Həvəsim olmayır, kefim olmayır
Şeirdən, nəğmədən ayrı düşəndə.
Çoxları şairə vasvası deyir,
Şeirdən, nəğmədən ayrı düşəndə.
Nəğmə ürəyimdir, nəğmə canımdır,
Dünyada ürəksiz gəl yaşa görüm?
Nəğmə damarımda axan qanımdır,
Günləri mən onsuz necə ötürüm?
Kiminsə dərdindən söhbət açıram,
Artır gözlərimdə ömrün mənası.
Nəğmənin ardınca düşüb qaçıram,
Sirli bir aləmdir şeir dünyası.
Ömrümə yazılmır şeirsiz anım,
Könül çıxmalıdır nəğmə ovuna.
O varım-dövlətim, dinim, imanım,
Nəğmə yazmalıyam mən yana-yana.
Şeirdən, nəğmədən ayrı düşəndə
Demək yaşamıram, günlər hədərdi.
Şeirsiz, nəğməsiz gün ötüşəndə
Çoxalır şairin qayğısı, dərdi.
Evdə gileylənir bəzən arvad da,
Şeirdən, nəğmədən ayrı düşəndə.
Ürəkdə azalır atəş də, od da,
Şeirdən, nəğmədən ayrı düşəndə.
Pidsunda
28 oktyabr 1987