Ay gedən it, gəl məni tut deyirsən

Ay gedən it, gəl məni tut deyirsən,
Qan çıxarma qaşınmayan yerdən sən.
Yuyulmuş qaşıqtək çıxma ortaya,
Düşərsən bəlaya, vallah, birdən sən.

Axı tapşırmazlar qurda quyruğu,,
Sonra axtararsan harda quyruğu?
Qurd qoyunun quyruğunu arzular,
Bu, onun istəyi, ümdə buyruğu.

Qurd var gödən sökür, hər gün içir qan,
Çaqqalın adıdır amma hallanan.
Hərə öz adıyla çağrılsın gərək,
Tərsinə yozmasın heç nəyi insan.

Dağlar çənsiz olmur, meşə çaqqalsız,
Axtarıb tap hansı guşə çaqqalsız?
Deyirəm ki, yer üzündə meşələr
Olaydılar kaş həmişə çaqqalsız.

Keçəl dərman bilsə başına yaxar,
Sonra da guzgüdə özünə baxar.
Möcüzə baş versə, getsə keçəllik,
Sevincdən göz yaşı sel olub axar.

Tez duşər həmişə qorxan gözə çöp,
Neyləsən də, vallah, baxmaz sözə çöp.
Gözü qoruyağın qəfil çöplərdən,
Sonra gəlib dərd olmasın bizə çöp.

Gözəllik ondursa, doqquzu dondur,
Qoru gözəlliyi, keşiyində dur.
Doqquz donu hazırlayın, göstərin,
Bilin ki, gözəllik ondur ki, ondur.

Gözəldən göz əskik olmaz cahanda,
Gözəllikdən nəğmələr yaz cahanda.
Çirkinin də dərd-bəlası özüylə,
Ona baxanlarsa lap az cahanda.

Halva, halva söyləməklə dünyada,
Ağız şirin olmaz bunu sal yada.
Halva üçün nələr gərəkditr bilin,
Qoy bu işdə Tanrı yetişsin dada.

Kor kora lağ etməsə bil bunu sən,
İnan onun bağrı çatlar kədərdən.
Kor anlayar yalnız korun dilini,
Beləcə kor-kora lağ edər hərdən.

12 sentyabr 2002