Ay canı yanmış

Yubanma gəl yapış əlimdən mənim,
Adın düşməyəcək dilimdən mənim,
Qaçma çəmənimdən, çölümdən mənim,
Vallah can alansan, ay canı yanmış.

Qəfildən qarşıma çıxdın, neyləyim?
Şimşək tək gözümdə çaxdın, neyləyim?
Aşiqi yandırıb-yaxdın, neyləyim?
Qəlbə od salansan, ay canı yanmış.

Nə gözəl xəlq edib yaradan səni,
Götürüb qaçaydım aradan səni,
Mənimtək sevəmməz hər nadan səni,
Ürəkdə qalansan, ay canı yanmış.

Söhbətin nə şirin, sözün nə gözəl,
Günəşi andıran üzün nə gözəl,
Qəlbimi oxlayan gözün nə gözəl,
Həmdəmim olansan, ay canı yanmış.

Ürəyimdə saf arzusan, diləksən,
Gözlərimdə sanki huri-mələksən,
Təzə-tərsən, ən ətirli çiçəksən,
Sən tülək tərlansan, ay canı yanmış.

Eşqindən nəğmələr söyləyər aşiq,
Könlünü bir məşəl eyləyər aşiq,
Özün de, həsrətdən neyləyər aşiq?
Uzaqda dolansan, ay canı yanmış.

Deyiblər ki, bir qız bir oğlanındı,
Qəfil gördüm qəlbim odlara yandı,
Əli Vəkil səni bir mələk sandı,
Eşq sazı çalansan, ay canı yanmış.

4 fevrar 2000