Azərbaycan

Səfalıdır yaylaqları,
Nəğməlidir bulaqları,
Kəpəzi var, Qoşqarı var,
Torpağının bol barı var.
Odlar yurdu, doğma məkan,
Qeyrətimiz, cürətimiz,
Qüdrətimiz, şöhrətimiz,
Şanımızdır Azərbaycan.
Dağları tək vüqarlıdır,
Axarlıdır, baharlıdır.
Gəzməyə çıx Kür boyunca,
Meyvələrdən ye doyunca.
Bu ağ şanı, qara şanı,
Belə cənnət ölkə hanı?
Bu Qarabağ, bu Mil, Muğan,
Sizə doğma ana kimi
Layla deyir Azərbaycan.
Hamımızı qucağında
Əzizləyir Azərbaycan.
Bakı onun ürəyidir,
Bükülməyən biləyidir.
Nəğməkarı mavi Xəzər,
Sularını nəğmə bəzər.
Əfsanəvi Neft daşları,
Yer üzünün möcüzəsi.
Budur doğma insanların
Zəhmətinin təntənəsi.
Adı düşüb nəğmələr,
Sorağı hər yana çatıb.
Qəhrəmandır övladları,
O şöhrətə, şana çatıb.
Addımlayır al Günəşə,
Çox zəfərlər çalasıdır.
Odlar yurdu – Azərbaycan
Səadətin qalasıdır.
Həqiqətin qalasıdır.

28 may 1982