Ay gəlin bacı

 

Qonubdur başına bəxtinin quşu,
Nigahın mübarək, ay gəlin bacı!
Gedib hörmət qazan, olma sən naşı,
Nigahın mübarək, ay gəlin bacı!

Ərköyün olmusan bəlkə evdə sən,
Tərgidəsən gərək onu bu gündən,
Heç kəs deməsin ki, dəymədüşərsən,
Nigahın mübarək, ay gəlin bacı!

Ən sadiq, vəfalı yar olmalısan,
Qulluqda, buyruqda var olmalısan,
Hörmət qazanmasan xar olmalısan,
Nigahın mübarək, ay gəlin bacı!

Qoy olsun cehizin ülvi məhəbbət,
Ürəyində yuva salsın xoş niyyət,
Analıq şərəfi – böyük sədaqət,
Nigahın mübarək, ay gəlin bacı!

İllər boyu nişan arzun, toy arzun,
«Vağzalı»ünan dilə gəlsin qoy arzun,
Çiçək açdı bahar arzun, yay arzun,
Nigahın mübarək, ay gəlin bacı!

Görməyəsən sən nə ağrı, nə acı,
Olasan ərinin başının tacı,
Təzə bəy də saf eşqinin möhtacı,
Nigahın mübarək, ay gəlin bacı!

Sənin üçün yar böyüdən ana var,
Hər gün sənə «qızım» desə xoş olar,
Əli Vəkil, müqəddəsdi analar,
Nigahın mübarək, ay gəlin bacı!

1 yanvar 2003