Ay sonam

Sən dünyaya gələn zaman
Fərəhləndi atan, anan,
Hamı dedi bir ağızdan –
Kədərlənmə, gül, ay sonam.

Şirin arzudan doğuldun,
Gözəl oldun, göyçək oldun,
İllər keçdi yaşa doldun,
Qəlbdən sev, sevil, ay sonam.

Hasil oldu saf niyyətin,
Timsalısan ülviyyətin,
Təmiz eşqin, məhəbbətin
Qədrini sən bil, ay sonam.

Boy atdıqca gültək açdın,
Təzə-tərsən ətir saçdın,
Xəyanətdən uzaq qaçdın,
Nə sın, nə əyil, ay sonam.

Sən ki, nəğmə vurğunusan,
Qiblə Səməd Vurğunu san,
Öz sevdanın oduna yan,
Dil açsın könül, ay sonam.

Oyat, səslə duyğuları,
Yaşat, bəslə duyğuları,
Tapıbsansa sadiq yarı,
Dərdi qəlbdən sil, ay sonam.

Vacib deyil varın olsun,
Qoy ismətin, arın olsun,
Təki etibarın olsun,
Yazda açar gül, ay sonam.

10 iyul 2002