Azərbaycana məktub

Belorus şairi Rıqor Borodulinə

Salam yetir, əziz dostum,
Salam yetir, sən dağlara.
Könlüm çoxdan heyran olub
Sizin sərin yaylaqlara.

Min həsrətlə səsləyirmi,
Məni yenə o çöl, çəmən?
İncitmişəm lalələri,
İncitmişəm otları mən.

Axı necə yad etməyim,
Yaddaşıma köçürdüyüm,
Könül açan, qəlb oxşayan
Nəğmələri, notları mən.

Çox mənzilə çatdırıbdır
Dünən orda məni yollar.
Nə hikmətdir yayda belə,
Yatır qalır zirvədə qar?

Gözləyirəm məktubunu,
Yaz, qardaşım, yaz, ay Əli.
Əfsanədir, möcüzədir
Sən çaldığın saz, ay Əli.

Yeddi rəngə çalır, dostum,
Orda iqlim bircə anda.
Neçə-neçə əfsanə var
Bakımızda, o məkanda.

Durub nəfəs dərmişəm mən,
Dolaylarda, yoxuşlarda.
Saçlarıma daraq çəkib,
Dağ yelləri dünən orda.

Qonaq üçün darıxıbmı
Yaşıl meşə, xalı, yamac?
Məni yaman sehyrləyib,
Uçan qartal, ötən turac.

Həzin nəğmə bəstələyir
Coşğun çaylar, şəlalələr.
Nələr duydum, dostum, inan
Yurdunuzdan nələr, nələr?

Yaraşıqlı Sumqayıtı
Bir də görmək istəyərdim.
Qucağında məskən salıb,
Ömür sürmək istəyərdim.

O şəhərə vurulmuşam,
Heyran edib çoxdan məni.
Gözləmirmi Rıqor kimi
Saqqallı bir tələbəni?

Yaz, ağsaçlı, müdrik, qədim,
Şan-şöhrətli Gəncədən yaz!
Göy göl, Kəpəz tamaşadır,
Baxmaq ilə doymaq olmaz!

Çox istərdim bir də gəzim,
Allı-güllü Lənkəranı.
Ona bənzər cənnət diyar,
Ona bənzər məkan hanı?

Sanki mərcan adasıdır
Əfsanəvi Neft daşları.
Göy Xəzərin nemətidir
«Qara qızıl» – elin varı.

Qulağımda əks olunur
Dalğaların həzin səsi.
Burda tamam birləşibdir
Dəniz ilə göy qübbəsi.

Hərdən yaman çulğalayır,
Üzür məni qərib həsrət.
Səndən məktub gözləyirəm,
Gecikdirmə, Əli Vəkil.
Sarsılmazdı dostluğumuz,
Keçsə də ay, keçsə də il.

O torpaqda bitir yalnız
Dəmirağac, qaraağac.
Gah dumandan, gah çəndəndir,
Dağlarının başında tac.

Hər tərəfdə göz oxşayır,
Nar bağları – nar ağacı.
Sovuşubdur ürəklərdən
Yurdunuzda ağrı, acı.

Sənin ilə qoşa gəzdim
O torpağı qarış-qarış.
Gəl qonaq ol bizim elə,
Gözlərimiz yolda qalmış.

Min həsrətlə, intizarla
Gözləyirəm, gəl, ay Əli.
Hər addımda görəcəksən
Torpaq sirli, möcüzəli.

Gəl ilham al meşələrdən,
Qorxma, dostum, qışda qardan.
Dinlə bizim nəğmələri
Yaxınlardan, uzaqlardan.

Gəl, şair dost, gəl dolaşaq,
Gəl seyr edək burda çəni.
Azərbaycan şairitək,
Sevindirək burda səni.

Doğmaları qarşılayır
Bizim ellər min hörmətlə.
Qonaq gedək BelAZ-a da,
Deyək, gülək məhəbbətlə!

10 iyun 1975