərs bəndəsi.

Sən layiqsən sevilməyə,
Sevgi bəzək yerə, göyə,
Ərköyünsən axı, niyə?
Ay Allahın tərs bəndəsi.

Sirrim olsun sənə əyan,
Məhəbbətin oduna yan,
Yadda qalır bəlgə, nişan,
Ay Allahın tərs bəndəsi.

İnsaf, murvət yoxmu səndə?
Küsüb məndən gəzmə gendə,
Təntənəli toy var öndə,
Ay Allahın tərs bəndəsi.