Ay Şuşam

Aç qolunu, gözlə mənim yolumu,
Yenə görüşərik, gözlə, ay Şuşam!
İtirsəm də ayağımı, qolumu,
Yenə görüşərik, gözlə, ay Şuşam!

Buz bulağın ürəyimi soyudar,
Bilirəm ki, can dərmanı suyu var,
Millətimin nəcabəti, soyu var,
Yenə görüşərik, gözlə, ay Şuşam!

Düzlərində çoban olmaq istərəm,
Cıdırdüzdə yatıb qalmaq istərəm,
Gec də olsa zəfər çalmaq istərəm,
Yenə görüşərik, gözlə, ay Şuşam!

Yaz küləyi darayacaq telimi,
Üzəmmərəm ətəyindən əlimi,
Köçkün gördüm, qaçqın gördüm elimi,
Yenə görüşərik, gözlə, ay Şuşam!

Qurban olum torpağına, daşına,
Həsrətliyəm, qoy dolanım başına,
Gələmmədim ad gününə, yaşına,
Yenə görüşərik, gözlə, ay Şuşam!

Əli Vəkil, niyə düşdün çöllərə,
Məğlubiyyət yaraşmırdı ellərə,
Zəfər marşı düşəcəkdir dillərə,
Yenə görüşərik, gözlə, ay Şuşam!

14 oktyabr 2001