Əbədiyaşar dahi

 

 

 

 

ƏLİ VƏKİL

Əbədiyaşar dahi

(poema)

 

 

 

Bakı
Azərbaycan Dövlət Nəşriyyatı – 2019

Redaktoru: İslam Sadiq
Ön sözün müəllifi: Fəxrəddin Meydanlı

Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu)
«Əbədiyaşar dahi» poema dastan

 

 

Əsər Azərbaycanın memarı, millətin xilaskarı, Ulu Öndər, Heydər Əliyevin mənalı ömür yoluna həsr olunmuşdur. Elini, obasını, Odlar yurdunu canı qədər sevən ağsaqqal şair Əli Vəkilin «Əbədiyaşar dahi» poeması çoxsaylı oxucular tərəfindən hörmətli qələm sahibinin şah əsəri sayılacaq. Həm də ona görə ki, Heydər Əliyev özündən sonra Azərbaycana dünya şöhrətli prezidentlər sırasında layiqli yer tutan İlham Əliyevi hədiyyə vermişdir.

Fəxrəddin MEYDANLI

 

 

Ön söz əvəzi

HEYDƏR ƏLİYEV: – dünyada elə bir məmləkət olmaz ki, orada bu adı, bu böyük ünvanı tanımamış olsunlar.
Böyük türk dünyasına, keçmiş sovetlər məkanına gəldikdə isə, bu ad hər kəsə əziz və həm də doğmadır.
Həyatda bəzi valideynlər layiqli övladları ilə tanındığı kimi, millət, xalq, torpaq da öz layiqli yetirmələri ilə tanınır.
Qədim Azərbaycan dövlətləri olsa da, onlar sonralar süquta uğramış, Azərbaycan dövləti XX əsirin ikinci onilliyində isə yenidən bir müstəqil demokratik dövlət kimi parlasa da, ömrü uzun çəkməmiş və sovetlər birliyinin bir müstəmləkəsi kimi 70 il əsarət altında qalmağa məhkum olmuş və bu illər ərzində pambığı, nefti, digər qiymətli qazıntıları, kənd təsərrüfatı məhsulları və s. su qiymətinə əlimizdən alınsa da, ötən əsrin 60-cı illərin sonlarında hakimiyyətə gələn və hakimiyyətdə olduğu 13 il ərzində Azərbaycanın adını qismən də olsa dünya arenasına çıxarmağı bacaran, Azərbaycan iqtisadiyyatını ən yüksək nöqtəyə qaldıra, ölkə vətəndaşlarının maddi-rifah halını yüksəldə bilən məhz Heydər Əliyev olmuşdur.
Azərbaycan iqtisadiyyatına töhvə verilən neçə yeni-yeni modern müəssisə və təşkilatlar da məhz bu 13 ilin payına düşür.
Sonrakı daha 5 ili isə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi ali bir vəzifədə olduğu dövrlərdə də o, böyük ölkənin böyük başçılarının hamısının bir yerdə görə bilmədiyi qlobal işləri görə və bununla da, Azərbaycan övladının nələrə qadir olduğunu əyani şəkildə ortaya qoya bildi.
Sovet rəhbərlərinin, xüsusən də M.S.Qorbaçovun qısqanclığı nəticəsində tutduğu vəzifədən kənarlaşdırılanda da, bir müddət işsiz qalaraq Moskvada ev şəraitində yaşasa da, o ruhən sınmadı, əzəməti sarsılmadı, elə böyük Heydər Əliyev kimi qaldı da…
Ötən əsrin 80-ci illərinin axırları, 90-cı illərinin əvvəllərində SSRİ tərkibinə daxil olan 15 respublika kimi Azərbaycan da öz müstəqilliyini elan edən zaman düşdüyü siyasi və iqtisadi çətinliklərin üzərinə Ermənistan – Dağlıq Qarabağ məlum problemləri də gələndə, ölkədə hərci-mərcilik baş alıb gedəndə, ölkə başsız başçıların fəaliyyətsizliyi sayəsində vətəndaş müharibəsi ərəfəsində olanda, xalqın çağrışı ilə yenə imdada gələn-ölkə rəhbərliyini bir ağır yük kimi çiyninə görürərək, tezliklə ictimai-siyasi stabillik yaradan, Qarabağ cəbhəsində atəşkəsə nail olan, Azərbaycanın adını qısa zaman kəsiyində dünya dövlətləri sırasına yaza bilən də elə Ulu Öndər oldu…
Dahi insanlar yetirmiş Naxçıvanda sadə dəmiryolçu ailəsində dünyaya göz açmış, bu torpaqdan boy alaraq zirvələr fəth etmiş Heydər Əlirza oğlu Əliyev barəsində, onun həyat və yaradıcılığı, siyasi fəaliyyəti, qeyri-adi bir insan olaraq fərdi xüsusiyyətləri barədə çoxsaylı əsərlər yazılıb, yazılır və yazılmaqdadı.
Tanınmış Azərbaycan şairi Əli Vəkilin “Əbədiyaşar dahi” adlandırdığı poeması da, bu qəbildən olan əsərlərdən olmaqla, Ulu Öndərin doğulduğu gündən, dünyasını dəyişdiyi günədək olan dövrü və Onun yaratdığı milli konsepsiyaya uyğun olaraq ölkəmizin sonrakı dövrlərdə də artan dinamika ilə inkişafını özündə ehtiva edən sanballı bir ədəbiyyat nümunəsidir.

Poema 24 bölmədən:- “İlin gözəl çağında”, “Ağıllı seçim”, “Acı xəbər”, “Tarixi bəyanat”, “Amandı”, “Son çıxış”, “Ən müqəddəs yer”, “Gözlədi”, “Anım yeri”, “Əl saxlayın”, “Heydər Əliyevdir “İlin adamı””, “Heykəlləşdi özü də”, “Ziyarətgah”, “Bağışla məni”, “Heydər Əliyevlə vidalaşma”, “Klivlenddə”, “İlahi məhəbbət”, “Əbədi”, “Səndə”, “Unutmarıq biz”, “Millətin”, “Mərd atanın mərd oğlu”, “Rəsmi qarşılanma” və “Bu sarayı bir zaman tikdiribdir o dahi” – ibarətdir.

İyirmi üçüncü ildə – Naxçıvan torpağında,
May ayının onunda, ilin gözəl çağında.

Azərbaycan adlanan ölkənin qucağında,
Dünyaya körpə gəldi Əlirza ocağında…

misraları ilə başlayan əsərin elə ilk baxışdan səmimi duyğularla aşılandığı aydın görünür.
Bildiyimiz kimi, Heydər Həliyev 1923-cü ilin may ayının 10-da Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda sadə və əməksevər bir ailədə – dəmiyolçu Əlirza kişinin ailəsində dünyaya göz açıb və elə onun uşaqlıq-yeniyetməlik illəri, təhsilinin ilkin mərhələsi də məhz bu şəhərdə keçmişdir.
Kiçik Heydər hələ erkən çağlarından öz fəallığı, çevikliyi, nizam-intizamı, dərslərinə hazırlığı və davamiyyəti ilə həmyaşıdlarından xeyli fərqlənirdi.

…Hələ heç kəs bilmirdi sabahkı öndərdi o,
Məmləkətin dayağı, dahi bir rəhbərdi o.

Bilmirdilər bu körpə dünyaya səs salacaq,
Qitələrdə tanınıb, elin fəxri olacaq.

Kimsə bilmirdi onda xalqın Heydəri gəldi,
Böyük Türk Dünyasının Böyük Öndəri gəldi…

deyən Əli Vəkil qədim Azərbaycan torpağı olan Göyçədə doğulub, boya-başa çatmış, İrəvanda öz dilimizdə ali təhsil almış, o dogma dilimizlə yanaşı, mənfur qonşularımızın da dilini mənimsəyərək, ədəbi dildə onların özündən yaxşı danışdığından, uzun müddət İrəvan radiosunun əməkdaşı olmuş, hər gün azərbaycan dilində canlı yayımlanan Xəbərlər proqramının daimi aparıcısı olmuşdur.
Hətta o bir dəfə proqramı açarkən “Danışır Yerevan” demək əvəzinə “Danışır Bakı” desə də, radio rəhbərliyinin təkidlərinə baxmayaraq, o bunu radio dalğalarında rəsmi şəkildə təkzib etməkdən imtina etmişdir.
Çoxsaylı kitablar-əsərlər müəllifi olan Əli Vəkil uzun müddət Bakıda “Ədəbi İrəvan” nəşrinə rəhbərlik etməklə yanaşı, bu nəşri öz hesabına reallaşdıraraq ədəbi ictimaiyyətə təqdim etməkdən qürur duymuşdur.
Hazırda ahıl yaşlarında olan müqtədir şairimiz yenə də yaradıcılığını davam etdirməklə, Ulu Öndərimizin qarşıdan gələn 95 illik yubileyinə (2018) ərməğan olaraq “Əbədiyaşar dahi” adlı möhtəşəm bir poemanı yazaraq Heydər Əliyev şəxsiyyətinə öz hörmət və ehtiramını, tükənməz sevgisini bildirməyə çalışmışdır.
Əli Vəkil öz poemasında Heydər Əliyev fenomeninin siyasi portretini çəkməyə nail olmuşdur desək, fikrimcə yanılmarıq:

…Tanıdacaq dünyada doğma Azərbaycanı,
Odlar Yurdu olacaq sabah şöhrəti, şanı.

Çıxacaqdır neftimiz dünya bazarlarına,
“Əsrin müqaviləsi” ruh verəcəkdir ona.

Bakı-Tbilisi-Ceyhan yeni neft kəmərləri,
Hər ölkənin öz payı, hər ölkənin öz yeri…

Doğrudan da, Heydər Əliyevi Rəbbimiz Azərbaycan torpağına bir günəş nuru kimi göndərmiş, Onu bu xalqa xilaskar seçmiş, Ona bəxş etdiyi tükənməz fiziki və mənəvi enerjisi ilə və təbii ki, öz torpağına, öz millətinə olan əskilməz sevgiləri ilə, Ona hər kəsin ürəyində əbədiyaşar bir məhəbbət də yaratmağı nəsib etmişdir.
Moskvanın – M.S.Qorboçovun mənfur qərarı ilə 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıya daxil olaraq dinc əhalini qətlə yetirəndə, şəhəri güllə-baran edəndə, bunu eşidən Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, haqq səsini ucaltdı, Kommunist Partiyasının biletini yerə atmaqla bu partiyaya, onun başında dayananlara qarşı etirazını bildirdi və bununla da Moskvanı ailəsiylə tərk edərək, dogma Naxçıvana qayıtdı…
Bütün bunlar isə Əli Vəkil təxəyyülünün süzgəcindən keçərək kövrək poeziya nümunəsinə çevrildi.

…O şənbə gecəsi yüz otuz iki şəxs,
Qoca, qadın, cavan, uşaq – öldülər.
Qan töksə də, cəza almadı heç kəs,
Günahsızlar düşmənsayaq öldülər.

Yaralanan, itgin düşən çox oldu,
Qaniçənlər unutdular Allahı.
Əsrin “Bakı faciəsi” doğuldu,
Tanımadı qəlbi daşlar Allahı.

Soyqırıma – cavab verən olmadı,
Ağrımadı Qorbaçovun ürəyi.
Öndə gedən, yol göstərən olmadı,
Heydər Əliyevdi elin gərəyi.

Ucaltdın səsini gələrək ora,
Cinayətdən söhbət açdın cahana.
Divan tutulubdur günahsızlara,
Dünya nəzər salsın Azərbaycana.

Sarsıldı eşitcək, faciəmizdən,
Tərk etdi paytaxtı, döndü elinə –
“Yox, darda qoymaram öz yurdumu mən”,
Düşdü adı, düşdü xalqın dilinə.

Doğma eldə – Naxçıvanda yaşadın,
Bu kiçik diyara rəhbər seçdilər.
Azərbaycan! Keşiyində bu adın
Dayandın əsgərtək keçdikcə illər.

Sən Ali Məclisin sədri seçildin,
Odlar diyarıdır şöhrətin, şanın.
Üçrəngli bayrağı gətirin, dedin-
Dövlət atributu Azərbaycanın…

Heydər Əliyev Naxçıvana gələn zaman, bu bölgəmiz blokada vəziyyətində olmaqla yanaşı, enerji qıtlığından, ərzaq məhsulları və digər zəruri şeylərin qıtığını çəkirdi Naxçıvan camaatı.
Heydər Əliyyevin Türkiyə və İran rəhbərlikləri ilə təmasa girməsi və onun şəxsiyyətinə olan böyük hörmət və rəğbətin nəticəsi olaraq, bu bölgə bütün zəruri şeylərlə təmin olundu qısa bir vaxtda…
Heydər Əliyev ötən əsrin 90-cı illərində ölkə əhalisinin böyük əksəriyyətinin maddi-rifah halının son dərəcə gərgin olduğu bir zamanda, uçurumun kandarında olan, iqtisadi cəhətdən çox zəifləmiş Azərbaycana, xalqın təkidli çağrışı ilə ikinci dəfə hakimiyyətə gələrək, kiçik zaman kəsiyində bir çox problemin həllinə nail olmaqla yanaşı, perspektivli layihələrə də imza ata bildi.
Əli Vəkil öz əsərində, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsini aşağıdakı poetik duyğularla qələmə almışdır.

…Prezident kürsüsü layiqdir ona,
Durna da başçısız olmur havada.
Xalq ümid bəslədi müdrik oğluna,
Dahi Heydərimiz yetişdi dada.

Azəri xalqının doğru seçimi,
Milyonlar sözünü vaxtında dedi.
Tanıdı Heydəri mərd rəhbər kimi,
Yenidən Bakıya dəvət eylədi.

Gəldi, bu millətin ər oğlu, gəldi,
Gəmini çıxardı fırtınalardan.
Elin havadarı, nər oğlu gəldi,
Qəddini düzəltdi Azəribaycan…

…Ölkəni qorudu təhlükələrdən,
“Heydər ata”, “Heydər baba” deyirlər.
Can verən dövləti qaldırdı yerdən,
Ömrü sığmaz hər kitaba, deyirlər…

Heydər Əliyev cənabları Ölkəni 1993-cü ildə bütün göstəriciləri ilə 0-10% dərəcələri arasında qəbul etmişdisə, hakimiyyətdə olduğu 10 il ərzində bu faiz artıq 90-ı keçmişdi.
Düşünürəm ki, 80 yaşında dünyasını dəyişən Ulu Öndərimizin 80-ci illərin Moskva həyatı olmasaydı, O 100 illik yubileyini də öz sağlığında – öz xalqı ilə qeyd edəcəkdi…

Okeanın o tayından bəd xəbər
Gəldi, qılıncını çəkdi, nə çəkdi.
Qəmə batdı Odlar yurdu sərasər,
Qüssədən Xəzər də göz yaşı tökdü.

Həsrət ilə gözləyirdik yolunu,
Gəlişinə neçə qurban demişdik.
Unudarmı millət dahi oğlunu?
Sağ-salamat qayıdasan, demişdik.

Uzun ömür diləyirdi el sənə,
“Tanrı, onu özün qoru”, -dedilər.
Əl açdı göylərə xalq dönə-dönə –
“Çox çəkməz, inşallah sağalıb gələr”…

Bəli, Heydər Əliyevin – Ulu Öndərin bizi – Azərbaycan xalqını tərk etməsi, çox böyük – heç nəylə əvəz olunmayacaq bir itgidir. Bu dövlətin, xüsusən də müstəqil Azərbaycan dövlətinin adı Onun adı ilə bağlıdır. O Yeni Azərbaycan dövlətinin yaradıcısı, qurucusu və memarıdır – bu, dünyada mübağiləsiz şəkildə qəbul olunmuş bir məfhumdur.
Amma bu itgi daha ağır ola bilərdi, əgər Ulu Öndərimiz özünə layiq bir varis qoymasaydı bizimçün.
Bu itgi daha nisgilli itgi ola bilərdi, əgər Ulu Öndərin Azərbaycan dövlətçiliyinin keşiyində, elə Onun özünə bərabər yetkin bir insan dayanmasaydı.
Bu itgi özünü daha qabarıq şəkildə biruzə verərdi, əgər Onun strukturunu qurduğu Azərbaycan iqtisadiyyatı artan yekunla, dinamik göstəriciləri ilə bugünkü səviyyəyə çatmasaydı…
Bəli, Heydər Əliyevin bu xalq, bu millət üçün varis qoyduğu bir çox maddi-mənəvi dəyərlər var və bu təkzibolunmaz bir faktordur. Amma, Azərbaycan Prezidenti, cənab İlham Əliyev onun şah əsəridir.

…Əməlin, ənənən örnək olubdur,
Çoxları həyatda dərs alıb səndən.
İlhamın anadan mərd doğulubdur,
Daim ilham alır öz Vətənindən…

deyən Əli Vəkil, Heydər Əliyev cənablarının əməllərinin bir çoxlarına örnək olmasını dilə gətirməklə, Özü kimi bu xalqa mərd və vətənpərvər bir övlad bəxş etdiyini peşəkarcasına önə çəkir.
Əli Vəkilin dediyi kimi, Azərbaycan dövləti, onun dövlətçiliyi, ərazi bütövlüyü, millətin taleyi, Ölkənin siyasi və iqtisadi durumu, perspektiv məsələləri doğrudan da səriştəli əllərdədi. Və böyük əminliklə demək olar ki, öndə gələn illərdə Azərbaycanın gələcəyi daha da ürəkaçan, gözoxşayan, xalqın isə maddi-rifah halı daha da qənaətbəxş olacaqdır.
Azərbaycan ədəbiyyatının ağsaqqallarından olan, gözəl şairimiz, son dərəcə səmimi və mehriban insan Əli Vəkilin “Əbədiyaşar dahi” poeması, hesab edirəm ki, Heydər Əliyev cənablarının – Ulu Öndərimizin 95 illik yubileyinə dəyərli töhfədir.
Əli Vəkilin bu əsəri Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən dəyərincə qarşılanacağına və qiymətləndiriləcəyinə əminliyimi bildirməklə, Ulu Öndərimizə Uca Tanrımızdan rəhmətlər diləyir, nur içində yatmasını arzu edirəm.
Müəllifi isə bu dəyərli və aktual əsəri münasibətilə səmimi qəlbdən təbrik edir və ona davamlı yaradıcılıq uğurları diləyirəm.

25.11.2017-Bakı

 

 

 

İlin gözəl çağında

İyirmi üçüncü ildə – Naxçıvan torpağında,
May ayının onunda, ilin gözəl çağında.

Azərbaycan adlanan ölkənin qucağında,
Dünyaya körpə gəldi Əlirza ocağında.

Ata üçün, ay Allah, bir qardaş da doğuldu,
Hamı qəlbdən sevindi, ata, ana şad oldu.

Təbrik edən çox idi məğrur İzzət ananı.
Övladına uğurlu xoş gələcək ananı.

Az qalırdı ki, uçsun o gün Əlirza ata,
Yeni oğul övladı göz açmışdı həyata.

Adi evdə doğulan adi bir körpə idi,
Dahinin gəldiyini el haradan biləydi?

Bilsəydi dahi gəlir, bayram edərdi o gün,
Qurbanlar da kəsərdi xilaskar oğlu üçün.

Azərbaycan bilsəydi, hamını səsləyərdi,
Dahi Öndər doğuldu, alqışlayın, deyərdi.

Haradan biləydilər ötüb keçəcək zaman,
Türkün lider oğlunu tanıyacaq bu cahan.

Haradan biləydilər Azərbaycan quracaq,
Özü memarı olub keşiyində duracaq.

Haradan biləydilər çətin anda milləti
Səsləyəcək Öndəri – gəl qoru məmləkəti.

Haradan biləydilər Moskvada namərdlər
Ona tor quracaqlar, nələr görəcək, nələr?

Bilmədilər o uşaq xalqın xilaskarıdır,
Doğma Odlar yurdunun fəxri, iftixarıdır.

Haradan biləydilər Naxçıvanda doğulub,
O, millətin dahisi, məmləkətin dahisi.

Haradan biləydilər doğma məkan adlanan,
Azərbaycan adlanan bir cahanda doğulub.

Yaşasın, qoy boy atsın, olsun bəxtəvər, Allah,
Ad içindən ad seçib, Heydər dedilər, Allah.

Hələ heç kəs bilmirdi sabahkı öndərdi o,
Məmləkətin dayağı, dahi bir rəhbərdi o.

Bilmirdilər bu körpə dünyaya səs salacaq,
Qitələrdə tanınıb, elin fəxri olacaq.

Kimsə bilmirdi onda xalqın Heydəri gəldi,
Böyük Türk Dünyasının Böyük Öndəri gəldi.

Bilmədilər haçansa səsləyəcək Moskva,
Kremldə yerin var, gəl, -deyəcək Moskva.

Onun gələcəyindən kimin xəbəri vardı?
Bilsəydilər dahidi, Vətən qarşılayardı.

Millətin xilaskarı mayın onunda gəldi,
Peyğəmbər övladıydı, mələk donunda gəldi.

Nə biləydilər axı, o, dahi şəxsiyyətdi,
Böyük dövlət xadimi, ilahi şəxsiyyətdi.

Bilmirdilər ki, sabah adı dildə gəzəcək,
Olub elin öndəri, neçə eldə gəzəcək.

Neçə-neçə qitədə tanıyacaq el onu,
Gözləyəcək ölkələr Azərbaycan oğlunu.

Bir gün xilas edəcək öz yurdu Naxçıvanı,
Nur saçacaq yoluna əzmi, təmiz vicdanı.

Tanıdacaq dünyada doğma Azərbaycanı,
Odlar Yurdu olacaq sabah şöhrəti, şanı.

Çıxacaqdır neftimiz dünya bazarlarına,
“Əsrin müqaviləsi” ruh verəcəkdir ona.

Bakı-Tbilisi-Ceyhan yeni neft kəmərləri,
Hər ölkənin öz payı, hər ölkənin öz yeri.

Onlar hardan biləydi bir fenomen doğulub,
May ayının onunda xalq dahi öndər bulub.

Xalq haradan biləydi, Heydər Əliyev adı
Bir gün məftun edəcək doğma xalqını, yadı.

El-obası bilsəydi, toy-bayram edərdilər,
Onun ziyarətinə – görməyə gələrdilər.

Kimsə bilmirdi hələ, öz uşaq dünyası var,
Sabah onun adıyla fəxr edəcək bu diyar.

Bilmirdilər, haçansa üz tutacaq el ona,
Çətin anda dönəcək doğma Azərbaycana.

El deyəcək yurduna batmaqda olan gəmi,
Kapitanı olmayan, köməksiz qalan gəmi.

Sən öndəri, lideri, dahisi oldun yurdun,
Səfərini, ömrünü birlikdə başa vurdun.

Cənazənin dalınca İlham oğlun yeridi,
O, dövlətin başçısı, yurdunun əsiridi.

Nəvələrin, gəlinin səni qarşıladılar,
Millətin Heydərinə sonsuz məhəbbəti var.

İnsanlardı yol boyu Binədən şəhərədək,
Hamı rəhmət dilədi, ağlayıb yaş tökərək.

Dekabrın on dördü Vətənə döndüyün gün,
Darıxacaq müxbirlər Heydər Əliyev üçün!

14 dekabr, 2003

 

 

 

Gözlədi

Ulu Öndər Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə gəlməsi münasibətilə

Yaman qəribsədi bu torpaq sənsiz,
Darıxır hər bucaq, hər ocaq sənsiz,
Keçdi yad əllərə Qarabağ sənsiz,
Murov əl elədi, Qoşqar gözlədi,
Bahar övladını bahar gözlədi.

Bu yurdun dərdini çəkən övladı,
Düşmənin gözünü tökən övladı,
Dizini, qəddini bükən övladı,
Mərd oğul itirən ana gözlədi,
Baxıb yola, yana-yana gözlədi.

Arxanca nə qədər böhtan dedilər,
Hədyan söylədilər, hədyan dedilər,
Bədxahlar yüz kərə yalan dedilər,
Qəlbi təmiz neçə insan gözlədi,
Əməkçi gözlədi, çoban gözlədi.

Kəlbəcər harayı, Laçın naləsi,
Göylərə ucaldı Şuşanın səsi,
Şəhid Xocalımız – el faciəsi,
Çadır şəhərciyi, qaçqın gözlədi,
Didərgin gözlədi, köçkün gözlədi.

Satqınlar çoxalıb meydan suladı,
Hamıya məlumdur onların adı,
Öz dahi oğlunu el unutmadı,
Göz dikib yollara hər an gözlədi,
Muğan gəl-gəl dedi, Şirvan gözlədi.

Sərkərdə saymırlar hər sərkərdəni,
Vətən gözləyirdi ər sərkərdəni,
Gəldin salamladın hər sərkərdəni,
Mətin komandanı ordu gözlədi,
Babəklər, Nəbilər yurdu gözlədi.

Sevərək nazını çəkdiyin diyar,
Qurub-yaratdığın, tikdiyin diyar,
Qoynunda gül-çiçək əkdiyin diyar,
Səni sükançısı bilib gözlədi,
Gözünün yaşını silib gözlədi.

Gəldin, Heydər baba, nə yaxşı gəldin,
Sevindi yurdunun hər daşı, gəldin.
Ellərin həmdəmi, sirdaşı gəldin,
Bu anı, bu günü zaman gözlədi,
Dedi öz sözünü zaman, gözlədi.

Sükançı yaradıb səni İlahi,
Nəhəngdən nəhəngsən, dahidən dahi.
Elin başbiləni, elin pənahı,
Sənsiz qəribsəyən Bakım gözlədi,
Ürəyi, vicdanı pakım, gözlədi.

10 iyun, 1992

 

 

 

Tarixi bəyanat

Basqınlar, qırğınlar, nə çəkib Vətən?..
Hər qarış torpağı hədəf olubdur.
Nəydi günahımız, Tanrım, görəsən?
Çox arzumuz gözümüzdə qalıbdır.

Harınların, güclülərin hücumu
Az olmayıb tarix boyu, ay Allah!
Qanlar axıb toplasam da gücümü,
Yasa dönüb elin toyu, ay Allah!

Sovetlər birliyi doxsan birədək,
Boynumuzda boyunduruq, yaşadıq.
Axıb getdi sərvətimiz bir ətək,
Çarəsizdik, biz “dost-druq” – yaşadıq.

Qırx bir-qırx beş, oldu Cahan Savaşı,
Altı yüz min övlad getdi cəbhəyə.
Vurdu komandirlər deyib “yoldaş”ı,
Neftimizi xalq yeritdi cəbhəyə.

“Azərbaycan diviziyası” yarandı,
Mehdimiz, Həzimiz qorxmaz qəhrəman.
Hamının qəlbində qələbə andı,
Geri qayıtmadı üç yüz min insan.

Sadiq qardaş oldu düz yetmiş bir il,
Əməl etdik hər sözünə Kremlin.
Saymaqla, deməklə qurtaran deyil,
Ağ olmadıq biz üzünə Kremlin.

Bunları bilmirdi Qorbaçov məgər?
İlk hədəfi Heydər Əlirza oğlu.
Yeritdi Bakıya minlərlə əsgər,
Qırdılar insanı, kəsdilər yolu.

Öncə baş katibin səhv siyasəti
Heydər Əliyevi qəzəbləndirdi.
Onunla işləyə bilməzdi qəti,
Etiraz edərək istefa verdi.

Oktyabr ayında – səksən yeddidə,
MK-da Plenum – Heydər çıxışı.
Kreml Sarayında – səksən yeddidə,
Tənqidi sözləri rəhbərə qarşı!

Su tökdü erməni dəyirmanına,
Nələr demədilər adına onun.
Girdi çəkinmədən hey dondan-dona,
Qarabağ – saldılar yadına onun.

Hədiyyə verməyi qərara aldı,
“Yan”lar unutmadı “yağlı” vədini.
Tədbirlər görməyi qərara aldı,
Erməni bildirdi öz məqsədini.

Siyasi Bürodan getdin, Heydərim,
İstək məlum oldu bir ay keçməmiş.
“Qarabağ bizimdir – şad xəbər verim”,
Aqambekyan bunu Parisdə demiş.

Noyabr ayında səksən yeddidə
Görkəmli xadimin yeri göründü.
Qəzəbindən heç bilmədi nə edə,
Bədxahların hiylələri göründü.

Qorbaçovun təqibləri iki il –
Moskvada nələr gördü Heydərim.
Onu ləkələmək, bu, mümkün deyil,
Məşəqqətli ömür sürdü Heydərim.

İftira, böhtanlar nə qədər desən,
Mərkəzi qəzet də ağ yalan yazdı.
Vardı qara yaxan, hey asıb-kəsən,
Mənliksiz, vicdansız çox nadan yazdı.

Hər an gözləyirdi səni təhlükə,
Əzmin, cəsarətin köməyin idi.
Onsuz da al günəş götürmür ləkə,
Şər işə düşsə də, kara gəlmədi.

Təqib etdi gizli orqan Heydəri,
Fikirdən, qəzəbdən olmuşdu xəstə.
Canından keçərdi eldən ötəri,
Amma sanki qəfəsdəydi, qəfəsdə.

İş vermədi ilahi bir dahiyə,
Hədəf seçdi Heydər oğlu İlhamı.
Xəyanət yolunu tutmuşdu niyə?
İtirirdi hörmətini, inamı.

Dünyada tanınan ali məktəbin
İlham da hörmətli müəllimiydi.
Vardı Qorbaçovun ürəyində kin,
Bu işdə oğulun günahı nəydi?

Altı ay boş qaldı İlham müəllim,
Ürək-dirək verdi atası ona.
Xəyallara daldı İlham müəllim,
İnana bilmədi özü də buna.

Kinli Qorbaçovun qəlbi qaraydı,
Əlbir-dilbir oldu ermənilərlə.
Yanlış addımını qanuni saydı,
Odlar diyarına qurdular tələ.

Dayandı meydanda Heydər Əliyev,
Dayandı, tablaşdı iki il nər tək.
Sevildi hər yanda Heydər Əliyev,
Fəqət zərbələrdən sarsıldı ürək.

Dağlıq Qarabağda tökülən qanlar,
Narahat edirdi dahi xadimi.
Qovuldu yurdundan doğma insanlar,
Düşündü elini igid ər kimi.

Doğma Bakımızı hədəf seçdilər,
Qanlı bir layihə cızdı qatillər.
Ordunu yeritmək – ölçüb-biçdilər,
Aman Allah, nə qansızdı qatillər.

Şaxtalı qış günü – iyirmi yanvar,
Qan tökdü Bakıda sovet ordusu.
Güllələrə hədəf oldu insanlar,
Dünya bundan baş açmadı doğrusu.

Xalqımızdan qisas aldı Qorbaçov,
Vəzirov baş əydi, səs verdi ona.
Yurdumuzu oda saldı Qorbaçov,
Zərbə endirdilər Azərbaycana.

MK-nın birinci katibi qaçdı,
Getdi Moskvaya, getdi Vəzirov.
Vətənin başına oyunlar açdı,
Ən böyük cinayət etdi Vəzirov.

“Erməni qayıdıb” – deyə söz açdı,
Qorbaçovun sağ əliydi Bakıda.
Ordunu çağırdı, özüsə qaçdı,
Şəhidlərlə ölməliydi Bakıda.

Bir yüz otuz iki insan məhv oldu,
Qoca, cavan, qadın, uşaq – öldülər.
Günahsızlar sinəsindən vuruldu,
Dəhşət budur, düşmən sayaq öldülər.

Yaralanan, itgin düşən çox oldu,
Qaniçənlər unutdular Allahı.
Əsrin “Bakı faciəsi” doğuldu,
Tanımadı qəlbi daşlar Allahı.

Yeridi Bakıya sovet ordusu,
Günahsız insanın qanı töküldü.
Hasil oldu Qorbaçovun arzusu,
Bu qırğına Vəzirovla bir güldü.

Saat on ikidə hamı yuxuda
Tanklar, toplar, BMP-lər gurladı.
Odlar yurdu niyə bəs düşdü oda?
Ərşə yetdi ana, bacı fəryadı.

Erməni mənşəli əsgərlər gəldi,
Qisas aldı onlar günahsız eldən.
Susdurdular kim ki, qalxdı, dikəldi,
Qaçammadıq güllələrdən, yad əldən.

Susduruldu məktəbli də, körpə də,
Şəhər viran qaldı, insan qırıldı.
Belə qırğın görünməyib heç vədə,
Uşağın beşikdə bağrı yarıldı.

Soyqırımı – cavab verən olmadı,
Ağrımadı Qorbaçovun ürəyi.
Öndə gedən, yol göstərən olmadı,
Heydər Əliyevdi xalqın gərəyi.

Enerji bloku partladılmışdı,
İşləmirdi, yoxdu televiziya.
Ölkədə insanlar çaş-baş qalmışdı,
Bilmirdi üz tutsun kimə, haraya.

Radioda qəmli ötən tar idi,
Nalə səsi Kamil çalan qaboyun.
Doğma Bakı tamam tarimar idi,
Hıçqırığı yadda qalan qaboyun.

Ağlayırdı Habil çalan kaman da,
Yasda bizə gərək imiş tar, qaboy.
Dərdli idi haray salan kaman da,
Nə yaxşı ki, var kamança, var qaboy.

Azərbaycan – xəbər blokadasında
Dünya bixəbərdi faciəmizdən.
Qəlbi dilə gələn elin yasında
Xalqın harayına sən yetişdin, sən.

Evə qapanmışdı eldən narahat,
Zərbələrdən sarsılmadı o heyhat.
Ulu Öndər, sınadı səni bu həyat,
Eli yada çox salmışdın onsuz da.

Tarixi bəyanat – nümayəndəlik –
Qırğının səhəri sən gəldin ora.
Faciə nə ağır, dərdin nə böyük,
Üz tutdun inamla söz yayanlara.

Qorxuluydu, oynayırdın od ilə,
Səni çəkib cəsarətin gətirdi.
Çiling-ağac oynayırdın yad ilə,
Əzmin, sevgin, qətiyyətin gətirdi.

Ölümü gözünün altına aldın,
Bu ki ən qorxulu bir addım idi.
Moskvadan bu dünyaya səs saldın,
Eşidənlər sənə qibtə edirdi.

Ucaltdın səsini gələrək dilə,
Cinayətdən söhbət açdın cahana.
Divan tutulubdur, günahımız nə?
Dünya nəzər salsın Azərbaycana.

Budur Moskvanın bəd əməlləri,
Nəydi körpələrin, nəydi günahı?
Bir-bir hədəf edir “qardaş ellər”i,
Göylərə ucalır ananın ahı.

Gəldin çıxış üçün, bəyanat üçün,
Dərdliydi ürəyin, qəmliydi üzün.
Dilindən dünyaya yayılan o gün
Darda qalan bir millətin səsiydi.

Aşdı-daşdı qəlbin kini, nifrəti,
Dedin öz sözünü ucadan, qəti,
Qəlbində sonsuzdu el məhəbbəti,
Sənin nitqin məmləkətin səsiydi.

Nahaq qanlar yerdə qalmaz, deyiblər,
Yaz fəslində güllər solmaz, deyiblər,
Dərd olmasa, gözlər dolmaz, deyiblər,
Dediklərin həqiqətin səsiydi.

Evimizdə gəlib niyə qırdılar?
Şair idi, Ülvimizi vurdular,
Xalqa qəfil yaman qan uddurdular,
Dilə gələn ədalətin səsiydi.

Günahsız elimi çox incitdilər,
Beşikdə körpəni hədəf etdilər,
Cinayət törədib, çıxıb getdilər,
Bu, qəzəbin, bu, nifrətin səsiydi.
Bunu Heydər Dədə ərz edəsiydi.
O səs elin, ülviyyətin səsiydi!

10 yanvar, 2004

 

 

Əl saxlayın

İyun, 1993-cü il. Gəncə hadisələri

Amandı, amandı, əl saxlayın siz,
Qardaş da qardaşa əl qaldırarmı?
Soydaşım, eloğlum, nə edirsiniz?
Bu qarşıdurmanın mənası varmı?

Amandı, amandı, düşünün bir az,
Görür öz işini düşmən hiyləsi.
Hədəfə çevrilib tək Azərbaycan,
Heç yana, heç kəsə çatmayır səsi.

Acizdir ağlımız, yaddaşımız da,
Gör nələr baş verir ulu Gəncədə?
Tarixin izi var hər daşımızda,
Niyə bağlayırlar yolu Gəncədə?

Düşmən pusqudadır, məqam gözləyir
Həyata keçirə bəd niyyətini.
Bizi addım-addım güdür, izləyir,
İlandır, tərgitməz xasiyyətini.

Nizami yurdunda dinir güllələr,
Bizi bağışlamaz Dədə Qorqud da.
Alışır güllələr, sönür güllələr,
Meydan verilməsin yağıya, yada.

Qəzəbdən ah çəkir Cavad xan indi,
Elimin, obamın cəngavər oğlu.
Bizə nə deyəcək bu cahan indi?
Üz-üzə dayanıb elin ər oğlu.

Qoymayın öldürsün qardaş-qardaşı,
Düşmənin əliylə şəhid olan çox.
Ayılsın yurdumun hər vətəndaşı,
Ox olaq düşmənin gözlərinə, ox!

Siz Allah, birləşin, yumruğa dönün,
Beş ildir nahaqdan qanımız axır.
Əldə dalğalanan bayrağa dönün,
Qəzəbdən gözümdə ildırım çaxır.

Düşmən dəyirmanı işləyir hər an,
Ona su tökməyək öz əlimizlə.
Qalıb təhlükədə bu yurd, bu məkan,
Ad alaq işimiz, əməlimizlə.

Çevirin silahı qarı düşmənə,
Odla oynamağın zamanı deyil.
Dərs verin, dərs verin barı düşmənə,
Bizi bağışlarmı gələcək nəsil?

Vətənin dözülməz ağır günündə,
Xalqa gərək idi müdrik bir insan.
Yerisin qabağa, dayansın öndə,
Susub diz çökməsin mərd Azərbaycan.

Çağırdı köməyə el öz oğlunu,
Səslədi ağsaqqal Heydər atanı.
Müstəqil olmalı! Seçdi yolunu,
Millətim unutmaz dada çatanı.

Yetirdi özünü xilaskarımız,
Aldı qarşısını nahaq qanların.
Sükançı, başbilən – iftixarımız,
Düzəldi qaməti mərd insanların.

Döndü dahi insan, ali şəxsiyyət,
Doğma Naxçıvandan Bakıya döndü.
Yurd salıb qəlbində qeyrət, qətiyyət,
Söndü qarşıdurma ocağı, söndü!
Fəxrimiz əbədi Bakıya döndü!

İyun, 1993

 

 

Amandı

15-16 oktyabr 2003-cü ildə Bakıda baş vermiş hadisələrin iştirakçılarına və təşkilatçılarına

Dayanın, amandı, əl saxlayın siz,
Eşidib ürəkdən güləcək düşmən.
Doğma Bakımızdır, neyləyirsiniz?
Şuşada ilhama gələcək düşmən.

Axı, nə üçündür bu qarşıdurma?
Sındırırsız əlinizə keçəni.
O, qan qardaşındır, başından vurma,
Tarimar etməyin abad küçəni.

Kimlər təlim verib, kimlər öyrədib?
Daşı, dəyənəyi işə salmayın.
Axı Laçın gedib, Zəngilan gedib,
Sakinləri siz təşvişə salmayın.

Qapıları, pəncərəni qırırsız,
Su tökürsüz düşmən dəyirmanına.
Beş yaşlı uşağı niyə vurursuz?
Balam, deyə nalə çəkir gənc ana.

İyirmi yanvarda nələr gördük biz,
“BMP”-lər, tanklar nərə çəkdilər.
Qan ilə yuyuldu küçələrimiz,
Qan içənlər qanımızı tökdülər.

Deyin, nədir bəs onlardan fərqiniz?
Çatışmayan avtomatlar və tanklar.
Qan tökməyi qət etmisiz yenə siz,
Belə iğtişaşın nə mənası var?

Ermənilər qəsdimizə durdular,
Əliyalın soydaşlarım qırıldı.
Quzğun kimi Bakımıza doldular,
Gör neçə körpənin bağrı yarıldı.

Elə soyqırımı, de, vardı harda?
Qərənfillər qana batdı o gecə.
On beşiylə on altısı oktyabrda
Nələr baş veribdir söyləyim necə?

Hələ qaysaq bağlamayıb yaramız,
Özümüzük vurulan da, vuran da.
Tapdandı beş yaşlı ciyərparamız,
Belə olur düşmən tələ quranda.

Söyləyin, günahı nəydi uşağın?
Milli parka aparırdı anası.
Zərbə gicgahından dəydi uşağın,
Zülmətə çevrildi körpə dünyası.

Onu huşsuz görən halına yandı,
Bəlkə gələcəkdə xadim olacaq?
Baxıb vurhavura hamı usandı,
Bu mənzərə yaddaşlarda qalacaq.

Bəlkə fəxr edəcək bu yurd, bu millət,
Dolaşacaq sabah adı dillərdə?
Göstərəcək hədsiz hünər, cəsarət,
Fəxrimiz olacaq uzaq ellərdə.

Ayaqlar altında tapdanan oğlan,
Bir gün düşmənlərə qənim kəsilər.
Nəfəsi kəsilən, susan, boğulan
Xalqının, yurdunun qədrini bilər.

Meydanda qanına boyanan əsgər,
Qisas almalıdır yaddan, yağıdan,
Qeyrətli, cürətli, cəsur, hünərvər,
Qurtarar torpağı yaddan, yağıdan.

Belə qəddar olmayıbdır faşistlər,
Məhv edildi, sındırıldı hər nə var.
Qeyrətlisiz, cəsursuzsa siz əgər
Yürüş edin, xilas olsun torpaqlar.

Deyin görək, ortaq düşüb nəyiniz?
Bir millətin övladları üz-üzə.
Məhv etməkdi, dağıtmaqdı səyiniz,
Qarşıdurma, iki qardaş göz-gözə.

Vuruşursuz dəyənəklə, daşla siz,
İzdihamın yox məramı, məqsədi.
Oturub danışın ayıq başla siz,
Deyin bilsin barı hamı məqsədi.

Əl saxlayın, dalaşmayın barı siz,
Polis, əsgər öz qardaşın, soydaşın.
Bəs onlara niyə hücum edirsiz?
Mənası yox bu mitinqin, savaşın.

Sındırırsız avtobusu, maşını,
Düşmən mülkü deyil axı, el oğlu.
Yarırsınız hər yetənin başını,
Milli parkın nə günahı, el oğlu?

Fərəhləndi düşmən, güldü uzaqdan,
“Azadlıq meydanı” dəhşətə gəldi.
Bərpa olmaz hər qırılan, hər sınan,
Qışqırdınız, müdhiş səslər yüksəldi.

Bilmədi ki, nə baş verir Baş Meydan,
Sinəsində qardaş qanı töküldü.
Görməmişdi heç bu qədər daş, meydan,
Kədərdən elə bil qəddi büküldü.

Ocaq qalayanlar qaçıb gizləndi,
Aldananlar zindanlara düşdülər.
“Yox, mənim xəbərim olmayıb” – dedi.
Günahsızlar necə tora düşdülər.

Yüzlərlə dinc sakin xəsarət aldı,
Qazancınız doğma elin nifrəti.
Şəhərin mərkəzi lap viran qaldı,
Biabır etdiniz bu məmləkəti.

Gözləri dumanlı dəliqanlılar,
Gözəl Bakımıza niyə qıydınız?
Qarabağ qisası – öndə döyüş var,
Milli parka, gözəlliyə qıydınız.

Yürüşdə ölən var, var maddi ziyan,
Xalqın nifrətinin ölçüsü varmı?
Döyüş meydanını andıdır hər yan,
Belə bir itginin yeri dolarmı?

Daşı ətəyindən tökən olmadı,
Bu da daş yağışı, bu da vurhavur.
Yola gələn, heç əl çəkən olmadı,
Gənclər həbs olundu – nəticə budur.

Meydandan qaçana, gizlənənə bax,
Sözlərindən yaman qaçdı “kişilər”.
Soydaşım, onlara dönə-dönə bax,
Başınıza oyun açdı “kişilər”.

Şirə qalıb dişlərində onların,
İqtidar oldular doxsan ikidə.
Surət təpinəndə qul olanların
Heç birisi bilmədi ki, nə edə.

Mitinqlər, yürüşlər nə verir bizə?
Gərək ağlamasın özü yıxılan.
Yalnız hörmətsizlik gətirir bizə,
Yas da saxlamasın özü yıxılan.

Bakımızda nahaqdan qan tökməyin,
Qarabağım yolunuzu gözləyir.
Bir də sakinləri siz incitməyin,
Laçın harayıma tez gəlin, deyir.

Soydaşlarım, başımızı qatmayın,
Hazırlaşın, yürüş edin Ağdama.
Polisi, əsgəri daşa tutmayın,
Dilə almaq eyib gəlir adama.

Hər havaya oynamağın yeri yox,
Yüz ölçüb, bir biçən peşiman olmaz.
Şairin də ürəyində dərdi çox,
Mənimtək kədərli bir insan olmaz.

Döyülən də, tutulan da gənclərdir,
Kənardan seyr etdi təşkilatçılar.
Yalan demək, bəhanələr hədərdir,
Söz deyin, bəs onda kimdir günahkar?

Bu yürüşün, nümayişin rəhbəri
“Heç bir şeydən xəbərim yox”, – söyləyir.
Öz sözündən dərhal qaçır hər biri,
Bu yalanı bir az da çox söyləyir.

Belə tədbir, belə yürüş tarixdə
Yer tapacaq, qara ləkə olacaq.
Bu iğtişaş, bu nahaq iş tarixdə,
Baş verənlər yaddaşlarda qalacaq.

17 oktyabr, 2003

 

 

 

Heydər Əliyevdir “İlin adamı”

Azərbaycan Respublikasının prezidenti, Ulu Öndər Heydər Əliyev Türkiyənin “Nərgiz TV”
televiziya kanalının keçirdiyi rəy sorğusunda 1997-ci il üçün “Dünyada ilin adamı” fəxri adına layiq görülmüşdür.

Şad xəbər dolaşdı bütün dünyanı,
Heydər Əliyevdir “İlin adamı”!
Təbrik elədilər Azərbaycanı,
Heydər Əliyevdir “İlin adamı”!

Sülhə çağırış oldu hər kəlməsi,
Gəldi BMT-dən, Londondan səsi,
Tanıyır dünyanın hər bir qitəsi,
Heydər Əliyevdir “İlin adamı”!

Gözlədi uğurlu səfərlər onu,
Səslədi dan yeri, səhərlər onu,
Oxşadı anatək şəhərlər onu,
Heydər Əliyevdir “İlin adamı”!

Tanıtdı dünyaya Azərbaycanı,
Fəxri qonaq kimi gəzdi hər yanı,
Hanı ona bənzər bir rəhbər, hanı?
Heydər Əliyevdir “İlin adamı”!

Budapeşt, Lissabon, Aşqabad, Tehran,
ABŞ da yolunu gözlədi hər an,
Oldu Moskvada, Parisdə mehman,
Heydər Əliyevdir “İlin adamı”!

İstanbul, Varşava, onlarca şəhər,
Yenə gəl-gəl, – deyib rəhbəri səslər.
Elin ağsaqqalı, əvəzsiz Öndər!
Heydər Əliyevdir “İlin adamı”!

Eşitsin sözümü qoy yaxın, uzaq,
Əsirdi Şuşamız, əsirdi torpaq.
Ondan imdad umur bu gün Qarabağ,
Heydər Əliyevdir “İlin adamı”!

Günahsız qanların yetişdi sonu,
Cahan alqışladı Odlar oğlunu.
Zirvələr gözləyir bahar oğlunu,
Heydər Əliyevdir “İlin adamı”!

Ölkədən-ölkəyə qanad açdı o,
Azadlıq, sülh deyə, qanad açdı o,
Qaranlıq gecəyə işıq saçdı o,
Heydər Əliyevdir “İlin adamı”!

Dindi yeni ilin dodaqlarında,
Xəzərin, Göy gölün dodaqlarında,
Gül açdı bu elin dodaqlarında –
Heydər Əliyevdir “İlin adamı”!

Amalı yolunda odlardan keçdi,
Seçdi, müstəqillik yolunu seçdi,
Bayrağa, Qurana birgə and içdi,
Heydər Əliyevdir “İlin adamı”!
Heydər Əliyevdir elin adamı!

2 yanvar, 1998

 

 

 

Son çıxış

Respublika Sarayında təntənə,
Müdavimlər, zabitlərdir əyləşən.
Çıxış edəcəksən bu gün sən yenə,
Hamı fərəhlidir, hamı gülər, şən.

Özün yaratmısan otuz il öncə,
Ən böyük hədiyyən bu Vətən üçün.
Sevindin onları burda görüncə,
Nə yaxşı gəlibdir gözlədiyin gün.

Yenə sevincinin hüdudu yoxdur,
Bu, Vətən sevginin təzahürüdür.
Belə bəxşişlərin, hədiyyən çoxdur,
O günlərdən söz salmağın yeridir.

Otuz il əvvələ uçur xəyalın,
Vüqarla dayanıb, çıxış edirsən.
Fərəhindən qanad açır xəyalın,
Bir hərbi məktəb də sənin hədiyyən.

Cəmşid Naxçıvanski adına məktəb,
Zabitlər yetirən tədris ocağı.
Qət etdin, tez düşdü yadına məktəb,
“Hərbiçi qorusun gərək torpağı”.

Gəldin bu qərara yetmiş üçdə sən,
Yox, razı deyildi paytaxt Moskva.
Dönmədin heç zaman sən öz sözündən,
Söyləməzdi “çox sağol” heç vaxt Moskva.

Sən idin rəhbəri Azərbaycanın,
Dahi, ləyaqətli, fəxri övladı.
Odlar diyarıydı ürəyin, canın,
Dilindən düşmədi ölkənin adı.

General gərəkdir doğma yurduna,
Bunun üçün hərbi məktəb açmalı.
Tanrı müstəqillik bəxş etsə ona,
Sərkərdə vacibdi hər sirdən halı.

Bu yolu seçənlər özgə yerlərə
Hərbi məktəblərə getməli idi.
İnamla yollanıb yad şəhərlərə
Arzunu həqiqət etməli idi.

Tapdın çarəsini çətin olsa da,
Çarpışdın, əlləşdin, qalib gəldin sən.
Kreml yenə qışqırıb haray salsa da,
Qəlbin dağa döndü onda fərəhdən.

Gör neçə qəhrəman, neçə general,
Otuz ildə bu məktəbin məzunu.
Fəxr elə, Heydərim, bundan ilham al,
Çıxarmı yadından ömrün uzunu?

Coşur, danışırsan həyəcanla sən,
Rütbəlilər əyləşiblər salonda.
Razısan el üçün etdiklərindən,
Nədənsə dəyişir halın bir anda.

Bəlkə də fərəhdən tablamır ürək?
Sənə sadiq qalıb səksən ildə o.
Eyninə almırsan: “Danışım gərək”,
Üzünü ağ edib doğma eldə o.

Susmadın sözə ara verməyərək,
Zərbə güclü oldu, çox ağır oldu.
Dözmədi, sarsıldı nədənsə ürək,
Sol tərəfdən qəfil zərbə vuruldu.

Özündən asılı olmadı düzü,
Əlin gəldi sol döşünün üstünə.
Yarımçıq qoymadın dediyin sözü,
Hamı təlaşda: görən, nə oldu, nə?

Xalq sənə baxırdı televizorda,
O anda hamını ildırım vurdu.
Bir anda, bir anda sən qaldın darda,
Cangüdənlər dərhal keşikdə durdu.

Getdin, itirmədən müvazinətini,
Xitabət kürsüsü boş qaldı bir an.
Hamımız həsrətlə gözlədik səni,
Heydər Əliyeviç, dahi bir insan.

Qabırğan sınsa da, sarsılmadın, yox,
Addım atdın Heydər Əliyev kimi.
Qayıdıb salona gəldin, ciddi, tox,
Yenə oldun iradənin hakimi.

Bildin ki, duydun ki, son görüşdü bu?
Mətanətlə millətə üz tutdun sən.
Xalq dedi: “İlahi, necə işdi bu?”
Əhsən, Heydər Baba, qüdrətə əhsən!

Məğrur–məğrur əl elədin, ayrıldın,
Vidalaşıb sən salonu tərk etdin.
Qəlbindən keçəni dedin, ayrıldın,
Tikdirdiyin nəhəng Saraydan getdin.

O Saraya dönəcəksən son dəfə,
Xalqla hallalaşıb vidalaşdın şən.
Qoyulacaq bax, cənazən son dəfə,
Xadimlər gələcək bir çox ölkədən.

Sən demə, ayrılıq varmış əbədi,
Saraya vidaya gələcəyik biz,
Yaddaşlarda qalacaqsan əbədi,
Mənəvi bir borcu verəcəyik biz.

Nə biləydik burda olarsan bir də,
Gətirər çiynində zabitlər bura.
İzlənəcək mərasimin hər yerdə,
Tabut hara, ölüm hara, sən hara?

İyirmi bir aprel, dəhşətli bir gun,
Zabitlər bəzədi məşhur Sarayı.
Gəlmişdin təbrikə, söz demək üçün,
Ərşə yetdi ürəyinin harayı…

19 dekabr, 2003

 

 

 

Klivlenddə

Klivlenddə müalicə olundun,
Ayrılmadı öz elindən ürəyin.
Qəlbində sönməzdi atəşin, odun,
Vətənlə bağlıydı arzun, ürəyin.

Azərbaycan yurd salmışdı qəlbində,
Qürbət eldə oydu səni yaşadan.
Kür çağladı, Xəzər daşdı qəlbində,
Öz elindən ayrılmadın heç zaman.

Vətən ünvanlıydı gələn kasetlər,
Televizor yetişirdi dadına.
Bakımızdan göndərilən kasetlər,
Nələri salmırdı sənin yadına.

Hardan tapdı axı səni xəstəlik?
Pusquda durubmuş sən demə əcəl.
Başsız qoydu bu Vətəni xəstəlik,
De, niyə çəkmədi bəs yaxandan əl?

Gələndə xoş xəbər Azərbaycandan
Sağalmaz dərdinin dərmanı oldu.
Şadlanmadın yad ölkədə bircə an,
Kövrəldin, həsrətdən gözlərin doldu.

Yadına düşəndə füsunkar Bakı
Nanə yarpağı tək əsdi ürəyin.
Fəxri övladını haraylar Bakı,
Doğma yurdun, doğmaların gərəyin.

Ağrıların çox olsa da, dözürdün,
Məğlubiyyət axı sənə yad idi.
Xatirələr ümmanında üzürdün,
Odlar yurdu qoynuma dön, deyirdi.

Kədərliydin sən Vətəndən uzaqda,
Balıq yaşayammaz dənizdən ayrı.
Adın eldə gəzdi dildə, dodaqda,
Yaman kövrəlmişdin sən bizdən ayrı.

Elə bil ki, Azərbaycan boş idi,
Klivlenddə elin dahi Öndəri.
Sən yox idin, bax hər bir yan boş idi,
Gözləyirdik biz həsrətlə Heydəri.

Məşhur olan bir nəğməkar müğənni
Orda sənin görüşünə gəlmişdi.
Unutmayıb Yaqub Zurufçu səni,
Ziyarəti mənəvi borc bilmişdi.

Gözlərin yaşarıb onu görəndə,
“Ayrılıq” mahnısı qəlbinə yaxın.
Bir an xatirədən çələng hörəndə
Ən uzaq keçmiş də oldu qonağın.

Heç zaman sən belə kövrəlməmişdin,
Sənətin sehrinə kim inanmayır?
Köksünü ötürüb, ah deməmişdin,
Vətən üçün hansı ürək yanmayır?

Kövrəldin “Ayrılıq” oxunan zaman,
Duydun ki, öndədi ayrılıq anı.
Sarsıldı varlığın, dəyişdi dünyan,
Tez saldın yadına Azərbaycanı.

Heydər Dədə kövrəlibdir, İlahi,
Qürbət eldə fikir edir, İlahi,
Əlac nədir, çarə nədir, İlahi?
Burda doğma eli üçün darıxır.

Baba Heydər doymaz nəvə Heydərdən,
Suallar yağdırıb gül bala hərdən.
Nəvəsi yadına düşəndə birdən,
Onun şirin dili üçün darıxır.

“Azərbaycanlıyam!” – deyən Öndərim,
Düşmənin qəddini əyən Öndərim,
Yad ölkədə qəribsəyən Öndərim,
Ocağında külü üçün darıxır.

Gül-çiçək vətəni Odlar diyarı,
Tükənməz dünyada sərvəti, varı.
Cənnətə bənzəyir göy yaylaqları,
Yurdun mehi, yeli üçün darıxır.

İllər boyu nəfəs alıb eliylə,
Fəxr eləyib çəməniylə, çölüylə,
Bulaqları, gur çayları, seliylə,
Öz Muğanı, Mili üçün darıxır.

Dünyada ən böyük Azərbaycanlı,
Elin dahi oğlu, şöhrətli, şanlı,
Allahın töhfəsi, təmiz vicdanlı,
Azərbaycan gülü üçün darıxır.

Həmişə ürəyi, canı saydığı,
Yer üzünün gülüstanı saydığı,
Şərəfi, şöhrəti, şanı saydığı
Xəzər boyda gölü üçün darıxır.

Həsrətin yarası dərindən dərin,
Yükü lap ağırdı qəmin, kədərin?
Gör neçə xadimin, neçə rəhbərin
Sıxacağı əli üçün darıxır.

Öz yurdunu qarış-qarış dolaşıb,
Bəzən yazda, bəzən də qış dolaşıb,
Neçə dəfə dərə keçib, dağ aşıb,
Yurdun dağı, çölü üçün darıxır.

Hey tutub nəbzini günün, zamanın,
Qədir-qiymətini bilib hər anın,
Telli sazın, ötən tarın, kamanın
Bəmi üçün, zili üçün darıxıb.

Nə insafsız, nə qansızdı xəstəlik,
Vallah dinsiz, imansızdı xəstəlik,
Həm şərəfsiz, həm şansızdı xəstəlik,
Ömrun ayı, ili üçün darıxır.

Halaldı Vətənin duzu, çörəyi,
Təzə-tərdi daim gülü, çiçəyi,
Vətən ruhu, dizlərinin dirəyi,
Üfüqlərin tülü üçün darıxır,
Odlar Yurdu – eli üçün darıxır.

16 dekabr, 2003

 

 

 

Acı xəbər

Okeanın o tayından bəd xəbər
Gəldi, qılıncını çəkdi, nə çəkdi.
Qəmə batdı Odlar yurdu sərasər,
Qüssədən Xəzər də göz yaşı tökdü.

Həsrət ilə gözləyirdik yolunu,
Gəlişinə neçə qurban demişdik.
Unudarmı millət dahi oğlunu?
Sağ-salamat qayıdasan, demişdik.

Uzun ömür diləyirdi el sənə,
“Tanrı, onu özün qoru”, -dedilər.
Əl açdı göylərə xalq dönə-dönə –
“Çox çəkməz, inşallah sağalıb gələr”.

Sənsiz dərdliydi bütün Azərbaycan,
Qəribsəyən soydaşların çəkdi ah.
“Tez qayıt gəl sən”, – dedi Azərbaycan, –
“Şəfa ver sən ona, ay qadir Allah”.

Bu dövlətin qurucusu, memarı,
Onun keşiyində mətin dayandın.
Oldun yurdumuzun mərd xilaskarı,
Yadından çıxmadı müqəddəs andın.

Acı xəbər bu dünyanı dolaşdı,
Yasa batıb qəm-kədərə qul olduq.
Elin dərdi-səri başından aşdı,
Ağlayaraq biz qəhərdə boğulduq.

Nə etməli? Olacağa çarə yox,
Ömrü verən, sonra alan Tanrıdı.
Hər kəlamın yağılara oxdur, ox,
Bəndəsinə kömək olan Tanrıdı.

Mətin olaq, gərək dözək dərdə biz,
Nə yaxşı ki, ləyaqətli Varis var.
İlham Heydər oğlu – mərd sərkərdəmiz,
Ona arxalanır bu el, bu diyar.

Heydər Baba, minnətdarıq biz sənə,
İlhamımız gedir uğurlu yolla.
O, sadiqdir sənin əməllərinə,
Çatacaq zirvəyə o nurlu yolla.

Elini ucaltdın ölümünlə də,
Böyüklüyün üzə çıxdı bir daha.
Səcdə qıldıq məzar üstə gülə də,
Ruhun gedib qonaq oldu Allaha.

Doğma Azərbaycan qəmə qərq oldu,
Yollara düzüldü Heydərsevənlər.
Matəmdə hamının gözləri doldu,
Çoxaldı eşidib bura gələnlər.

Cahan görməyibdir belə mərasim,
Ziyarət edənlər dörd milyon nəfər.
Çağlayaraq döndü selə mərasim,
Minlərlədir başsağlığı verənlər.

Gör neçə ölkədən xadimlər burda,
Böyük Rusiyadan Vladimir Putin.
Leonid Kuçma da gəldi bu yurda,
Andı Liderini bu məmləkətin.

Dost qazax xalqının görkəmli oğlu,
Dövlətin başçısı Nursultan gəldi.
Əhməd Necdət Sezər qəlbi qəm dolu,
İhsan Doğramacı, Süleyman gəldi.

Hər sözü ürəkdən inamla dedin,
Fəxr elədin öz yurdunla, elinlə.
Sevib vətənini çox əzizlədin,
Dünyaya tanıtdın əməllərinlə.

İndi sıramızda sən olmasan da,
İlhamımız möhkəm tutub sükanı.
Hörməti böyükdür onun hər yanda,
Sənin kimi sevir Azərbaycanı.

“Azərbaycanlıyam!” – inamla dedin,
Fəxr elədin öz yurdunla, elinlə.
Sevib Vətənini hey əzizlədin,
Dünyaya tanıtdın əməllərinlə.

Dahisi az deyil türk dünyasının,
Heydər Baba Atatürkün sirdaşı.
Kədəri böyükdü Öndər yasının,
Əbədiyyət – iki nəhəng yanaşı.

Çevrildi Məkkəyə Fəxri Xiyaban,
Qəbrin üstə dağ yarandı güllərdən.
Görüşə gələcək hələ çox insan,
Ruhuna rəhmət! – Bütün ellərdən.

Bakımıza sığmayırdı izdiham,
Dəniz kimi dalğalandı küçələr.
Əllərdə gül ağlayırdı izdiham,
İnsan dolu bir ümmandı küçələr.

Yaydı bu cahana telekanallar,
Şəxsiyyətə xalq sevgisi – möcüzə.
Nəhəng rəhbər yetişdirib bu diyar,
Öndər oldun, şöhrət oldun sən bizə.

                         ***

Xidmətin, həyatın örnəkdir elə,
Zəhmətlə ötüşüb ömrün hər anı.
Səksən yaş, altı ay, gətirdim dilə,
Gəzdin qarış-qarış sən bu cahanı.

İyirmi üçüncü il mayın onunda,
Baharda dünyaya göz açdı Heydər.
Peyğəmbər övladı mələk donunda,
Yazın töhfəsiydin sən ər oğlu ər.

Kiçik Naxçıvanda doğulan körpə,
Bir vaxt bu dünyaya sığmayacaqdı.
Bütün varlığıyla od olan körpə
Yurdun göylərində nur yayacaqdı.

Siyasi məktəbi, siyasi yolu
Xalqı zirvələrə çatdıracaqdı.
Yeni prezident, yurdun mərd oğlu,
İlhamın tutduğu nurlu yol haqdı.

Söz tapmırıq xidmətlərin önündə,
Siyasət nəhəngi, bəşər Dahisi.
Böyük xadim, Ağsaqqalsan bu gün də,
Bir adın var – sən Ölkələr Dahisi.

Çox az idi yurdumuzu tanıyan,
Yaydın onun şöhrətini cahana.
Yaşamadın xalqdan ayrı bircə an,
Nə yaxşı ki, döndün Azərbaycana.

Təhlükədən neçə dəfə qorudun,
Qoymadın ki, parçalana Vətənin.
Atəş açıb sən hədəfə, qorudun,
Bu Odlar diyarı şöhrətin sənin.

İndi “Heydər Baba zirvəsi” vardır,
Görsənir dünyanın hər bir yerindən.
Zirvədə İlahi İlhama yardır,
Daim bəhrələnir əməllərindən.

Əslinlə, soyunla qürur duyurdun,
İlham bəxş etmisən Azərbaycana.
Əbədi yaşayan bir dövlət qurdun,
Yayılıb şöhrəti indi hər yana.

Heç yerdə olmayıb, olmayıb, inan,
Rəhbərə bu qədər sevgi, məhəbbət.
Baxıb gördü, dərk elədi bu cahan,
Vida görüşünə axdı məmləkət.

Xalq sevir, sevəcək müdrik oğlunu,
Həm də sonsuz imiş bəşəri sevgi.
Əlçatmaz zirvədə görürük onu,
Ona yabançıdır ötəri sevgi.

Adın qəlbimizdə, sözlərin dildə,
Heykəlin ölkəni bəzəyəcəkdir.
Olacaq bizimlə obada, eldə,
Məsləhət verəcək, söz deyəcəkdir.

Sənindir əbədi siyasi məktəb,
İlham Heydər oğlu birinci məzun.
Aydındır arzusu, məlumdur mətləb,
Ənənə yaratdın ömrü çox uzun.

Əməlin, ənənən örnək olubdur,
Çoxları həyatda dərs alıb səndən.
İlhamın anadan mərd doğulubdur,
Daim ilham alır öz Vətənindən.

Cənnətin sakini Zərifə xanım,
Yamanca tələsdin onun yanına.
Deyirdin, həyatım, eşqim, gümanım,
Ömür-gün yoldaşı, müqəddəs ana.

Cüt bala – Sevillə fəxrimiz İlham
Tez-tez gələcəklər görüşünüzə.
Övladın, nəvənin borcu – ehtiram,
Nəvələr də məzar üstə gül düzə.

Rahat uyu, Öndərimiz, rahat yat,
Adını daşıyan nəvən Heydər var.
Hər şeyə qadirdir ulu kainat,
Onunla da fəxr edəcək bu diyar.

İki Heydəri var Azərbaycanın,
Şöhrətli olacaq bala Heydər də.
Bu qoşa oğullar Azərbaycanın,
Bənzəyir babaya mərd nəvələr də.

Tanrı hədiyyəsi sənin arzunla,
Heydər qoyacağam, -dedin adını.
Fərəhindən uçacaqdın az qala,
Körpə möhkəmlətdi qol-qanadını.

Şad xəbəri sən eşitdin ABŞ-da,
Özünü dünyanın xoşbəxti sandın.
Gözündə gül açdı səhra da, daş da,
Dərhal Vətənini – Bakını andın.

Xoşdu Heydər üçün baba qucağı,
Dünyada sənin tək baba harda var?
Vaxt olanda oynadardın uşağı,
Nəvə Heydər Baba Heydəri arar.

Milyonların babasıydın sən axı,
Boya-başa çatdırmadın Heydəri.
Şən olurdu sənin ilə, şən, axı,
Yetgin yaşa çatdırmadın Heydəri.

Babanın, atanın adını Heydər
Uca tutacaqdır hər vaxt dünyada.
“Yanardağ”dan alıb odunu Heydər,
Xilaskar olacaq, yetəcək dada.

Görüb babasının heykəllərini,
Heydər İlham oğlu fəxr edəcəkdir.
Zirvədə tutacaq o öz yerini,
Düşmən bayrağını endirəcəkdir.

Atası İlhamla öyünəcəkdir,
Onlar bu millətin nurlu sabahı.
Nəvə də işıqlı, xoş gələcəkdir,
Xalqın, məmləkətin nurlu sabahı.

Bir Günəş var, yolumuza nur yayır,
Öndər Heydər – Azərbaycan günəşi.
El onu əbədi rəhbər sayır,
Həm də başı üstə yanan Günəşi.

Qaranlığı əridəcək o Günəş,
Yox edəcək göydə çəni, dumanı.
Millətlə bir ömr edəcək o Günəş,
Daim isidəcək Azərbaycanı.

Ölməmisən, bizimləsən həmişə,
Gələcəkdir İlhamın xoş sədası.
Əsas yoxdur həyəcana, təşvişə,
Onu sevir Azərbaycan dünyası.

Heydər Ata İlhamını böyütdü,
Bu gün öz yurdunun rəhbər oğludu.
İlham da atanın yoluyla getdi,
Görkəmli varisdi, Heydər oğludu.

Şərəfli bir ömür yaşadın, Öndər,
Doğma millətinin xilaskarıydın.
Dahilər Dahisi – bax, adın, Öndər,
Məsləkin, əqidən, amalın aydın.

                         ***

Uşaqlıq illərin, gənclik illərin
Keçdi Naxçıvanda, doğma diyarda.
Ağıllı, kamallı, biliyi dərin,
Fərqləndin, seçildin oldunsa harda.

Fərqləndin, seçildin öz tay-tuşundan,
Sanki möcüzəydi polad iradən.
Hər elmi öyrəndin, hər şeyi bildin,
Örnəyə çevrildin hər bir işdə sən.

Harda oxudunsa, „beş” qiymət aldın,
Öz ana dilini gözəl bilirdin.
Puşkin dilinin də vurğunu oldun,
Hər yanda, hər yerdə sən sevilirdin.

Rəssam olmağı qət eləmişdin,
Könüldən sevirdin memarlığı da.
Saraylar ucaltmaq gərək demişdin,
Ay Allah, gör nələr düşəcək yada.

ADU-da sən tarix fakültəsini
Şərəflə bitirib ixtisas aldın.
Bir gün eşitdilər zalda səsini,
BDU-nun sən fəxri doktoru oldun.

Yüksəldin, ucaldın qüdrətinlə sən,
Yerinsə ən yüksək kürsülərdəydi.
Fəxr etdin öz doğma millətinlə sən,
Şöhrətin önündə zaman baş əydi.

Dövlət Təhlükəsizlik Komitəsi-
İlk azərbaycanlı sədri oldun sən.
İşlərdi özgəsi, deyildi bizlik,
Qalib gəldin, qələbəni çaldın sən.

İyul plenumu altmış doqquzda,
MK-nın birinci katibi oldun.
Nələr yaratmadın sən ölkəmizdə,
Qurucu Əliyev adını aldın.

Sovetlər ölkəsi, paytaxt Moskva,
Siyasi Büronun üzvü seçildin.
Yüksək kürsü, ən yüksək taxt -Moskva,
Kiçik bir diyara sığan deyildin.

Görkəmli rəhbəri Azərbaycanın,
On üç il MK-da birinci katib.
Sən oldun Heydəri Azərbaycanın,
Gör nələr yaradıb, gör nələr edib?

Cənnətə çevirdi Odlar yurdunu,
Az müddətdə xarüqələr yaratdı.
Keçici Bayraqlar bəzədi onu,
Öndərimiz nələr, nələr yaratdı.

Bu həqiqət əfsanəyə bənzədi,
“Heydər Əliyeviç!” – ölkə dolaşdı.
Hamı “Şəxsiyyətdir, dahidir” – dedi,
Şöhrətin, hörmətin sədləri aşdı.

Nəhənglər ümmanda olur həmişə,
Səni Moskvaya dəvət etdilər.
Sovet ölkəsində ən məsul işə,
Müdriklər insanın qədrini bilər.

Nazirlər Soveti sədrinin sən
Birinci müavini təyin olundun.
Dünya alqışladı, söylədi əhsən,
Hər yerdə hörmətlə çəkildi adın.

Nəhəng bir dövlətin fəxri rəhbəri,
Qitələrdə, ölkələrdə çox oldun.
Tanıdı yer üzü dahi Heydəri,
Çalışmaqdan nə bezdin, nə yoruldun.

Kremldə ad çıxardın, artdı şöhrətin,
Beş il Moskvada nələr etmədin?..
Təəccüb doğurdu zəkan, qüdrətin,
O məkrli yuvada nələr etmədin?..

Mixail Qorbaçov ermənipərəst,
Baş katib seçilib qısqandı səni.
Gözü dumanlandı, sanki oldu məst,
Çox gördu tutduğun o vəzifəni.

Önündə sınmadın, istefa verdin,
Ürək sözlərini dedin üzünə.
Hər bir çətinliyə sən sinə gərdin,
Sadiq qaldın kişi kimi sözünə.

Söylədin sən ona nöqsanlarını,
Göstərdin əzmini, qətiyyətini.
Dedin, bəlkə qana nöqsanlarını,
O, üzə çıxardı bəd niyyətini.

Başladı təqiblər, qarayaxmalar,
Azəri övladı, iradən mətin.
Bilirdin arxanda məmləkətin var,
Tablaşdın olsa da səninçün çətin.

Hər an gözləyirdi səni təhlükə,
Heydər cəsarəti köməyin idi.
Onsuz da al günəş götürmür ləkə,
Yalanlar, böhtanlar kara gəlmədi.

Hiylələrə çox əl atdı Qorbaçov,
Ancaq niyyətinə çata bilmədi.
Meydanda hey at oynatdı Qorbaçov,
Şər də onun köməyinə gəlmədi.

İş vermədi görkəmli bir dahiyə,
Hədəf seçdi Heydər oğlu İlhamı.
Xəyanət yolunu tutmuşdu niyə?
İşdən çıxardılar, mat qaldı hamı.

Dünyada tanınan ali məktəbin
İlham da hörmətli müəllimiydi.
Vardı Qorbaçovun ürəyində kin,
Bu işdə oğulun günahı nəydi?

Altı ay boş qaldı İlham müəllim,
Ürək-dirək verdi mərd atasına.
Xəyallara daldı İlham müəllim,
İnana bilmirdi özü də buna.

Kinli Qorbaçovun qəlbi qaraydı,
Əlbir-dilbir oldu ermənilərlə.
O, səhv addımını qanuni saydı,
Bu dəfə yurduna qurdular tələ.

Doğma Bakımızı hədəf seçdilər,
Qanlı bir layihə cızdı qatillər.
Ordunu yeritmək – ölçüb-biçdilər,
Aman Allah, nə qansızdı qatillər.

Şaxtalı qış günü – iyirmi yanvar,
Soxuldu Bakıya sovet ordusu.
Güllələrə hədəf oldu insanlar,
Dünya bundan baş açmadı doğrusu.

Xalqımızdan qisas aldı Qorbaçov,
Vəzirov baş əyib səs verdi ona.
Yurdumuzu oda saldı Qorbaçov,
Zərbə endirdilər Azərbaycana.

MK-nın birinci katibi qaçdı,
Getdi Moskvaya, getdi Vəzirov.
Vətənin başına oyunlar açdı,
Ən böyük cinayət etdi Vəzirov.

Şənbə gecəsi yüz otuz iki şəxs,
Qoca, qadın, cavan, uşaq – öldülər.
Qan töksə də, cəza almadı heç kəs,
Günahsızlar düşmən sayaq öldülər.

Yaralanan, itgin düşən çox oldu,
Qaniçənlər unutdular Allahı.
Əsrin “Bakı faciəsi” doğuldu,
Tanımadı qəlbi daşlar Allahı.

Soyqırımı – cavab verən olmadı,
Ağrımadı Qorbaçovun ürəyi.
Öndə gedən, yol göstərən olmadı,
Heydər Əliyevdi elin gərəyi.

Evə qapanmışdın Moskvada sən,
Zərbələrdən sarsılmışdın onsuz da.
Ey Öndər, yetişdin dərhal dada sən,
Bizim nümayəndəlik tez düşdü yada.

Ucaltdın səsini gələrək ora,
Cinayətdən söhbət açdın cahana.
Divan tutulubdur günahsızlara,
Dünya nəzər salsın Azərbaycana.

Budur Moskvanın bəd əməlləri,
Nəydi körpələrin, nəydi günahı?
Bir-bir hədəf edir “qardaş ellər”i,
Göylərə ucalır ananın ahı.

Dünya xəbər tutdu faciəmizdən,
Tərk etdi paytaxtı, döndü elinə –
“Yox, darda qoymaram öz yurdumu mən”,
Düşdü adı, düşdü xalqın dilinə.

Doğma eldə – Naxçıvanda yaşadın,
Bu kiçik diyara rəhbər seçdilər.
Azərbaycan! Keşiyində bu adın
Dayandın əsgərtək keçdikcə illər.

Sən Ali Məclisin sədri seçildin,
Odlar diyarıdır şöhrətin, şanın.
Üçrəngli bayrağı gətirin, dedin,
Dövlət atributu Azərbaycanın.

Rəhbər vəzifədə səriştəsizlər,
Dövlətin rəhbəri sən olmalıydın.
Nələr baş verirdi, görməsin gözlər,
Dərdlərə dərmanı sən bulmalıydın.

Sən millət vəkili Azərbaycanın,
Müstəqillik bizə Tanrı töhfəsi.
Gəl, ol səsi, dili Azərbaycanın,
Gəl, sevindir yurda sadiq hər kəsi.

 

 

 

 

Anım yeri

On ikisi dekabrda ABŞ-dan səda gəldi,
Bəd xəbəri eşidən doğma elin kövrəldi.

Vətəndaşlıq borcunu vermək istədi hamı,
Dönməmişdin yurduna, görmək istədi hamı.

Bu da məşhur Ağ Bina, onun da memarı sən,
Prezident Sarayının hamı keçdi önündən.

Doxsan dörddə çağırdın bu yerə insanları,
Səslədin çətin anda sən köməyə onları.

Dövlətçilik, azadlıq təhlükə qarşısında,
Əlac sizə qalıbdır, soydaşlarım, son anda.

Prezident Sarayının qabağına gəldiniz,
Vətənin dar günüdür, bunu yaxşı bildiniz.

Şəhər toplaşdı ora bircə anın içində,
Kimlər yox idi, Allah, o ümmanın içində.

Qərarın qəti oldu, elə arxalandın sən,
Bədniyyətlər əl çəkdi öz çevriliş cəhdindən.

O gün Azərbaycanın tarixi günu oldu,
İnsanlar toplaşan yer elin yadında qaldı.

Yenə də Ağ Sarayın qarşısını seçdi xalq,
“Anım yeri” seçildi, axın-axın keçdi xalq.

On il əyləşib burda el dərdini çəkmisən,
Azərbaycan adlanan dövlətin memarı sən.

Yaratdığın hər nə var bizə yadigarındır,
Şah əsərin bu Vətən fəxrin, iftixarındır.

Çevriliş cəhdi vardı oktyabr ayında,
Sükan arxasındaydın Prezident Sarayında.

Xalq səsinə səs verdi, səni darda qoymadı.
Siyasətçi dahini intizarda qoymadı.

Ürəyin dağa döndü, inanmadın gözünə,
Millət sanki bənd imiş bircə kəlmə sözünə.

Adamlar yüz minlərlə Ağ Sarayın önündə,
Rəhbəri tək qoymadı sadiq millət dar gündə.

Çevrilişə cəhd edən surətlər də xar oldu,
Ağlın qələbə çaldı, tale sənə yar oldu.

Elə ünvanlanan söz verdi öz bəhrəsini,
El gəldi harayına eşidən tək səsini.

Bu matəm günlərində xalq yüz ölçdü, bir biçdi,
Sarayın önündəki “tarixi yer”i seçdi.

Gəlməmişdi tabutun, “Anım yeri” var idi,
Şəkillərin düzüldü, qəm qəlbdə, gül əldəydi.

Torpaq da çiçəkləri bu gün üçün bitirib,
Rəhbəri sevən kəslər dərib bura gətirib.

Budur, “Anım yeri”ndə bir Xiyaban yarandı,
Axın-axın gələnlər hüznlə səni andı.

Üç gün ordan aramsız gəlib bir ümman keçdi,
O dahi şəxsiyyəti sevən çox insan keçdi.

Uzaqdaydı tabutun, ziyarətgah seçdilər,
Sarayı heykəl sayıb qarşısından keçdilər.

Tarixdə görünməmiş bir izdiham var idi,
Gələnlər dərdli, qəmli, sadiq adamlar idi.

Gecə-gündüz o yerə axdı səni sevənlər,
Doğma Azərbaycanı, bu Vətəni sevənlər.

Sarayın qarşısında yarandı çiçək dağı,
Yetiribdir səninçün Azərbaycan torpağı.

Bu da dahi insana sonsuz el məhəbbəti,
Xalqın Azərbaycana – Dövlətə sədaqəti!

15 dekabr, 2003

 

 

 

 

Rəsmi qarşılanma

Son rəsmi qarşılanma təyyarə limanında,
Ailə üzvləri də prezidentin yanında.

İlham Əliyev gəlib qarşılasın Lideri,
Yaman qaşqabaqlıdır, aşıb-daşır kədəri.

Onunla bərabər gəlib nəvələrin də,
Dərdli Mehriban xanım heykəl olub yerində.

Leyla nəvənin şeiri dilində kilidlənib,
Gül balanın sifəti göz yaşına bələnib.

Qəmli bacıların da nalə çəkir ağlayır,
Aqil ilə Cəlalın üzündən kədər yağır.

Bacı, qardaş neyləsin belə dərdə, İlahi,
İz salacaq göz yaşı sifətlərdə, İlahi.

Qəlbində ata dağı, Sevil susmaq bilməyir,
Yanında övladları, dərdli qəlbi inləyir.

Səni qarşılamağa milyon insan gəlibdir,
Şah əsərin – bu Vətən – Azərbaycan gəlibdir.

Bütün dünya bilir ki, prezident dönür bu gün,
Təyyarəsi görsənir, bax, yerə enir bu gün.

Salamlaşan deyildir daha pilləkəndə o,
Müxbirlər gələn anda daha durmaz öndə o.

Cavab verməyəcəkdir çoxsaylı suallara,
O, şəhərə tabutda yollanacaq dübara.

İndi onu gətirən təyyarə enəcəkdir,
Hava gəmisində o, indi tənhadır, təkdir.

Binə adlı təyyarə limanının memarı,
Cənnətə çeviribdir o, füsunkar diyarı.

Hamını heyran edir Binə hava limanı,
Qədəm basan qonaqlar sevir Azərbaycanı.

Xarici ölkələrdən mütəxəssis çağırdın,
Fəxr elədi hər biri gələndə sənin adın.

Bu da sənin heykəlin, bu da sənin abidən,
Xidmətini unutmur Odlar yurdu – bu Vətən.

İki gün öncə bizə ölüm xəbərin gəldi,
Bu gün ayın on dördü – Elin Öndəri gəldi.

Yayıldı yer üzünə ildırım sürətiylə,
Beş qitədə, cahanda dolaşdı dildən-dilə.

Ömrü başa vuraraq yetdin Əbədiyyətə!
Sənə ölüm yaraşmır, getdin Əbədiyyətə!

Bu enən təyyarədə Liderin özü gəlir,
İnsanların yadına söhbəti, sözü gəlir.

Budur, dövlət, hökumət adamları dayanıb,
Yollar boyu düzülən insanlar sanki donub.

Yenə fəxri qaravul, rəsmi qarşılanmadı,
Yenə dildə dolaşır Heydər Əliyev adı.

Təyyarəsi enməmiş hamı gəlibdir bu gün,
Ən müqəddəs bir borcu ona qaytarmaq üçün.

Yerə xalça salınıb, sona yetir bu səfər,
Qarşılayır bütün el, hamı qəmli, səfərbər.

Yenə də rəsmi şəxslər pişvazına durublar,
Hamısının üzündə qüssə, kədər, hüzn var.

Dönür xalqın Öndəri ölkələri dolaşıb,
Qarabağdan söz salıb, neçə yeri dolaşıb.

Yetmiş səkkiz dəfə o rəsmi səfərə çıxıb,
Yetmiş səkkiz ölkədə rəhbər əlini sıxıb.

Odur hava gəmisi – təyyarə enir yerə,
Qəm-kədər atəş açır onu gözləyənlərə.

Bircə nəfər yollanır cənazənin yanına,
Mərd atanın İlhamı – Tanrım, dözüm ver ona.

Pilləkəndə özü yox, sükut, kədər görünür,
Cənazəni qaldıran gənc zabitlər görünür.

Güclü ordu yaradıb on ildə ölkəmizdə,
Haqqımız var öyünək, inamla dinək biz də.

Cənazəsi zabitlər çiynində getsin gərək,
Görkəmli generaldı, dünya eşitsin gərək.

Sən ən cəsur hərbiçi, sən Ali Baş Komandan,
Yayınmadı ordumuz diqqətindən heç zaman.

Çıxış etdin apreldə müdavimlər önündə,
Zərbə aldın ürəkdən o qara, müdhiş gündə.

Ağır addımlar ilə oğul gedir görüşə,
Daha cavab alammaz, Allah, işə bax, işə.

Ləyaqətli gəlinin Mehriban xanım qəmli,
Nəvələr də ağlayır, onların gözü nəmli.

Ən ağır dəqiqələr, qurğuşun yüklü anlar,
Dərdin nə olduğunu başına gələn anlar.

Bakımıza bu dəfə cənazədə gəldin Sən,
Dəyişsən də dünyanı, ucaldın, yüksəldin Sən.

Həqiqətdir, Prezident Vətənə dönür bu gün,
Heç nə deməyəcəkdir daha mətbuat üçün.

Bu uğursuz bir səfər, uğursuz bir gəlişdi,
Onu yola salanda xalq belə deməmişdi.

Mənə elə gəlir ki, sən yenə işə döndün,
Vətənin göylərində sönməz Günəşə döndün.

Təyyarədən axı sən belə enməməliydin,
Klivlenddən – səfərdən belə dönməməliydin.

Qayıtdın Vətəninə – döndün Azərbaycana,
Sən ona sadiq övlad, Odlar yurdu bir ana.

Rəhbəriydin dövlətin, cəfakeşi bu yurdun,
Onun qayğılarını, dərdini sən duyurdun.

Hər səfərin möcüzə, hər səfərin əfsanə,
Millətin də, ölkən də ümid bəslədi sənə.

 

 

 

 

Heydər Əliyevlə vidalaşma

Möhtəşəm bir bina, Respublika Sarayı,
Qulaq batırır burda insanların harayı.

Bu sarayı bir zaman tikdiribdir o Dahi.
Göz yaşı tökür hamı, ümmana bax, İlahi.

Vidalaşır gələnlər bu nadir şəxsiyyətlə,
O sevib öz yurdunu saf arzu, saf niyyətlə.

Azərbaycan axışıb vida mərasiminə,
Bakı insan dənizi, hamı hönkürür yenə.

Neçə-neçə ölkənin dövlət başçıları var,
Ziyarətgah biliblər bu şəhəri qonaqlar.

Bakımız görməyibdir bu qədər insan seli,
Əllərdə gül dəstəsi, üzlər dərdli, kədərli.

Cənazə bükülübdür üçrəngli bayrağıma,
Bu bayraq da, Heydər də şöhrətdir torpağıma.

Naxçıvanda ilk dəfə o qaldırdı vüqarla,
Ölkələri özüylə gəzdirib iftixarla.

Dalğalansın gərək o Heydər bayrağı kimi,
Qitələri dolaşsın Öndər bayrağı kimi.

Cənazəsi top üstə qoyulur ehtiramla,
İzdiham coşğün dəniz, tabut ümmanda damla.

O Dahinin tabutu üz tutur son mənzilə,
İnsanların gözündən yaş axır gilə-gilə.

Gəliblər mərasimə mənəvi borc versinlər,
Ona olan sevgini gözləriylə görsünlər.

Hamı gəlib Öndərə “rahat uyu” söyləsin,
İlham Heydər oğluna “Başın sağ olsun” desin.

Cənazəylə bərabər piyada gedir hamı,
Meydanlar və küçələr tutmur bu izdihamı.

Topu dartan maşın da addım-addım gedirdi,
Bütün Azəri xalqı müşayiət edirdi.

Saraydan Xiyabana saat yarım çəkdi yol,
Heydər gəlir qoynuna, ana torpaq, hazır ol!

Tapşırılır torpağa, dövlət himni səslənir,
Məzara qoyulanda toplar, gəmilər dinir.

O qovuşur canından çox sevdiyi torpağa,
Bu məmləkət, bu millət necə dözsün bu dağa?

Oğlu, qızı üçün də çətin anlardır, Allah,
Qardaş, bacı, nəvələr qəm-kədərdən çəkir ah.

Əlvida, ata, deyir İlham Əliyev bu an,
Nəvələrin göz yaşı axır yanaqlarından.

Həm ata, həm müəllim, həm də Dahi Rəhbərdir,
O, millətin Öndəri, o, İlahi Rəhbərdir.

Tənha idi burada, tənha Zərifə xanım,
Çox söyləyib həyatda ona eşqim, imanım.

Ömür-gün yoldaşının yanına can atdı o,
Əbədiyyət sakini, ölməzliyə çatdı o.

Qoruduğu, sevdiyi torpağına qovuşdu,
Qayğısını çox çəkib, deyib ona, qovuşdu.

Bu dünyadan heç nə yox, bir təmiz ad apardı,
Odlar oğluydu axı, qəlbində od apardı.

Yaratdığı, qurduğu doğma ellərə qaldı,
Özü torpağa endi, heykəlləri ucaldı.

Dünyaya sığmayan şəxs indi məzara sığır,
Onun üçün hamının üzündən kədər yağır.

Sən dünyaya göz açdın Naxçıvan torpağında,
Nurla dolsun məzarın Bakının qucağında.

Borçalısı, Göyçəsi, Dərbəndi var yurdunun,
Bütöv idi Vətənin, dahi oğlusan onun.

Heykəlləşdin qurduğun neçə-neçə heykəldə,
Dahilər ölmür axı, canlı olur heykəl də.

Heydər Baba, rahat yat, Azərbaycan düz yolda,
Axarıyla gedəcək bu yurd, məkan düz yolda.

Vətən üçün, el üçün ər oğul böyütmüsən,
Qoy heç kəs deməsin ki, sən yurdu tərk etmisən.

Xalqa töhfə verdiyin Azərbaycan bizimlə,
Adını yad eyləyən bütün cahan bizimlə.

Ciyərparan – övladın, İlham Əliyev rəhbər,
Bir-birindən uğurlu gələcəkdir səhərlər.

15 dekabr, 2003

 

 

 

 

 

Ən müqəddəs yer

Səni öz qoynuna aldı bu torpaq,
Susdu, xəyallara daldı bu torpaq,
Anatək laylanı çaldı bu torpaq,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

Xilaskar yaratdı səni İlahi,
Oldun yer üzündə dahidən dahi,
Dövlətin memarı, elin pənahı,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

Dünyaya göz açdın Naxçıvanda sən,
Şöhrət-şan qazandın bu cahanda sən,
Xalqın fəxri oldun hər bir yanda sən,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

Dövlətin ad alıb neçə ölkədə,
Heykəlin ucalıb neçə ölkədə,
Sözün yadda qalıb neçə ölkədə,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

Tanıyan az idi bu yurdu dünən,
Məmləkətin iftixarı oldun sən,
Zirvələrdə öz yerini buldun sən,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

Cahanda məşhurdu qurduğun dövlət,
Daim keşiyində durduğun dövlət,
Buldu öz yerini düzlük, həqiqət,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

Dövlət başçıları, dahi xadimlər,
Bakıya üz tutdu gör daha kimlər,
Yurda sonsuz sevgi, əldə gül gələr,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

Bu hörməti xidmətinlə qazandın,
Zəkan ilə, zəhmətinlə qazandın,
Mətanətin, qeyrətinlə qazandın,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

Qoruyub bayrağı, İlham böyütdün,
Qəlbinin dayağı İlham böyütdün,
Dövlətin mayakı İlham böyütdün,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

İlham Heydər oğlu dövlət rəhbəri,
Hər ölkədə öz hörməti, öz yeri,
Onu sevir millətinin hər biri,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

Dünya alqışlayır Azərbaycanı,
Varlı ölkə sayır Azərbaycanı,
Bəşər yad eləyir böyük insanı,
Fəxri Xiyaban – ən müqəddəs yer,
İnsanlar Öndəri ziyarət edir.

10 may, 2008

 

 

 

 

Əbədi

Millətin Öndəri – Ali Şəxsiyyət,
O, həm memar, həm İlahi Şəxsiyyət,
Ürəyində təmiz arzu, xoş niyyət,
Hər işdə zəfərlər çaldı – əbədi.

Şöhrəti, şanıydı Odlar diyarı,
Damarda qanıydı Odlar diyarı,
Nəfəsi, canıydı Odlar dyiarı –
Adını tarixə saldı – əbədi!

Ömrünü əritdi bu millət üçün,
Qəlbini şam etdi bu millət üçün,
Gəldi, dada yetdi bu millət üçün,
Koroğlu “Cəngi”si çaldı – əbədi!

Yurdun Bayraqdarı, Ağsaqqalıydı,
Şərəfi, vüqarı, Ağsaqqalıydı,
Müdrik havadarı, Ağsaqqalıydı,
Millətin dahisi oldu – əbədi!

O, ali fenomen, o, nadir insan,
Gərək vəsf edəsən, gərək yazasan,
Ayrılmadı Vətənindən bircə an,
Dərdinə dərmanı buldu – əbədi!

Bir dövlət yaratdı əməlləriylə,
Saraylar ucaltdı əməlləriylə,
Yondu heykəlini öz əlləriylə, –
O, canlıdı, tunc heykəldi – əbədi!

Fəxri kürsülərdə öz yeri oldu,
Ölkəsi ən böyük əsəri oldu,
Köçəndə hamının gözləri doldu,
Satqına, namərdə güldü – əbədi!

Böhtan dedi mənliyini satanlar,
Sui-qəsd düzəldib, ara qatanlar,
Peyğəmbər nəsliydi, adı, sanı var,
Dünyaya kişitək gəldi – əbədi!

Nahaqdan axırdı millətin qanı,
Təkcə ona gəldi elin gümanı,
Yurdun göylərindən çəni, dumanı,
Ağlı, zəkasıyla sildi – əbədi!

Dövlətin dayağı İlham böyütdü,
Rəhbəri, mayağı İlham böyütdü,
Ölkənin çırağı İlham böyütdü,
Dərdini onunla böldü – əbədi!

Ruhu qonaq oldu qadir Allaha,
Xiyaban çevrildi ziyarətgaha,
Qəbrini biz Məkkə sayırıq daha,
Bəşər yaddaşında qaldı – əbədi!

Milyon-milyon ellər gəldi görüşə,
Qucaq-qucaq güllər gəldi görüşə,
Yaşadığı illər gəldi görüşə,
Vətənin qədrini bildi – əbədi!

Fəxri Xiyabanda gül-çiçək dağı,
Ətir saçsın, təzə-tər görək dağı,
Sonsuz insan seli, çaylar sayağı,
O, öz qiymətini aldı – əbədi!

Əydi qəddimizi bu dərd, bu ələm,
Ümmana bənzədi ürəklərdə qəm,
Şairin əlində od aldı qələm,
Söz üstə xəyala daldı – əbədi!

Ağır itki – Əli Vəkil neyləsin?
Oda yanıb, olubdur kül, neyləsin?
Gedən geri dönən deyil, neyləsin?
Xiyabanda lövbər saldı – əbədi!

 

 

 

 

Səndə

Sual verdim öz-özümə yenə mən,
Hardandı bu qədər şan-şöhrət səndə?
Daldım xəyallara dönə-dönə mən,
Allah vergisiymiş qətiyyət səndə.

İlham aldın öz yurdundan, obandan,
Ayrılmadın sən bircə an obandan,
Miras qalıb Şah İsmayıl babandan,
Dövlətə əbədi məhəbbət səndə.

Azəri xalqının qəhrəman oğlu,
Amalın həqiqət, yolun haqq yolu,
Əcdadların cəsur Babək, Koroğlu,
Onlardan yadigar cəsarət səndə.

Yeni söz deməyə acizdir qələm,
Ürəyimdə yurd salıbdır kədər, qəm,
Mən özüm də qəmkeşəm, dərd əhliyəm,
Vətənə vurğunluq, sədaqət səndə.

Gördün Moskvada sərt rəftarı da,
Dönük Qorbaçovu, riyakarı da,
Ömründə yazı da, boran-qarı da,
Vardı dözüm səndə, dəyanət səndə.

Dilləri bəzədi HEYDƏR ƏLİYEV!
Elləri bəzədi HEYDƏR ƏLİYEV!
İlləri bəzədi HEYDƏR ƏLİYEV!
Soy kökə bağlılıq, nəcabət səndə.

Odlar diyarının fəxri övladı,
Tez seçdin, tanıdın doğmanı, yadı,
Unudan deyildir bəşər bu adı,
Xalqı azad görmək – xoş niyyət səndə.

Fərəhli günlər var, kədərli an var,
Elin soyqırımı – İyirmi Yanvar,
Faciəni törədənə olsun ar,
Bombaya çevrildi mətanət səndə.

Ölkələr eşitdi haray səsini,
Yay, dedik dünyaya, tez yay səsini,
Vahimən titrətdi Yer kürəsini,
Düşmənə sonsuzdu küdurət səndə.

Qürbətdən tez döndün Azərbaycana,
Çətin anda gərək idin sən ona,
Sadiq övlad oldun doğma anana,
Qəlbinin sirdaşı həqiqət səndə.

Gəncəmizdə qardaş qanı axırdı,
Göylərində ildırımlar çaxırdı,
Dövlətin başçısı durub baxırdı,
Vallah şir ürəyi var, əlbət səndə.

Yaratdığın, qurduqların möcüzə,
Sərkərdəydin, sarban idin sən bizə,
Dərdimiz ağırdı, yaramız təzə,
Böyük xadimlərlə ünsiyyət səndə.

Ön cəbhəyə, səngərlərə yollandın,
Təhlükəli neçə yerə yollandın,
Ölkələrə, səfərlərə yollandın,
Bayrağa çevrildi ülviyyət səndə.

SES-lər tikdirdin, gərəkdir bizə,
Hər biri şölədir, işıqdır bizə,
Şan-şöhrət gətirdin Vətənimizə,
Var uzaqgörənlik, kəramət səndə.

Heykəlləri seyrə dalaq, sayaq biz,
Nəsimidən axı necə doyaq biz?
Məğrur durub Mixaylomuz – Mehdimiz,
Ölməz insanlara var hörmət səndə.

Nərimanov Nərimana adibə,
Cabbarlı tək bir insana abidə,
Dahilərə, qəhrəmana abidə,
Əlçatmaz zirvədi Şəxsiyyət səndə.

Cavidimi qaytarmısan Vətənə,
Minnətdardı ölkə sənə, el sənə,
Ucaltdığın məqbərəyə getsənə,
Olub əfsanəvi məharət səndə.

Açıldı gör neçə ev-muzeyləri,
Yadigardı, hədiyyədi hər biri,
Doğma Bakımıza axıtdın Kürü,
Anadangəlmədi bu qüdrət səndə.

Hədiyyəndir “Əsrin müqaviləsi”,
Gəldi ölkələrdən sədası, səsi,
Adınla öyündü Odlar ölkəsi,
Müdriklik – ən ali keyfiyyət səndə.

Bakı-Ceyhan əsas ixrac kəməri,
Dillərdə dolaşır illərdən bəri,
Nələr eləmədin ondan ötəri,
Örnəkdir sadiqlik, mərifət səndə.

Ürəyində “Yanardağ”dandı odun,
Lideri, Öndəri, Dahisi yurdun,
Xalq şairi – Bəxtiyarı qorudun,
Sənətə sevgidi şeiriyyət səndə.

Vətən şamdır, sən də yanan pərvanə,
Eli üçün gündə yanan pərvanə,
Məmləkəti, xalqı anan pərvanə,
Yetdi ölməzliyə dürr, hikmət səndə.

 

 

 

 

Unutmarıq biz

Dünyaya tanıtdı Azərbaycanı,
O müdrik Babanı unutmarıq biz.
Doğma yurdumuzun Heydəri hanı?
O Dahi insanı unutmarıq biz,
O müdrik Babanı unutmarıq biz.

Tarixdə şərəfli ad qoyub gedib,
Elin istəyinə tez əməl edib,
Dar gündə millətin dadına yetib,
O müdrik Babanı unutmarıq biz,
O Dahi insanı unutmarıq biz.

Odlar ölkəsinin memarı sənsən,
Vətənin şöhrəti, vüqarı sənsən,
Əhsən Vətəninə, yurduna əhsən,
O müdrik Babanı unutmarıq biz,
O Dahi insanı unutmarıq biz.

Fəlakətdən xilas etdi bu yurdu,
Təhlükəni hiss edirdi, duyurdu,
Azadlığı sülh, səadət sayırdı,
O müdrik Babanı unutmarıq biz,
O Dahi insanı unutmarıq biz.

Ağıllı İlhamı – yadigarı var,
Öz işində Tanrı olsun ona yar,
Azərbaycan Qarabağı qaytarar,
O müdrik Babanı unutmarıq biz,
Öndədir, öndədir zəfərlərimiz.

12 dekabr, 2004

 

 

 

Heykəlləşdi özü də…

Yox, yox, unutmarıq onu bir an da,
Xoşdur yad eləmək, yenə söz salmaq.
Elə dahi az tapılar cahanda,
Əlçatmaz, ünyetməz, başı qarlı dağ.

Ulu Öndər Heydər Əlirza oğlu,
Canından çox sevdi Azərbaycanı.
Qəlbi məhəbbətlə, atəşlə dolu,
Xalqın xoşbəxtliyi – şöhrəti, şanı.

Nərimanov Nərimanı sevirdi,
Millətinin ləyaqətli oğluydu.
Mərd həkimi, mərd loğmanı sevirdi,
Seçdiyi yol həqiqətin yoluydu.

Bakımızda mərkəzi bir rayon var,
Nərimanov Nərimanın adına.
Ürəyində dilə gəldi duyğular,
Dahi Rəhbər tez yetişdi dadına.

Paytaxtımın ən uca bir yerində
Ucalıb heykəli Nərimanovun.
Bədxah düşmənlər də öz işlərində,
Ləkə yaxırdılar adına onun.

Qaldırdı aradan maneələri,
Nəhəng heykəl dağ başında ucaldı
Hakim dövlət idi onda SSRİ,
Heydər qətiyyəti qələbə çaldı.

Nərimanın xatirəsi əzizdir,
Adına ölkədə nələr var, nələr?
Ona xalq sevgisi coşğun dənizdir,
Bu adla fəxr edir obalar, ellər.

Adına küçə var, xiyabanlar var,
Zirvədədir Nərimanın heykəli.
Öndər məhəbbəti fərəh, iftixar,
Vüqarlıdır mərd insanın heykəli.

Sevdi öz yurdunu Heydər Əliyev,
Heykələ çevrildi ürəklərdə o.
Yaratdı ordunu Heydər Əliyev,
Canlıdır qəlblərdə, diləklərdə o.

Qaldı qayğısına bu rayonun da,
Diqqətindən yayınmadı heç zaman.
Ali rəhbər unutmadı bir an da,
Adını hörmətlə çəkir bu cahan.

Möhtəşəm binada, geniş foyedə,
Ucaldıblar ağ mərmərdən büstünü.
Düşürsən hey yada geniş foyedə,
Bəxş etdin millətə bu sakit günü.

Buradakı abidənin önündə
Düşünüb bir qədər xəyala daldım.
Yetişdi haraya ən çətin gündə,
Ömrün sərt yoluna bir nəzər saldım.

Var “Heydər guşəsi, “Öndər guşəsi”,
Hər sənəd bəhs edir ömür yolundan.
Doğmadır yurdunun bil, hər guşəsi,
Xalq onu unutmur, unutmur bir an.

Minlərlə heykəlin, büstün əbədi,
Əbədidir sənə aid sözlər də.
Şair də şeirinə “əbədi” dedi,
Sevgin ürəklərdə, əksin gözlərdə.

18 dekabr, 2012

 

 

 

 

Ziyarətgah

Fəxri Xiyabanda güllərdən dağ var,
Heydər ata, sonsuzdu el sevgisi.
Gələnlərin arasında qonaq var,
Qucaq-qucaq əllərdə gül sevgisi.

Heydər dədə, məzarın gül içində,
Səni unutmayır İlham, Mehriban.
Məkkə olub Xiyaban el içində,
Gül gətirir, səni anır hər insan.

Dövlətin rəhbəri, elin İlhamı,
Kədərlidir, doğma ata itirib.
Xalqın Lideriydin, dərk edir hamı,
Heydər nəvən əlində gül gətirib.

İlham Heydər oğlu – kədərli, qəmli,
Ömür-gün yoldaşı Mehriban xanım.
Nəvələrin ürəkləri sitəmli,
Axıdır göz yaşı Mehriban xanım.

Gəlib babasını ziyarət etsin,
Atası İlhamla yanaşı durub.
İstərdi o, dilindən söz eşitsin,
Qismət bu, üzündə göz yaşı durub.

Atasıynan, anasıynan bərabər,
Gül balamız əlində gül gəlibdir.
Kiçik ürəyində ağır dərd, kədər,
Gözlərini bacıları silibdir.
Nəvə Heydər sevir baba Heydəri,
Amma baba daha gələn deyildir.
Bir də dönməyəcək səfərdən geri,
Nəvəylə danışıb-gülən deyildir.

Baba, nənə qəbri önündə Heydər,
Görün necə qəm-qüssəyə dalıbdır.
Gül gətirib anım günündə Heydər,
Xeyli vaxtdır o, babasız qalıbdır.

Yamanca kövrəldi, bax, nəvə Heydər,
Özünü apardı böyüklər kimi.
Kiçik ürəyində ümmanca kədər,
El tanıdı bir ər oğlu, ər kimi.

Yəqin ki, yerini tutacaq bir gün,
Adını verdiyin mərd Heydər nəvən.
Uca zirvələrə çatacaq bir gün,
Ruhun şad olacaq eşidəndə sən.

Gəlir doğmaların ziyarətinə,
Borc bilirlər çiçək, əklil qoymağı.
Sonsuzdu İlhamın sevgisi sənə,
Olur Xiyabanda hər axşam çağı.

Heydər Əliyevin ruhu şad olur,
Qəbrin nurla dolsun! Söyləyir hamı.
Xiyaban insanla boşalır, dolur,
Adına layiqdir elin İlhamı!

25 dekabr, 2003

 

 

 

 

Bağışla məni…

Bağışla sən məni, Azərbaycanım,
Olmusan həmişə dinim, imanım,
Təkcə sənə gəldi, sənə gümanım –
Nə etməli? Bu da alın yazısı.

Vətəndən arxayın olsam da bu gün,
Yeni məlumatlar alsam da bu gün,
Əcəllə baş-başa qalsam da bu gün,
Nə etməli? Bu da alın yazısı.

İlhama min ümid bəsləyirəm mən,
Haraya tək onu səsləyirəm mən,
Qürbətdəyəm, ayrı düşdüm Vətəndən,
Nə etməli? Bu da alın yazısı.

Müstəqillik asan başa gəlmədi,
İllər boyu heç üzümüz gülmədi,
Kölə idik, yox, gözümüz gülmədi,
Nə etməli? Bu da alın yazısı.

Azadlığı tez itirə bilərdik,
Xoşbəxtliyi biz itirə bilərdik,
Cəld olmasaq, əldən verə bilərdik,
Nə etməli? Bu da alın yazısı.

Yad edirəm keşməkeşli günləri,
Unutmaram harayları, ünləri,
Qeyb olmuşdu elin toy-düyünləri,
Nə etməli? Bu da alın yazısı.

Oğlum İlham məni əvəz edəcək,
Gələcəyə doğru yolla gedəcək,
Köməyidir doğma eli, pak ürək,
Nə etməli? Bu da alın yazısı.

İşıqlıdır gələcəyi ölkənin,
Çatışmayır deyin nəyi ölkənin?
Var sərvəti, var çörəyi ölkənin,
Nə etməli? Bu da alın yazısı.

Düşmənlərdi bu gün xalqın bəlası,
Susduruldu alçaqların ədası,
Qulaqlarda şəhidlərin sədası,
Nə etməli? Bu da alın yazısı.

Çarə nədir, vida anı yetişib,
Heydər Vətənindən aralı düşüb,
Azərbaycan ilə dünən görüşüb,
Nə etməli? Bu da alın yazısı.

14 dekabr, 2003

 

 

 

 

Millətin

Keçən əsrin doxsanıncı illəri,
Çəkdi imtahana yurdu, elləri,
Harayladıq onda dahi Heydəri,
Başdan aşdı dərdi-səri millətin.

Ortalıqda bir Qarabağ düyünü,
Azaltmışdı eldə toyu-düyünü,
Qəm-qüssəyə qərq elədi hər günü –
Nəhs gəlirdi, nəhs illəri millətin.

Vəzifə başında səriştəsizlər,
Kürsü savaşında səriştəsizlər,
Ayıldılar sonda səriştəsizlər:
“Qoy buyursun mərd Heydəri millətin”.

Azadlığı əldən gedə bilərdi,
Müstəqillik eldən gedə bilərdi,
Suverenlik dildən gedə bilərdi,
Heç yanda yoxuydu yeri millətin.

Xalq səhv etmir doğrudan da heç zaman,
Xilaskarı gəlib tutdu qolundan,
Azərbaycan ondan istədi aman,
Çatdı dada öz Öndəri millətin.

O tapdı çarəni atəşkəs üçün,
Adımız dünyaya yayılır bu gün,
Dahi Öndərimiz sayılır bu gün,
Məkkəsi millətin, piri millətin.

Nə yaxşı ki, indi yeri boş deyil,
Qəlbimizi üzən dərd, təlaş deyil,
Rəhbəri olacaq görün neçə il
İlham kimi bir Lideri millətin.

25 dekabr, 2003

                      ***

Bu, İlahi, bu bəşəri məhəbbət,
Başa vurdun səksən illik ömrünü.
Yuxu deyil, həqiqətdir, həqiqət,
Mənalı yaşadın hər ötən günü.

Canı qədər sevdi yurdu, milləti,
Qeyri-adi ağlı, yaddaşı vardı.
Dünyaya bəlliydi əzmi, qüdrəti,
Hər yerdə hörmətlə qarşılanardı.

O, dahi bir xadim, müdrik bir ata,
Uşaqlar da “Heydər baba” deyərdi.
Ötəri baxmadı dövrə, həyata,
Balaları daim əzizləyərdi.

Şeir dedi məktəblilər nə qədər,
Hər birinin aqil Heydər babası.
Dinləyirdin, yox olurdu qəm, kədər,
Bir özgə aləmdi uşaq dünyası.

Öndər Babasına ən gözəl şeiri
Yazıb Leyla nəvən – İlhamın qızı.
Gəldi köməyimə onun sözləri,
Olacaqdır sabah yurdun ulduzu.

“Mənim babam gözəl insan,
Sevimlidir, mehribandır.
Yüz il, min il yaşayasan –
Desəm ona, yenə azdır.

İnsan var ki, qəlbi qara,
Bəd əməlli, bəd niyyətli.
Onlar hara, babam hara,
Bir insandır ədalətli,
Öz xalqına sədaqətli.

Mənim babam
Kömək edər, əl uzadar
Dara düşsə bircə adam.
Bax, belə bir ömür yaşar
Mənim əziz
Heydər babam!”

Bu dahi Liderə, nadir insana
Qiyməti tək sən yox, bu cahan verib.
Dünyada hər şeyə qadir insana
Böyük ürək verib, pak vicdan verib.

Məzarı başında ağladın yaman,
Hamıya çətindir ondan ayrılmaq.
Yaş töküb qəlbləri dağladın yaman,
Asan deyil bu insandan ayrılmaq.

Qəm etmə, ay Leyla, ölməyib Baban,
Əbədi yaşayan ad qoyub getdi.
Bizimlə, səninlə olacaq hər an,
Onun son mənzili Əbədiyyətdi!

Tərifli nəğmələr yazanlar çoxdur,
Nələr söyləyibdir gör Dədə Şəmşir.
Dəyərli sözlərin qiyməti yoxdur,
Onu unutmadı heç vədə Şəmşir:

“Ömrün uzun olsun igid Heydərim,
Şöhrətin tarixin varağındadı.
Cənnətə dönübdü şoranlı çöllər,
Qüdrətin Vətənin çırağındadı”.

İkinci dəfə Sən “Qızıl Ulduz”u
Alanda Şəmşirin ürəyi coşdu.
Qaldı yaddaşlarda dəyərli sözü,
“Yaraşır”ı dildən-dilə dolaşdı.

“Azərbaycanımın igid oğluna
“Qızıl Ulduz” qoşa-qoşa yaraşır.
Alqış kamalına, alqış ağlına,
Zərli tac kamallı başa yaraşır”.

Mirvarid Dilbazi – ağbirçək şair,
Yazdı xidmətindən, məharətindən.
Sözlə öz borcunu verəcək şair,
Dastanlar yaransın qətiyyətindən:

“Eşq olsun qüdrətinə!
Milli cəsarətinə!
Qanı doğma qanımız,
Milli Qəhrəmanımız!
Xalqımızın ər oğlu,
Millətə rəhbər oğlu!”

Sənin hünərindən Nəbi Xəzri də,
Tərənnüm elədi qəhrəman kimi.
Sənə ünvanlandı şeirin biri də,
Vəsf etdi mərd rəhbər, mərd insan kimi:

“Zəhmət də uludur, zəfər də ulu,
Eşidin qəlbimin qürur səsini,
Qəhrəman yurdumun qəhrəman oğlu
Yazdı qəhrəmanlıq salnaməsini”.

Hamı sevir şair Məstan Günəri,
“Yaşa, Vətən”, -deyə nəğmələr yazıb.
İlahi şəxsiyyət sayıb Heydəri,
Gör nələr düşünüb, gör nələr yazıb:

“Dahidir, dühadır öz sənətində,
Andı var, elləri qoymaz çətində,
Dərin tədbirində, siyasətində,
Qüdrətdən yaranmış zərgərə bənzər”.

“Şair Məstan, həqiqətdir, xəyal yox,
Yazdığına nida qoyar, sual yox,
Biri varsa, o birinə zaval yox,
Heydər elə, el Heydərə söykənib”.

“Qalibiyyət qartalı” – müəllifi Zəlimxan,
Arzuları dil açdı şair misralarında.
Sən ilahi şəxsiyyət, sən ilahi bir insan,
Əməllərin gül açdı şair misralarında:

“Azərbaycan çırpınır sanki Nuh tufanında,
Bu tufandan çıxmağa bizə bir yol gərəkdir.
Bayrağı yüksək tutan qüvvətli əl gərəkdir,
Bü əlin arxasında dağ kimi dayanmağa
qüdrətli el gərəkdir.
O el sənin elindir, o əl sənin əlindir,
Bir Azadlıq heykəli görür gözlərim mənim,
O sənin heykəlindir, o sənin heykəlindir”.

Şairə Kəmalə – sözün zərgəri,
Sənə həsr eləyib neçə şeirini.
Rəhbərə sədaqət fikrin cövhəri,
Xilaskar sayıbdır el Öndərini:

“Sən mənim yurdumun qızıl tacısan,
Əziz millətimin ehtiyacısan,
Ağır yaramızın sən əlacısan,
Sağalsın əlinlə Vətən dünyada”.

Vladimir Putinin verdiyi qiymət
Heç kəsin yadından çıxmaz dünyada –
“Yalnız hörmət deyil, sonsuz məhəbbət,
Ehtiram var ürəyimdə bu ada!”

Neçə yol görüşdün oğul Buş ilə,
Hörmətlə ürəkdən sıxdı əlini.
Sanki görüşdün sən qardaş ilə,
ABŞ dəstəklədi doğma elini.

Xidmətin, həyatın örnəkdir elə,
Zəhmətlə ötüşüb ömrün hər anı.
Səksən yaş, altı ay, gətirdim dilə,
Gəzdin qarış-qarış sən bu cahanı.

Süleyman Dəmirəl “qardaşım” dedi,
Səninlə görüşdən xoşhal olurdu.
Dövlət xadimitək hey təriflədi,
Qardaşın qardaşa söz payı budu:

“Müstəqil, suveren Azərbaycanı
Əliyev aparır məqsədə doğru.
Heyran edib bu gün bütün cahanı,
Dövlət başçısının ağlı, qüruru”.

Dəyərli sözləri Bill Klintonun
Heç kəsin yadından çıxmayıb hələ –
“Bəyəndik siyasi xəttini onun,
Həmrəy olacağıq biz Əliyevlə”.

Sevdi Əli Əkbər Rəfsəncani də,
Doğru yol seçibdir Heydər Əliyev.
Səhv addım atmayıb hələ heç vədə,
Sınaqdan keçibdir Heydər Əliyev.

Roma Papası da səndən söz saldı,
İkinci İohann Pavel nə dedi?
Gəlib qonaq olub, Bakıda qaldı,
Dövlət də, Heydər də əfsanə, dedi.

Leonid Kuçma da sadiq dost idi,
Əliyev dövlətin möhkəm dayağı.
Dedi Azərbaycan sözünü, dedi,
Heydərdir millətin sönməz mayağı.

Ukrayna paytaxtı doğmadır sənə,
Adını veriblər ali məktəbə.
Əhsən, qardaş xalqın məhəbbətinə,
Can atır çox ukraynalı məktəbə.

Hələ sən dünyanı dəyişməmişdin,
Dildə gəzdi dost millətin qərarı:
“Minnətdaram, sağ olsunlar!” – demişdin,
Xalqa gərək olsun qoy məzunları.

Ukraynanın məhəbbəti ümmandır,
Heykəlin Kiyevdə ucalacaqdır.
Elan olunubdur küçənin adı,
Dahisən, görənlər söz salacaqdır.

Xəyal məni uzaqlara aparır,
Yazdıqlarım bir-bir düşür yadıma.
Hisslər məni, Tanrım, hara aparır?
Qələm, kağız yetir bu an dadıma.

“Gözlədi” şeirimi sənə həsr etdim,
Doxsan üçdə elim Heydər səslədi.
Xəyalımda bu sözləri eşitdim,
“Gəl, hardasan dahi Öndər”, -səslədi.

Mən də səni öz şeirimlə çağırdım,
Gəlməsəydin, Azərbaycan batardı.
Kədərlənib gəldim dilə, çağırdım,
Nə yaxşı millətin Heydəri vardı.

                            ***

 

 

 

Ağıllı seçim

Xalqın ləyaqətli övladı, Heydər Əliyev siyasi məktəbinin layiqli yetirməsi İlham Əliyevin prezident seçilməsi münasibətilə

Vərəqlədim tarixini yenə mən,
Sevən qəlbim bir də doldu, boşaldı.
Köksümü ötürdüm dönə-dönə mən,
Xəyallarım yenə yaman baş aldı.

Keçən əsrin doxsanıncı illəri,
Odlar Yurdu fırtınalar qoynunda.
Vardımı qoruyan dinc sakinləri?
Kimə üz tutaydı bu diyar onda?

Bir gəmiydi təlatümlü dənizdə,
Müstəqillik əldən gedə bilərdi.
Nələr baş vermədi Vətənimizdə,
Az idi sevinci, çox idi dərdi.

Biz ki töhfə saydıq müstəqilliyi,
Sükan arxasında səriştəsizlər.
Gərək qoruyaydıq müstəqilliyi,
Çox idi hər yanda səriştəsizlər.

Suverenlik! – Ulu Tanrı bəxşişi,
Min illərlə arzusunda olmuşduq.
Xadim olmur vəzifəli hər kişi,
Nə yaxşı ki, azadlığı bulmuşduq.

Uzaqdaydı onda elin Öndəri,
El söylədi: gəlsin xilaskarımız!
Heydəri səslədi, millət Heydəri,
Buyursun fəxrimiz, iftixarımız.

Prezident kürsüsü layiqdir ona,
Durna da başçısız olmur dünyada.
Xalq ümid bəslədi müdrik oğluna,
Dahi Heydərimiz yetişdi dada.

El içində naxələflər çox oldu,
Amma millətimiz düz qərar verdi.
Çətin anda satqın, qorxaq yox oldu,
Fəxri övlad özünü tez yetirdi.

Azəri xalqının doğru seçimi,
Milyonlar sözünü vaxtında dedi.
Tanıdı Heydəri mərd rəhbər kimi,
Yenidən Bakıya dəvət eylədi.

Gəldi, bu millətin ər oğlu, gəldi,
Gəmini çıxardı fırtınalardan.
Elin havadarı, nər oğlu gəldi,
Qəddini düzəltdi mərd Azərbaycan.

Quduzlaşdı harınlamış bədxahlar,
Düşüb xam xəyala azdılar yolu.
Uduzdu dönüklər, yurdu dananlar,
Gəldi dahi – Heydər Əlirza oğlu!

Gəldi bu diyarın Dahi Xadimi,
Seçdi öz yolunu qətiyyətlə o.
Durdu ön cərgədə bayraqdar kimi,
Dindi ülvi hisslə, xoş niyyətlə o.

Doğma yurdun çağırışına səs verdi,
Təhlükədən, həyatından qorxmadı.
Hər bir çətinliyə o sinə gərdi,
Dildə gəzdi Heydər Əliyev adı.

Atıldı meydana Qoç Koroğlu tək,
Bədxahlar da tez çəkildi qınına.
Günəşə bənzədi köksündə ürək,
Hər bir işdə tale oldu yar ona.

Gəldi aslan kimi, gəldi şir kimi,
Zülmət sevən yarasalar çox oldu.
Gəldi Babək kimi, Cavanşir kimi,
Hər bir sözü güllə oldu, ox oldu.

Öndəydi on illik tərəqqi yolu,
Azərbaycan öz yerini tutacaq.
Bu yol xəyanətlə, düşmənlə dolu,
Heydər keçə bilər o yolu ancaq.

O yolun əvvəli təhlükəliydi,
Meydan sulayırdı Gəncədə Surət.
Quldur dəstəsiylə çox hikkəliydi,
Öndə qan-qadaydı, öndə fəlakət.

Ölkə prezidenti, parlament sədri,
Yazıqlaşdı bir quldurun önündə.
Ali Baş Komandan çəkildi geri,
Odlar yurdu ağır gündə, pis gündə.

Kim gedirsə, kor-peşiman qayıdır,
O quldur başçısı saymır kimsəni.
Gedib ondan hesab soran qayıdır,
Sual edir, göndəribdir kim səni?

Qardaş qanı tökülürdü Gəncədə,
Çağırdılar şirürəkli Heydəri.
Çarə etsə, gərək yalnız o edə,
O siləcək ürəklərdən kədəri.

Yollandı Gəncəyə Heydər Əliyev,
Namərdlər namərdlik edərdi hər an.
Getdi millət deyə, Heydər Əliyev,
Qorxmadı ölümdən, öz həyatından.

Hər oğulun hünəriydi məgər bu?
Əl qaldırdı orda qardaş qardaşa.
Heydər sevdi canından çox bu yurdu,
Son qoyuldu toqquşmaya, savaşa.

Məğlub etdi, cilovladı qulduru,
Təhlükənin qarşısı tez alındı.
Qalib gəldi onun əzmi, qüruru,
İlk qələbə Gəncəmizdə çalındı.

Millət haray saldı – “yaş senzi nədi?”,
Müdrik Heydər alsın ələ sükanı.
Bu da bir oyundu, bir bəhanədi,
Xilaskar tanıyır el bu insanı.

Xəyanəti səriştəsiz rəhbərin
Doğma Qarabağı vermişdi bada.
Görünürdü yeri dahi Heydərin,
Şuşa tək bir qala qalmışdı yada.

Heydərlə bağlıydı yurdun sabahı,
Millət yekdilliklə səs verdi ona.
Sevdik prezidenti, qadir Allahı,
El böyük etimad göstərdi ona.

Neçələri sui-qəsdə can atdı,
Nanəciblər ona düşmən kəsildi.
Dövlət çevrilişi – el dada çatdı,
Nə yaxşı, nə yaxşı, sükançı gəldi.

Doğma Azərbaycan doğru yoldadı,
Dövlətlərin cərgəsində yerimiz.
Şərəflə çəkilir ölkənin adı,
Milli bayrağımız, milli gerbimiz.

Bayraqlar içində öz yeri vardır,
Dövlətimin şərəfidir, şanıdır.
Göylərə qaldırmaq bir iftixardır,
O, milləti ölkələrdə tanıdır.

Mərd havadar çətin bir anda gəldi,
Azərbaycan Dövlətini qorudu.
Kapitanım gəmi batanda gəldi,
Təhlükədən xilas etdi bu yurdu.

Mətin prezidenti Odlar yurdunun,
Yaşatdı dövləti, dövlətçiliyi.
Qorumaqdı vəzifəsi ordunun
Haqqı, ədaləti, dövlətçiliyi.

Ölkələrdə səslənməkdə himnimiz,
Üçrəngli bayrağım dünyanı gəzir.
Bu dövlətlə fəxr edirik indi biz,
Milli Ordumuz da əmrə müntəzir.

İlham yeni rəhbər bu diyar üçün,
Lövbər sal zirvədə, söylədi ata:
Çalış ki, həmişə ağ olsun üzün,
Xalqı sevib bağlan bu kainata.

Ölkəni qorudu təhlükələrdən,
“Heydər ata”, “Heydər baba” deyirlər.
Can verən dövləti qaldırdı yerdən,
Ömrü sığmaz hər kitaba, deyirlər.

Heydər Baba prezidentdi on ildir,
Ümummilli Lider – müdrik Ağsaqqal!
Nə olsun ki, vəzifədə deyildir,
İndi xalq Öndəri – müdrik Ağsaqqal!

Cavan İlhamımız arif xadimdi,
Siyasətdə mərd atadan dərs alıb.
Bu sözləri qətiyyətlə xalq dedi,
Cəsarətdə mərd atadan dərs alıb.

Bölgələrdə alqışlandı İlhamım,
Millət ümidini bağladı ona.
Alicənab bir insandı İlhamım,
Balam, – dedi neçə ağbirçək ana.

Dağıdıcı müxalifət dözmədi,
Bakımızda qarşıdurma, iğtişaş.
Onlar insanlara yüz yalan dedi,
Məhveləmə, vurubqırma, iğtişaş.

Səhv etmədi, düzgün addım atdı xalq,
Yekdilliklə İlhama səs verdik biz.
Axın-axın məntəqəyə getdi xalq,
Yurdun nurlu sabahını gördük biz.

Ölkələrə örnək oldu bu seçim,
Heyran qaldı müşahidə edənlər.
Xalqı döndərəmməz yolundan heç kim,
İlhamıma səs veribdi hər nəfər.

31 oktyabr, 2003

 

 

 

Mərd atanın mərd oğlu

İlham Heydər oğlu Əliyevin
üçüncü dəfə prezident seçilməsi münasibətilə

Belə şəffaf, büllur seçki harda var?
Növbəyə dayandı gələn insanlar.
Kölgə salmaq istəyənə olsun ar,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Ürəkdən səs verdi bu millət Sənə,
Min ümid bəslədi məmləkət Sənə,
Layiqdi məhəbbət, etimad Sənə,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Ot kökü üstündə bitər – bəllidir,
Bülbül gül üstündə ötər – bəllidir,
Məğlub olmaz igid əsgər – bəllidir,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Hörmətlisən, alqışlandın hər eldə,
Yurdunu müqəddəs sandın hər eldə,
Danış ölkələrdə bir neçə dildə,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Səni töhfə verib İlahi bizə,
Ölkəmiz qədimdi, rəhbəri təzə,
Belə hörmət, belə seçim möcüzə,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Həqiqəti danan oldu, məlumdu,
Onlar yarı yolda qaldı, məlumdu,
Haqq, ədalət zəfər çaldı, məlumdu,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Ellə kədərlənən, gülən xadimsən,
Torpağın qədrini bilən xadimsən,
Dünyaya vaxtında gələn xadimsən,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Qüdrətlisən, mərd atanın ər oğlu,
Qüdrətlisən, məmləkətin nər oğlu,
Şöhrətlisən, elin hünərvər oğlu,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Siyasət dərsini atandan aldın,
Atan sönməz Günəş, atan dan, aldın,
Ağlın, kamalınla qalxdın, ucaldın,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Dünyaya bəllidir şöhrətin, şanın,
Əslin, nəcabətin, öz adın, sanın,
Dövlət başçısısan Azərbaycanın,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Qartal zirvə sevər, zirvələr öndə,
Uçdun, pərvazlandın öz Vətənində,
Gör nələr gözləyir, gör nələr öndə,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Tərlan oylağında sar ola bilməz,
Tərlanın yerini sar ala bilməz,
Hər yetən zirvəyə ucala bilməz,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Sən millətin sevimli, mərd rəhbəri,
Çox olacaq yurdun nurlu səhəri,
El gözləyir Qarabağda zəfəri,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

İncəlsə də heç vaxt sınmaz həqiqət,
Xalq bəsləyir sənə sonsuz məhəbbət,
İlahi insansan, ali şəxsiyyət,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Haqqı, ədaləti sən bayraq eylə,
Qitələrdə üzümüzü ağ eylə,
Əsir torpaqları tez qaytar elə,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

Bu gün etibarlı əldədir sükan,
Qarabağ dərdlidir axı bu məkan,
Birinci şəxs, Sən Ali Baş Komandan,
İlham Əliyevdir prezidentimiz,
Dəstəkləyək, arxa olaq ona biz!

9 oktyabr, 2013

 

 

 

İyirmi iki fevral

Səksən səkkizinci ilin fevralı,
Dağlıq Qarabağa göz dikdi düşmən.
Tərs gətirdi xalqımızın yığvalı,
İstefa vermişdin Moskvada sən.

Mükəmməl ordu yox Qarabağımda,
Könüllülər, bir də dəstələr vardı.
Namərd çox, satqın çox Qarabağımda,
Belə də, belə də yurd qorunardı?

Beş il rəhbər oldu nadan fərsizlər,
Ölkənin başına nələr gəlmədi?
Şəhidlər çoxaldı, görməsin gözlər,
Heç kəs, vallah öz yerini bilmədi.

Qarabağdan soydaşlarım qovuldu,
Cəsurlar düşməndən kəndi alırdı.
Baş aça bilmirdin bu necə oldu?
Bir gün sonra düşmənlərə qalırdı?

Surət Davud oğlu “qəhrəman” idi,
Borc verirdi erməniyə torpağı.
“Sabahsa alajam” – çərənləyirdi,
Biz niyə itirdik, niyə torpağı?

Özümüz su qatdıq öz aşımıza,
Surət çəkdi Ağdərədən ordunu.
Dəydi qapazımız öz başımıza,
İttiham etmədi bir kimsə onu.

Qələm sahibinin silahı sözdü,
Savaş illəriydi doxsan dördədək.
Vurub tökdüyümüz öz gözümüzdü,
Nişangah sinəmiz, nişangah ürək.

Hər gün qurban verir yaralı torpaq,
Dərdə sinə gərir yaralı torpaq,
Yenə köks ötürür yaralı torpaq,
Gülləmiz tuşlanıb öz sinəmizə,
Ay Allah, sən özün kömək ol bizə!

Hanı cəsur Mehdim, Koroğlu hanı?
Kim atıb ortaya qarşıdurmanı?
Nə qədər axacaq şəhidin qanı?
Düşmən kül üfürür gözlərimizə,
Ay Allah, sən özün kömək ol bizə!

Yağı əlindədir torpağım bu gün,
Əsgərə çevrilsin hər dağım bu gün,
Öndə dalğalansın bayrağım bu gün,
Cəsarət-xəyanət – durub üz-üzə,
Ay Allah, sən özün kömək ol bizə!

Ağdamın harayı, Şuşanın dərdi,
Cənnət Kəlbəcəri yada kim verdi?
Laçın dəhliz olub, yad əllərdədi,
Çətin bu ağrıya hər ürək dözə,
Ay Allah, sən özün kömək ol bizə!

Kimlərsə vuruşur şərəf-şan üçün,
Yüksək kürsü üçün, ya ad-san üçün?
Yoxdur cavab verən nahaq qan üçün,
Vəzifə kef-damaq, vəzifə məzə,
Ay Allah, sən özün kömək ol bizə!

Biri dağa çəkir, biri arana,
Kim eli satarsa, olsun ar ona,
Millətin karvanı düşüb borana,
Mərd sarban gərəkdir çıxarsın düzə,
Ay Allah, sən özün kömək ol bizə!

Vardı belə Sarban, gəl, dedi millət,
Elin dahi oğlu – Heydəri vardı.
Ümidlər bəslədi ona məmləkət,
Odlar diyarının xilaskarıdı.

Meydan sulayırdı xəyanət yenə,
Tökülürdü qardaş qanı Gəncədə,
Tilsimə düşmüşdü dəyanət yenə,
Alovu söndürən hanı Gəncədə?

Getdi elçiləri Milli Məclisin,
Kimsəni saymadı “milli qəhrəman”.
Heç kəs çıxarmadı önündə səsin,
Hamısı Bakıya döndü peşiman.

Ümid qaldı xalqın nəhəng oğluna,
Gələr öhdəsindən Heydər Əliyev!
Bir neçə minnətçi üz tutdu ona,
Bu dərdə bir çarə edər Əliyev!

Onda yazdım “Əl saxlayın” şeirimi,
Yer tapdı tarixdə “Qurtuluş günü”.
Yollandı Gəncəyə qəhrəman kimi,
Ağ elədi millətinin üzünü.

                       ***
Sən dövlət başçısı olana qədər
Nələr gördü doğma Vətən, ay Allah.
Elin dəvətilə gələnə qədər
Neçə dəfə inlədim mən, ay Allah.

Oğlu şəhid olan ana inlədi,
Millət darda idi, millət köməksiz.
Çətin anda xalqın sənə “gəl” dedi,
Ağır kədər ürəyimə saldı iz.

“Ümmana dönübdür sinəmdə dərdim,
Yenə qəm sazını çalıb inlərəm.
Oğullar itirdim, qurbanlar verdim,
Bulud tək çağlayıb, dolub, inlərəm.

Qana boyanıbdır torpağım, daşım,
Yaman bəlalıymış, bəlalı, başım,
Qəlbimə axıbdır isti göz yaşım,
Dərin xəyallara dalıb, inlərəm.

İlahi, özün de, bu nə sınaqdı,
Nəydi günahımız, qanımız axdı?
Yağının istəyi, əhdi nahaqdı,
Bu gerçəyi hayqırıb da, inlərəm.

Üz alıb dığalar Qarabağımda,
Min qarğa, quzğun var Qarabağımda,
Susur mərd oğullar Qarabağımda?
Kədərdən, qüssədən solub, inlərəm.

Xoş günlər, zəfərlər gələcək yəqin,
Bədxahlar, namərdlər öləcək yəqin,
Xalqım fərəhlənib güləcək yəqin,
Sabaha bir nəzər salıb, inlərəm”.

Nəhayət, yetişdi tarixi bir gün,
Qismətimiz doxsan birdə azadlıq.
Səadət Günəşi məmləkət üçün,
Şölələndi ürəklərdə azadlıq.

Suverenlik, müstəqillik – səadət,
Gərək sevib qoruyasan əbədi.
Əgər ondan məhrumdursa bir millət,
Kölə olar neçə insan əbədi.

“Tanrımızın töhfəsidir,
Həqiqətin gur səsidir.
Bir xalqın məğrur səsidir,
Bu azadlıq, müstəqillik.

Bulduq əsrin sonunda biz,
Dilə gəldi ürəyimiz.
Günəş kimi odlu, təmiz,
Bu azadlıq, müstəqillik.

Biz bu günü çox gözlədik,
Arzuladıq, əzizlədik,
Mütləq bir gün gələr, dedik –
Bu azadlıq, müstəqillik.

Zəfər çalan həqiqətdir,
Əbədi bir səadətdir,
Doğma yurda məhəbbətdir –
Bu azadlıq, müstəqillik.

Oldusa da bu yol çətin,
Güldü üzü məmləkətin,
Haqq işidir bu millətin –
Bu azadlıq, müstəqillik”.

Müstəqillik qismət oldu millətə,
Qarabağı əldən verdik bəs niyə?
Dözdük fəlakətə, dözdük zillətə,
Zərbə endirdilər müstəqilliyə.

Uzaqdaydı sənin kimi bir Öndər,
Nadanlar torpağı bada verdilər.
Gəlməkdəydi Şuşamızdan bəd xəbər,
Namərdlər meydanı yada verdilər.

Haray çəkdi torpağımız, qəlbimiz,
Olduq neçə xəyanətin şahidi.
Odla suyun arasında qaldıq biz,
Törədilən cinayətin şahidi.

Haray çəkdi əldə qələm, dildə söz,
Yazı yazan, qələm tutan inlədi.
Yalan idi, böhtan idi eldə söz,
Əli Vəkil haray, ay haray, dedi.

“Əbədi odlara qalanan mənəm,
Doğma yurd-yuvası talanan mənəm,
Evinin içində qul olan mənəm,
Müqəddəs torpağım, haray, ay haray!

Üzür Qarabağın həsrəti bizi,
Cıdır düzündədir Vaqifin izi,
Gəlin itirməyək ümidimizi,
Şuşalı növrağım, haray, ay haray!

Köksünü ötürür Zəngilanımız,
Havayı axmasın gərək qanımız,
Deyin, harda qaldı bəs ad-sanımız?
Cənnət Qarabağım, haray, ay haray!

Ağdamı, Şuşanı əldən vermişik,
Abad Xocalını viran görmüşük,
Qəm-qüssə içində ömür sürmüşük,
Yad gəzən oylağım, haray, ay haray!

Dünyada mənim tək dərdli tapılmaz,
Qışa çevrilibdir gözlərimdə yaz,
Götür qələmini, şair, bir də yaz,
Yaralı torpağım, haray, ay haray!

Füzuli, Cəbrayıl, Qubadlı əsir,
İndi sinəsində düşmənlər gəzir,
Dağımız, daşımız satıldı bir-bir,
Sönən gur ocağım, haray, ay haray!

Haçandan ağlayır “İsa bulağı”,
Kədərlə çağlayır “İsa bulağı”,
Qəlbləri dağlayır “İsa bulağı”,
Səfalı yaylağım, haray, ay haray!

Bir gün qucaqlayar Kəlbəcər məni,
Qoynunda saxlayar Kəlbəcər məni.
Doğma oğlu sayar Kəlbəcər məni,
Məğrur Keyti dağım, haray, ay haray!

Vulkana çevrilsin torpağım, daşım,
Yaddan təmizlənsin hər dağım, daşım,
Zəfərlər olacaq dostum, sirdaşım,
Qələbə sorağım, haray, ay haray!”

Gördü öz işini, gördü xəyanət,
Qələmə almasın, neyləsin şair?
Hörümçək toru da hördü xəyanət,
Qəlbindən keçəni söyləsin, şair.

El səni ümidlə haraylayanda
Köçürdüm kağıza gördüklərimi.
Dərddən gəlib dilə haraylayanda
Nəğmələr yaşadır dərdi-sərimi.

Sənin dastanında söz saldım yenə
O ağır günlərin faciəsindən.
Adam inanmayır gördüklərinə,
Vətən həsrətiylə qovrulurdun sən.

Heydər Baba, nə yaxşı ki, sözlərim
Məlhəm olub ürəyimin dərdinə.
Nələr görməyibdir, nələr gözlərim,
Alqış yurdun ər oğluna, mərdinə.

“Yenə tarixini vərəqləyirəm,
Nələr görməyibdir Azərbaycanım?
Bir gözündə sevinc, bir gözündə qəm,
Azadlıq deyibdir Azərbaycanım.

Yüz yol talansa da torpağı onun,
Məğrur dayanıbdır mərd oğlu, qızı.
Qeyrəti – silahı, yarağı onun,
Qırıb, məhv edibdir yadı, qansızı.

Yadelli basqını az olmayıbdır,
Qızıldır, gövhərdir torpağı, daşı.
Tarixdən imzası pozulmayıbdır,
Babəkdir, Nəbidir hər vətəndaşı.

Necə də yerində deyib atalar,
Kim bilmir çaqqalsız olmayır meşə.
Qınına çəkilmiş satqınlar da var,
Pəl vurur arxadan onlar hər işə.

Qıratı qaçıran keçəl həmzələr
Yenə sıramızda, cərgəmizdədir.
Zərbələr vururlar düşməndən betər,
Tanıya bilmirik, günah bizdədir.

Bəzən diz çökdürür xəyanət bizi,
Satqını tanımaq çox çətin olur.
Tərk etmir cəsarət, dəyanət bizi,
Türk oğlu həm qorxmaz, həm mətin olur.

Xocalım, Laçınım, basılmaz Şuşam,
Gizli xəyanətin qurbanı oldu.
Masa arxasında çaşıb qalmışam,
Gör neçə soydaşım qəfil vuruldu?

Gülləmiz tuşlandı öz sinəmizə,
Kim vurdu Şuşada səkkiz igidi?
Baş verdi xəyanət, qan çıxdı dizə,
Daxildə qurulan bir tələ idi.

Yadlarla bacarmaq asandır, asan,
Qorxulu düşmənlər öz içimizdə.
Ayıq ol, el oğlu, ayıq ol hər an,
Astar içimizdə, üz içimizdə”.

Görüb ölkəsində fəlakətləri,
Cana doyan söz adamı sızladı.
Eşidirdin sən də fəlakətləri,
Yurdumuzun yüz adamı sızladı.

Bəsdir, dedi, bəsdir, qələm tutanlar,
Dayanmışdı onda bıçaq sümüyə.
Gördük səni arzulayır bu diyar,
Ariflər səslədi səni gəl, deyə.

Nifrət hissi səriştəsiz rəhbərə,
Gəlişinə mane olan var idi.
Qəzəbləndim, fikrə daldım yüz kərə,
Qəlbimdə dil açan misralar idi:

“Torpağımda tökülür qan,
Daha məndə qalmadı can,
Qisas alınsın yağıdan,
Bəsdir dözdük, bəsdir daha!

Qarabağ qana boyandı,
Cənnət diyar oda yandı,
Zülüm lap ərşə dayandı,
Bəsdir dözdük, bəsdir daha!

Düşmənlər hər gün baş alır,
Doğma kəndlərim boşalır,
Neçə oba, el boş qalır,
Bəsdir dözdük, bəsdir daha!

Şəhidlər verdim nə qədər,
Faciə gördüm nə qədər,
Kədərim, dərdim nə qədər,
Bəsdir dözdük, bəsdir daha!

El dərdindən qəlbim yara,
Vətən yenə düşüb dara.
Dərs verilsin cəlladlara,
Bəsdir dözdük, bəsdir daha!

Səbrin də öz həddi vardır,
Qırğının sərhəddi vardır,
Gen dünya başıma dardır,
Bəsdir dözdük, bəsdir daha!

Dərdli, kədərlidir hamı,
Susub şairin ilhamı,
Başlansın xalq ittihamı,
Bəsdir dözdük, bəsdir daha!”

Qanlar axdı, amma Heydər uzaqda,
Şair də üz tutdu ər oğullara.
Öndər gərək idi, getsin qabaqda,
Düşmüşdü bu diyar, düşmüşdü dara.

Yurddaşları qələbəyə səslədim,
Dedim indi hünər, qeyrət dəmidir.
Daldalanma, Vətən oğlu, gəl, dedim,
Vətən dərdi hamımızın qəmidir.

“Qulağımda torpağımın harayı,
Qurbanlarla yola saldım hər ayı.
Vaxtsız uçur ömürlərin sarayı,
Öyünməsin Qarabağda yad bu gün!
Sönməyibdir qəlbimizdə od bu gün!

Şuşa dərdi, Laçın dərdi çəkilməz,
Ərənlərin darda dizi bükülməz,
Basılmazdır qalalarım – sökülməz,
Qartalların yuvasıdır Şuşamız!
Nəhənglərin obasıdır Şuşamız!

Yuxudaydıq, gizli tələ qurdular,
Xocalıda kürəyimdən vurdular,
Dilbir idi, qaniçəndi ordular,
Öz gülləmiz dəydi bizə arxadan,
Ürəyimə batdı nizə arxadan!

Qalib gələr hər hiyləni duyan el,
Övladını basılmaz ər sayan el.
Bu sınaqdı, imtahandı, dayan, el,
Tez seçəyin gərək ağı qaradan,
Qan tökəni qanda boğur Yaradan!

Kol dibindən atəş açmaq namərdlik,
Qanlar tökmək, evlər yıxmaq namərdlik,
Torpağına dönük çıxmaq namərdlik,
Gəl, gəl, – deyir igidliyin zirvəsi,
Əlçatmazdır şəhidliyin zirvəsi!

Babəkimin, Koroğlumun övladı,
Yaşayacaq mərd oğulun mərd adı.
Aman vermə, vur qulduru, vur yadı,
Qaniçənlər yayınmasın gözündən,
Nər oğullar heç vaxt dönməz sözündən.

Kişilərdən qeyrətlidir qızlar da,
Kömək umur tomrislərdən el darda,
Nərə çəksin dərələr də, dağlar da,
Yağıların xam xəyalı əbəsdi,
İgidlərin nərəsindən yer əsdi!

Şuşamızı yada verən kimlərdi?
Düşmənlərə yol göstərən kimlərdi?
Səngərlərə sinə gərən kimlərdi?
Zəfər! – deyə can at, can at irəli!
El dardadı, köməyə çat, irəli!

Bu torpaqda yad niyə at oynatsın?
Nifrət hissi qanımızı qaynatsın,
Hər obada Beyrək, Domrul boy atsın,
Odlar oğlu, vur, əllərin var olsun!
Qorxaqlara, satqınlara ar olsun!”

Qarabağım uçub əldən gedəndə,
Haray salıb “Vətən çağırır” dedim.
Torpaq itgisindən sızladım mən də,
Qələmlə, kağızla birgə inlədim.

“Qanımızla suvarılır Qarabağ,
Alovlanıb külə dönür hər oymaq.
Qəlbimizlə, canımızla qoruyaq,
Soydaşım, silahlan, Vətən çağırır!

Yadigardır Dədə Qorqud babamdan,
Yad qovulsun qoy elimdən, obamdan,
Qarabağda söküləcək qızıl dan,
Gecikmə Mil, Muğan, Vətən çağırır!

Zəfərlər çalıbdır Şuşa qalası,
Düşmənə qalıbdır Şuşa qalası,
Niyə qul olubdur Şuşa qalası?
Başında çən, duman, Vətən çağırır.

Sinəmi dağlayıb Xocalı dərdi,
Bundan sonra yaşamağım hədərdi.
Ürəyində götür-qoy et ha dərdi,
El çıxsın qoy yasdan, Vətən çağırır!

Hey çarpışır yad əlində Laçınım,
Dara düşüb öz elində Laçınım,
Yenilməzdi durub öndə Laçınım,
Qisas al yağıdan, Vətən çağırır!”

 

 

 

İlahi məhəbbət

Tanrı vergisiydi İlahi sevgin,
Yalandı məhəbbət dastanları da.
Ümmanlar tək dərin, göylər tək əngin,
Qorudun əhdi də, düz ilqarı da.

Görkəmli xadimi, dahi insanı –
Əziz Əliyevi “düşmən” saydılar.
“Orqan işçisisən, yolunu tanı,
Sən sevsən o qızı, hər şey məhv olar”.

Sevdiyin, seçdiyin Zərifə xanım,
Xalq sevdi Əzizi, müdrik xadimi.
“Odur bəyəndiyim, odur gümanım”,
Yaşatdın eşqini sən kişi kimi.

Xəbərdar etdilər rəsmən hey səni:
“Bil ki, təhlükəli addım atırsan.
Vallah, itirərsən öz vəzifəni,
Düşün sabahını, uzaqlaş ondan”.

Sözünün üstündə möhkəm durdun sən,
“Cavabdeh deyildir ataya övlad”.
Hər təqibə dözdün, sinə gərdin sən,
“Niyə o məsum qız eyləsin fəryad?”

Axı, nə günahı olub atanın?
Yoxdur Zərifənin, yoxdur taxsırı.
Bu eşqi əbədi, ilahi sanın,
Bizi də bir duyun, anlayın barı.

Mənim məhəbbətim oyuncaq deyil,
Bircə dəfə sevir hər kamil insan.
Odu sönməyəcək keçsə neçə il,
Əl çəkən deyiləm sevgi payımdan.

Ürəkdən sevirik bir-birimizi,
Yalnız Tanrı poza bilər bu əhdi.
Hədələr, təqiblər qorxutmur bizi,
Göydə mələk yaza bilər bu əhdi.

Mane olmasınlar bəndələr bizə,
Əbədidir bu ilahi məhəbbət.
Özümüz bələdik iradəmizə,
Qəbrə qədər yaşayacaq sədaqət.

Eşqimə layiqdir Zərifəm, bilin,
Qovurlar qovsunlar qoy işdən məni.
Olsa da qismətim kədər, qəm, bilin,
Azdırmaz yolumdan duman, çən məni.

Doqquz il uzandı vüsalın yolu,
Gördulər ki, al Günəşdi bu sevgi.
Aylar, illər keçdi həsrətlə dolu,
Büllurlaşdı, ülviləşdi bu sevgi.

Əlli dörddə zəfər çaldı ədalət,
Ən müqəddəs bir ailə quruldu.
Əfsanəydi bu ilahi məhəbbət,
Cüt ürəkdə arzular da gur oldu.

Örnək idi bu ailə, ər, arvad,
Qoşa övlad – Sevil, İlham böyüdü.
Ülviyyət o evdə açdı qol-qanad,
Zərifənin düzgün ana öyüdü.

“Ay oğul, halaldı ananın südü”,
İlhamın ağlına heyran qaldılar.
Belə tərbiyəni, belə öyüdü
Anan verib, tale olsun ona yar.

Neçə dil öyrəndi, elmi ad aldı,
Ata, ana şərəfini qorudu.
Onunla bir milləti də şad oldu,
Nə yaxşı ki, xoşbəxt etdi bu yurdu.

İlham mətin övlad – Vətənə gərək,
İndi dövlətimin rəhbəridir o.
Köksündə döyünür odlu bir ürək,
Vətənin naminə nələr etdi o?!.

Fürsət axtarırmış amansız ölüm,
Tez köçdü dünyadan Zərifə ana.
Köçübdür deməyə gəlməyir dilim,
Çoxdan qovuşubdur haqq dünyasına.

On səkkiz il Zərifəsiz yaşamaq,
Çətin oldu elin Heydər oğluna.
Büllur eşqi ürəyində daşımaq,
Alın yazısıydı həyatda ona.

Əbədi məhəbbət – Heydər-Zərifə,
Hər sınağa tab gətirdi, sönmədi.
Məskənləri cənnət – Heydər-Zərifə,
Çiçək açdı, bəhrə verdi, sönmədi.

Atanın, ananın məhəbbətini
Daim örnək sayır İlham-Mehriban.
Onların eşqini, sədaqətini
Həyatda sınayır İlham-Mehriban.

Ölkənin Ledisi – Mehriban ana,
Bütün analara örnək olacaq.
Əlacsız bir qadın üz tutsa ona,
Dərhal kömək edib, gərək olacaq.

Ana cüt qızını, bir də ümidlə
Heydər İlham oğlu- böyüdür bu gün.
Susub Heydər baba, məlumdu elə,
Vardır nəvə Heydər Əliyev bu gün.

26 dekabr, 2003

 

 

 

 

Bu sarayı bir zaman tikdiribdir o Dahi

Bu sarayı bir zaman tikdiribdir o Dahi.
Göz yaşı tökür hamı, ümmana bax, İlahi.

Vidalaşır gələnlər o Dahi şəxsiyyətlə,
O sevib öz yurdunu saf arzu, saf niyyətlə.

Azərbaycan axışıb vida mərasiminə,
Bakı insan dənizi, hamı hönkürür yenə.

Neçə-neçə ölkədən dövlət rəhbərləri var,
Ziyarətgah biliblər bu şəhəri qonaqlar.

Bakımız görməyibdir bu qədər insan seli,
Əllərdə gül dəstəsi, üzlər dərdli, kədərli.

Cənazə bükülübdür üçrəngli bayrağıma,
Bu bayraq da, Heydər də şöhrətdir torpağıma.

Naxçıvanda ilk dəfə o qaldırdı vüqarla,
Ölkələri özüylə gəzdirib iftixarla.

Dalğalansın gərək o Heydər bayrağı kimi,
Qitələri dolaşsın Öndər bayrağı kimi.

Cənazəsi top üstə qoyulur ehtiramla,
İzdiham coşğün dəniz, tabut ümmanda damla.

Cənazə izdihamla üz tutur son mənzilə,
İnsanların gözündən yaş axır gilə-gilə.

Gəliblər mərasimə mənəvi borc versinlər,
Ona olan sevgini gözləriylə görsünlər.

Hamı gəlib Öndərə “rahat uyu” söyləsin,
İlham Heydər oğluna “Başın sağ olsun” desin.

Cənazəylə bərabər piyada gedir hamı,
Meydanlar və küçələr tutmur bu izdihamı.

Topu dartan maşın da addım-addım gedirdi,
Bütün azəri xalqı müşayiət edirdi.

Saraydan Xiyabana saat yarım çəkdi yol,
Heydər gəlir qoynuna, ana torpaq, hazır ol!

Dəfn anı yetişir, dövlət himni səslənir,
Məzara qoyulanda toplar, gəmilər dinir.

O qovuşur canından çox sevdiyi torpağa,
Bu məmləkət, bu millət necə dözsün bu dağa?

Oğlu, qızı üçün də çətin anlardır, Allah,
Qardaş, bacı, nəvələr qəm-kədərdən çəkir ah.

Əlvida, ata, deyir İlham Əliyev bu an,
Nəvələrin göz yaşı axır yanaqlarından.

Həm ata, həm müəllim, həm də dahi rəhbərdir,
O, millətin Öndəri, o, ilahi rəhbərdir.

Tənha idi burada, tənha Zərifə xanım,
Çox söyləyib həyatda ona eşqim, imanım.

Ömür-gün yoldaşının yanına can atdı o,
Əbədiyyət sakini, ölməzliyə çatdı o.

Qoruduğu, sevdiyi torpağına qovuşdu,
Qayğısını çox çəkib, deyib ana, qovuşdu.

Bu dünyadan heç nə yox, bir təmiz ad apardı,
Odlar oğluydu axı, qəlbində od apardı.

Yaratdığı, qurduğu doğma ellərə qaldı,
Özü torpağa endi, heykəlləri ucaldı.

Dünyaya sığmayan şəxs indi məzara sığır,
Onun üçün hamının üzündən kədər yağır.

Sən dünyaya göz açdın Naxçıvan torpağında,
Nurla dolsun məzarın Bakının qucağında.

Borçalısı, Göyçəsi, Dərbəndi var yurdunun,
Bütöv idi Vətənin, dahi oğlusan onun.

Heykəlləşdin qurduğun neçə-neçə heykəldə,
Dahilər ölmür axı, canlı olur heykəl də.

Heydər Baba, rahat yat, Azərbaycan düz yolda,
Axarıyla gedəcək bu yurd, məkan düz yolda.

Vətən üçün, el üçün ər oğul böyütmüsən,
Qoy heç kəs deməsin ki, sən yurdu tərk etmisən.

19 fevral 2003

 

 

 

 

Müqəddəsdən müqəddəs

Müqəddəsdən müqəddəs, sən bu xalqın övladı,
Ölkənin memarısan, daşıyırsan bu adı.

Gəlməsəydin əgər sən, Vətən əldən gedərdi,
Çəkmək olmazdı inan, bu niskili, bü dərdi.

Sən dövlətin rəhbəri, sən, Ali Baş Komandan,
Odlar Yurdu hər işdə qalib çıxıb sınaqdan.

Qarabağa göz dikdi bu qan içən daşnaklar,
Sənsiz əldən gedərdi doğma ocaq, bu diyar.

Fırtınalı dənizdə batan gəmiydi vətən,
Həmin anda bu yurdun harayyına yetdin sən.

Tez sükandan yapışdın batmaq istərkən gəmi,
Onun xilaskarı tək, heyran etdin aləmi.

Qədim Şuşa, Xankəndi yurdumun məskəniydi,
Əldən gedən Xocalım yuxuydu, xəyal idi.

Bu da qədim Naxçıvan, bu da Kələki kəndi,
Dövlət Başçısının da işi burda tükəndi.

Parlamentin sədri də bir iş görə bilmədi,
Millət vəkillərinə də yol göstərə bilmədi.

Canın qədər sevmisən sən bu Odlar yurdunu,
Yaşatdırdın qəlbində mərd oğullar yurdunu.

Vurğun idin Vətənin torpağına, daşına,
Sən yanar pərvanə tək dolanırdın başına.

Qəlbindəydi həmişə yurdun-yuvan, məskənin,
Müqəddəsdi həyatda, dayağındı o sənin.

Doğma məkan qəlbində gəzdin neçə ölkəni?
Ürəyində bəslədi Vətən səni, el səni.

Müqəddəsdən biri də Üzeyir Hacıbəyli,
Nəğmələri qəlblərdə, nə deyir Hacıbəyli?

Fitri istedadıyla o gör nələr yaratdı?
«Azərbaycanın himni», əfsanələr yaratdı.

Onu bütün dünyada alqışlayır insanlar,
Dövlətlərdə səslənir, doğma sayır insanlır.

Canından da çox sevdin yurdun Azərbaycanı,
Tanıdaraq ölkəni, dolaşdın bu dünyanı.

Ürəyində bu diyar seyr elədin cahanı,
Varmı belə məmləkət, belə bir ölkə hanı?

Bu gün on bir iqlimin doqquzu düşüb bizə,
Bu kainat sehirli, bu kainat möcüzə.

Nəğmə yazır şairlər, Azərbaycan haqqında,
Ən müqəddəs nəğmələr yada düşür bu anda.

Gör nə qədər kövrəldin yad ölkədə olarkən,
Müqəddəs mahnıları, göy Xəzəri andın sən.

Ən kövrək hisslərinlə bir an söz açdın, hardan?
Yaman sızladı qəlbin həsrətdən, intizardan.

Böyük Səməd Vurğun da gözləyirdi bu anı,
Tərənnüm etdi tez-tez doğma Azərbaycanı.

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Annam doğma Vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan.

Sən kövrəldin nə yaman Azərbaycan deyərkən,
Gözlərindən yaş axdı yurdunu andın həmən.

                              ***

Müqəddəsdən biri də oxşadı qəlbinizi,
Rəşid Behbudovdu sehirləyir o bizi.

Müqəddəs nəğməkarın yenə «Ana» mahnısı,
Ürəklərə yol açır yana-yana mahnısı.

«Yurdum, yuvam məskənimsən Azərbaycanım,
Annam doğma vətənimsən, Azərbaycanım.»

Sehirləyir bus əs səni, sehirləyir gözündə yaş,
Dinir qəlbin, dinir yenə ürəyində sevgi, təlaş.
Dinən Məmməd Arazdı,
O, düşündü, o, yazdı.
«Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin».

Niyaməddin Musayev oxuyur bu mahnını,
Kövrəldir könülləri, el duyur bu mahnını.

Duyan qəlbi dindirir, sərhədləri keçir o,
Neçə vurğun ürəyə, neçə sərhəd seçir o?

«Azərbaycan» – bu mahnı ürəkləri dindirir,
O, nəğməni oxuyan Müslüm Maqomayevdir.

Nizamilər yurdunda ilhamı aşdı-daşdı,
«Azərbaycan» qəlbində ölkələri dolaşdı.

Onun füsunkar səsi möcüzəydi, möcüzə,
Bu Odlar diyarını sevdirirdin sən bizə.

                            ***

Azadlıq, müstəqillik ananın əkiz oğlu,
Bu həyat yollarında el qorusun bu yolu.

Nəzər salın xalqımın taleyinə, bəxtinə,
Məğrur, mətin ölkənin taleyi nə, bəxti nə?

Stalinizmin qılıncı baş kəsdi sağda, solda,
Soyqırımı millətin qismətiymiş bu yolda?

Hüseyn Cavid və Müşfiq, elin mərd oğulları,
Gedərgəlməzə getdi, bax onların yolları.

Haqdan gəldi nəğməli kəlamları, ay Allah,
Yox idi sizin kimi xilaskarı, ay Allah.

Dədə Qorqud elində şair doğulubdular,
Seyr etdilər Göy gölü, Ulu Qoşqarı onlar.

Bizimlə bir yaşayır nəğmələri hər yanda,
Duyğular dilə gəlir bu sehirli cahanda.

Ölkəmizi seyr edin, sayın bu möcüzələri,
Sehirlidir bu diyar, yayın bu möcüzələri.

Ulu Öndərimiz Heydər Əliyev:
Mən həmişə fəxr etmişəm,
Bu gün də fəxr edirəm ki,
Mən Azərbaycanlıyam!

Müxbir: Ən çox sevdiyiniz nə?
H.Əliyev: Ən çox sevdiyim? – Həyat,
Onsuz puçdur kainat.

 

 

 

 

Əsrin kontraktı

Keçən əsrin kontraktı verdi öz bəhrəsini,
Bax, yüksəltdi hər yanda Vətən səni, el səni.

Altı əcnəbi dövlət ünvanım, adım deyə,
On bir xarici şirkət gəldi bizim ölkəyə.

Nobel qardaşlarını onlar yada saldılar,
Bakı neftin məskəni – xatırlandı bu diyar.

Ulu Öndər söz aldı Odlar Ölkəsi kimi,
İftixarla danışdı torpağının hakimi.

Uğurlar olsun sizə! Verdi xeyir-duanı,
Düşdü tarixə o an vətənimin bu anı.

Əsrin müqaviləsi ölkələri cəlb etdi,
Başlandı pay bölgüsü, şirkətlər eşitdi.

Dədə Qorqud yurdunda, bu dalğalı Xəzərdə,
Nefti çoxdu ölkənin xalqdan halı, Xəzərdə.

Torpağına hörmətin məlumdur hər işinlə,
Bu Vətəni qorudun ikinci gəlişinlə.

Çıxmır xalqın yadından Gəncə hadisələri,
Tarix nələri gördü, Tanrım, bir gör, nələri?

Tuşlanmışdı silahlar, qardaş-qardaşa qarşı,
Özümüz başlamışdıq bu qırğını, savaşı.

Namərdlik eləsəydi şərəfsizlərdən biri,
Hədəf olardı, vallah, Xalqın Ulu Öndəri.

Bu yurdun tarixində çoxdur xidməti onun,
«Milli Qurtuluş günü» onbeşidi iyunun.

Dövlət müstəqilliyi və üç rəngli bayrağı,
Ölkələrdə səslənir «Himnimiz»in sorağı.

O tarixdən, o vaxtdan bir gör neçə il ötdü?
Azərbaycanın nefti dünyanı heyran etdi.

Vətən təhlükədəydi, tez dadına yetdin sən,
Füzuli torpağında yaş səngərə getdin sən.

Gəldi sənin dadına, gəldi ərlər-ərənlər,
Horadizi aldılar, səsinə səs verənlər.

Xətailər yurdunu yaman günə qoydular,
Mat qalmışdı bu diyar, kömək umdu iqtidar.

Duydun, Qarabağımda «Atəşkəs» lazım idi,
Silahlar susmayırdı, torpaq əldən gedirdi.

Keçən əsrin sonunda, doxsan dördün mayında,
«Atəşkəs» imzalandı bax, o ilin yayında.

Dərin ağlın, dərrakən hər şeyi ölçdü-biçdi,
«Atəşkəs lazım idi», «Atəşkəs» işə düşdü.

Mola Pənah Vaqif də bu torpağın övladı,
Qoynunda doğulanlar qorumadı bu adı.

Baş qaldırdı satqınlar, bu yurda göz dikdilər,
Nələr oldu ölkəmdə, aman Allah, gör nələr.

Vətənə sahib çıxan Siz oldunuz, yalnız Siz,
Sizin qeyrətinizlə xilas oldu ölkəmiz.

Ölkələr sırasında ön xətlərdə yerimiz,
Biz qeyrətlə qoruduq, qazandıq bu yeri biz.

Ən qabaqcıl yerlərdə ölkəmiz addımlayır,
Dövlət rəhbərləri İLHAMI örnək sayır.

Sənə layiq bir övlad, Sənə layiq nər oğul,
Tutdu Ata yolunu, bax, bu hünərvər oğul.

Azadlıq, müstəqillik, asan başa gəlmədi,
Şəhidlər də verdik biz, xalqımız əyilmədi.

Mətin, məğrur millətin sərbəst, müstəqil oldu,
Kəşməkəşli yollardan, inqilabdan doğuldu.

                                ***

Həyatla vidalaşdın, cənnətməkan oldun sən,
İlham Heydər oğlunu rəhbər seçdi bu Vətən.

Dünya prezidentləri hörmət bəsləyir ona,
Dəvət edir ölkələr, göz dikirlər yoluna.

Bu gün nəvə Heydərin Baba, Ata öyüdü,
Unutmayır müdriklər bu həyata öyüdü.

Dövlətçilik yolunda çox mətləbdən söz açdın,
Neçə dəfə danışdın, dinlədin sən, söz açdın.

Uğurla keçib hər bir ölkələrdə səfərin,
Ulu Öndərlə birgə açılır hər səhərin.

Bu dövlətlərin sayı yüz qırx olub bilin siz,
Onların arasında otuz beşdi yerimiz.

Bu sıranı, bu yeri qazanıbdır ölkəmiz,
Nələr etdik, gör nələr, bu layiqli işdə biz.

Sovetlər Birliyində yetmiş bir il susaraq,
Bizim Odlar yurdunun yaratdığı bu bayraq,

Tanrım, nələr gördük biz suverenlik yolunda,
Tələb etdi xalqımız bu bayrağı, biz onda.

Heydər Əliyev idi Naxçıvanın rəhbəri,
Ona hörmət edirdi bu millətin hər biri.

Ulu Öndər Bayrağı gətirtdirdi salona,
Səs yayıldı hər yana, heyran oldu el ona.

Bayraq döyüşdə hünər, Bayraq zəfər deməkdir,
Bayraq qanlı döyüşdə, ər oğlu ər deməkdir.

Bayraq – Milli Qəhrəman, cəsur Mübariz demək,
Fırtınalar qoynunda məğrur Mübariz demək.

Keçən əsrin əvvəli, on səkkizinci ildə,
Milli dövlətçiliyi bildi oba da, el də.

Demokratik Cümhuriyyət doğma Azərbaycanda,
İyirmi səkkiz mayda bayram oldu hər yanda.

O dövləti yaradan, o dövləti quranlar,
İki il də çəkmədi keşiyində duranlar.

Cavan dövlət az vaxtda bir gör nələr yaratdı,
Yaddaşlara sığmayan əfsanələr yaratdı.

Dövlət atributları hər ölkədə sevildi,
Üç rəngli Bayrağımız onda şadlandı, güldü.

Azərbaycanımla bir neçə sərhədlər aşdıq,
O, Dövlətin rəmzidi ölkələri dolaşdıq.

Üç rəngli Bayrağımın ayı var, ulduzu var,
Qarabağda, döyüşdə öndə getsin Bayraqdar.

Bayrağımda, ay ellər, ulduz səkkiz guşəli,
Qələbə çal Bayraqla, irəli get, irəli.

Bayraq ürək deməkdir, Bayraq vicdan deməkdir,
Bayraq məhəbbət demək, damarda qan deməkdir.

Dövlət rəhbərləri hər vaxt and içən zaman,
O müqəddəs bayrağa səcdə qılır həmin an.

Elinə xidmətini yenə müqəddəs sayır,
Öpür onu üç dəfə, gözü üstə oxşayır.

Önündə baş əyərək Bayrağını öpür o,
Ülvi, müqəddəs sayır, önündə diz çökür o.

Tanındıq yer üzündə «idman ölkəsi» kimi,
Mübariz tək gəncliyin qalib, gür səsi kimi.

İdman yarışlarında saydıq medalları biz,
Ucaldı Bayrağımız, dindi «Dövlət Himnimiz».

Başımızın üstündə dalğalanır o Bayraq,
Qarabağda bizimlə zəfər anır o Bayraq.

Bu da Dövlət Bayrağı, bu da Bayraq meydanı,
Heyran edir hər kəsi, heyran edir dünyanı.

Küləklər şəhərində, Xəzərin sahilində
Bir şəhərcik yaradıb bu Bayraq öz elində.

Vurğun olur, ay Allah, bu Bayrağı görənlər,
Elə bil ki, mat qalır bu növrağı görənlər.

Ginnesin Rekordlar Kitabında bu bayraq,
Qəbul etdi ürəkdən, həmin anda bu Bayraq.

Belə sınaqlarda biz dünyanı heyran etdik,
Bir gör neçə ölkədən tərifli söz eşitdik.

Başımızın üstündə dalğalanır o Bayraq,
Qarabağa yollanır, zəfər anır o Bayraq.

                           ***

Yenidən ölkəmizə gəlişin alqışlandı,
Uğurlu hər addımın, hər işin alqışlandı.
Sənin yeni partiyan elə xidmətin oldu,
«Yeni Azərbaycan»la arzuların çin oldu.

Məmləkətdə onlarca siyasi partiya var,
Adlarını doğrultmur bu yeni partiyalar.
İqtidar Partiyası, bu «Yeni Azərbaycan»,
Onun sıralarına gənclər gəldi durmadan.

Qeyd eləyir insanlar iyirmi beş yaşını,
Unutmur bu partiya Qarabağ savaşını.

Yeddi yüz min nəfəri keçib onların sayı,
Hesablanır durmadan hər həftəsi, hər ayı.

Yazılır hər tarixə uğurların, illərin,
Adını daşıyır o, Ümummilli Liderin.

Partiyanı yaşadır İlham Əliyev indi,
Dövlətə rəhbərlik də İlham Əliyevindir.

İqtidar Partiyası «Yeni Azərbaycan»dı,
O sevildi ölkədə, dünyada alqışlandı.

Siz yeni bir siyasi partiya yaratdınız,
«Yeni Azərbaycan»la çox arzuya çatdınız.

Ən şərəfli partiya «Yeni Azərbaycan»dı,
O, sevildi ölkədə, dünyada alqışlandı.

O, Ginnesin «Rekordlar kitabı»nı bəzədi,
Bayraqlar arasında dünya alqışlar dedi.

İqtidar Partiyası, – bu «Yeni Azərbaycan»,
Onu bizim xalqımız alqışlayır hər zaman.

Belə sınaqlarda biz, dünyanı heyran etdik,
Bir gör neçə ölkədən biz alqışlar eşitdik.

Döyüşlərə qoşulur Tomrislərin övladı,
Mehdi Mixaylo, – deyə doğruldarıq bu adı.

                              ***

Müstəqillik yolunda yetişdi çətin anlar,
Qardaş deyə gəldilər sizdən kömək umanlar.

Bu, bir millət sayılan, iki dövlət adlanan,
Azərbaycan-Türkiyə qardaş olub hər zaman.

Naxçıvanla-Türkiyə bir-birinə doğmadı,
Onlar birgə qoruyar hər daşnağı, hər yadı.

Türkiyə Naxçıvanın yetişdi köməyinə,
Gəldi Heydər Əliyev, gəldi, o Dahi, yenə.

Onların arasında olmayıb umu, küsü,
Açıldı sərhəd boyu ümid, inam körpüsü.

Sovetlər ordusunu Naxçıvandan çıxardı,
Qardaş Türkiyə ilə sərhəd körpüsü vardı.

Qədim Naxçıvanın o böhranlı illəri,
Ümid körpüsü idi sevindirən elləri.

Bir millət, iki dövlət, söylədi Ulu Öndər,
Süleyman Dəmirəl də sevindi onun qədər.

Əfsanəvi bir ölkə, əfsanəvi bir diyar,
Məmləkətin, bu yurdun hər qarışı füsunkar.

Unutmarıq bir an da böyük Nizamini biz,
Oxuyuruq həvəslə, oxuyuruq onu biz.

Bu söz sərrafının məqbərəsi Gəncədə,
Lələklərlə yazdığı hər kəlməsi Gəncədə.

Küləklər şəhərinə layla çalır göy Xəzər,
Gözəlləşən Bakıma heyran qalır göy Xəzər.

Bu yurdun qucağında Göygölü göz oxşayır,
Kəpəz, Qoşqar dağları, mərd eli göz oxşayır.

Ölməz Mir Cəlili, Sabiri var bu yurdun,
Qaliblər cərgəsində öz yeri var bu yurdun.

Vahid tək qəzəlxanı, Koroğlusu, Bülbülü,
Çiçək açır baharda hər ləçəyi, hər gülü.

Bizə Milli Qəhrəman, cəsur Mübariz gərək,
Çalaq Qarabağımda qələbəni biz gərək.

Dədə Qorqud elində Aşıq Ələsgər, Alı,
Adlarını yaşadır qədim Göyçə mahalı.

Sazlarında səslənsin «Göyçə gözəlləməsi»,
Məclislərdə eşidin, bu nəğməni, bu səsi.

Musiqimiz dünyada sevilir, alqışlanır,
Qara Qarayev adı hər ölkədə anılır.

 

 

 

AZƏRBAYCANIN BAYRAĞI

Bayrağım nə gözəldir,
Hamını heyran edir,
Əlimdə, öndə gedir,
Bir kərə yüksəlibdir,
Bir də enməz bayrağım!

Üstündə ay, ulduz var,
Yaşıl çəmən var, düz var,
Ürəyimdə çox söz var,
Bir kərə yüksəlibdir,
Bir də enməz bayrağım!

Üç rəngini gəl tanı,
Mavi rəng tək rəng hanı?
Seyr et göyü, səmanı,
Bir kərə yüksəlibdir,
Bir də enməz bayrağım!

Qırmızı – qan rəngidir,
Sökülən dan rəngidir,
O şöhrət, şan rəngidir,
Bir kərə yüksəlibdir,
Bir də enməz bayrağım!

Yaşıl çəmən, çöl demək,
Çiçək demək, gül demək,
Nərgiz, qərənfil demək,
Bir kərə yüksəlibdir,
Bir də enməz bayrağım!

Bu rənglərin hər üçü
Yeddi rəngdən baş olub.
Əl-ələ verib onlar
Bayraqla sirdaş olub.
Bir kərə yüksəlibdir,
Bir də enməz bayrağım!

Ölkənin rəmzidir o,
Müqəddəsdir, müqəddəs.
Bayrağımı dünyada
Tanısın sevən hər kəs.
Bir kərə yüksəlibdir,
Bir də enməz bayrağım!

Mənim ilə düşməndən
Bac alacaq, bilirəm.
Şuşaya, Xankəndinə
Sancılacaq, bilirəm.
Bir kərə yüksəlibdir,
Bir də enməz bayrağım!

Dolaşacaq dünyanı
Azərbaycan bayrağı.
Nuru günəşdən alıb,
Şəfəq yayan bayrağı.
Bir kərə yüksəlibdir,
Bir də enməz bayrağım!

15 iyun 1998

 

 

AZƏRBAYCANIN HİMNİ

Elə bil ki, Quranın
Ayəsidir sözləri.
Hamını düşündürür,
Heyran edir sözləri.
Yol tapacaq qəlblərə
Azərbaycanın himni,
Dünyanın möcüzəsi,
Ulu məkanın himni.

Dillərə salıb onu,
Üzeyirin dühası.
Yer kürəsi eşidir
Bu harayı, bu səsi.
Gəlsin, yarışa gəlsin,
Bütün cahanın himni.
Baş olacaq onlardan
Azərbaycanın himni.

Sözlərini ilhamla
Yazıbdır Əhməd Cavad.
Böyük Üzeyir bəylə
Qoşa çəkilir bu ad.
Bu, dahi insanların,
Təmiz vicdanın himni.
Torpağımın səsidir
Azərbaycanın himni.

Qitələrdə səslənir,
Ürəkləri fəth edir.
Elə bil ki, çalınan
Himn deyil, əfsanədir.
Yad eldə səslənəndə
Ucalacaq bayrağım.
Himnimlə bir cahana
Səs salacaq bayrağım.

Hamı ayağa dursun
Himnim səslənən zaman.
Oxunanda onunla
Dillənir Azərbaycan.
Min illər səslənəcək
Milin, Muğanın himni.
Ayağa dur, çalınır
Azərbaycanın himni.

Müqəddəs bir diyarın
Ürəyinin səsidir.
Bilin, onu yaradan
Bu Odlar ölkəsidir.
Möhtəşəm bir diyarın,
Dövrün, zamanın himni.
Qəhrəmanlıq himnidir
Azərbaycanın himni.
Doğma məkanın himni!

14 iyun 1998

 

 

 

AZƏRBAYCANIN GERBİ

Zərgər yaradıb səni,
Mənim gerbim, mənim gerbim!
Tanıt doğma Vətəni,
Mənim gerbim, mənim gerbim!

Səkkiz guşən göz oxşar,
Mənim gerbim, mənim gerbim!
Qaranlıqda nurun var,
Mənim gerbim, mənim gerbim!

Dairəvisən dünyatək,
Mənim gerbim, mənim gerbim!
Biz qoruyaq səni gərək,
Mənim gerbim, mənim gerbim!

Beş rənglə bəzənmisən,
Mənim gerbim, mənim gerbim!
Döşümüzdə parla sən,
Mənim gerbim, mənim gerbim!

Üç dillidir alov səndə,
Mənim gerbim, mənim gerbim!
Qoşa sünbül var çevrəndə,
Mənim gerbim, mənim gerbim!

Bahar demək yaşıl budaq,
Mənim gerbim, mənim gerbim!
Üstündəki bol bara bax,
Mənim gerbim, mənim gerbim!

Vətənin Odlar ölkəsi,
Mənim gerbim, mənim gerbim!
Tanısın qoy yer kürəsi,
Mənim gerbim, mənim gerbim!

20 iyun 1998

 

 

UNUDULMAZ BİR GÖRÜŞ

(Bü gün ömrüm boyu yaddan çıxmayacaq əlamətdar bir hadisənin 35 illiyi xatırlanır)

 

Həyatda elə anlar, elə hadisələr, elə görüşlər var ki, bütün ömrüm boyu yaddaşdan silinmir və o unudulmaz dəqiqələri tez-tez xatırlayır, hafizəndə canlandırırsan.
Bu günlərdə yolum Cəlilabaddan düşmüşdü. Abadlıq, quruculuq işləri məni məftun etdi. Ayaq saxladım, Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində gül-çiçəyə qərq olmuş xiyabanda ucaldılmış möhtəşəm heykəlini ziyarət edib, önündə dayanıb baş əydim.
Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı digər rayonlarımızda olduğu kimi, Cəlilabadın da simasını dəyişdirib. Abadlaşdırılmış, asfaltlanmış küçələr, meydançalar, xiyabanlar göz oxşayır. Kəndarası yollar təmir olunur, rayonda yeni iş yerləri açılır, fermerlər, iş adamları üçün hərtərəfli şərait yaradılır. Rayon mərkəzində yaşayış evləri, yeni məktəblər inşa olunur, köhnələri təmir edilir. Hər addımında yeniliyin və tərəqqinin şahidi olursan…
Ümummilli liderimizin abidəsi önündə bir qədər fikrə daldım.
Ulu Öndər Heydər Əlirza oğlu Əliyev! Tarix boyu əbədi anılacaq görkəmli və nəhəng bir şəxsiyyət! Həmişə həyatı bahasına, vətəni və milləti naminə qeyri-adi işlər görmüş, möcüzələr yaratmış bir insan! Yaddaşlara həkk olunmuş millətin iftixarı, müdrik siyasətçi, misilsiz, unudulmaz xidmətiylə sevilən Heydər Əlirza oğlu Əliyev! Əbədiyaşar dahi və təkrarolunmaz bir düha! Müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı!
Xəyal məni 35 il əvvələ – Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dönəminə, KP MK-nın birinci katibi kimi Cəlilabadda olarkən onun qəbulunda olduğum, yaddaşımdan silinməyən anlara apardı.
1982-ci ilin yay ayları idi, Yazıçılar İttifaqında ədəbi jurnalın şöbə müdiri vəzifəsində çalışırdım. Heydər Əliyevin səfərə çıxdığı hökumət qatarı ilə Xanlar, (Göygöl) və Cəlilabad rayonları üzümçülərinin zona müşavirəsinə mənim də gedəcəyimi bildirmişdilər. Elə bu dəm xəyalən 5 il əvvəli xatırladım. 1977-ci ilin əvvəlləri idi. Azərbaycan Yazıçılar Birliyinin orqanı, ermənicə «Kpakan Azərbaycan» («Ədəbi Azərbaycan») jurnalında erməni müəllifin bir povesti çap olunmuşdu. Povestdə təsvir olunurdu ki, guya Şəmkir dağlarında seyrə çıxan iki erməni bir-biri ilə söhbət edirlər. Xaricdən gələn erməni yerli erməniyə sual verir: «Bu cənnət erməni torpağında sizdən başqa daha kimlər yaşayır?» Yerli erməninin cavabı belə olur: «Bu yurdda bizdən başqa, bir də turklər, adamyeyənlər yaşayırlar».
Bu, respublikada böyük əks-səda doğurdu. Jurnalda Azərbaycan əleyhinə yazılmış povestin çap olunduğunu eşidən Heydər Əliyev dərhal qəti göstəriş verdi ki, ermənicə jurnal üçün bir nəfər azərbaycanlı yazıçı, Azərbaycan KP MK-nın orqanı, erməniə «Kommunist »qəzeti üçün isə bir nəfər jurnalist seçilməlidir. Tapşırmışdı ki, onlar hər iki dili mükəmməl bilən, zəngin biliyi və geniş həyat təcrübəsi olan bacarıqlı qələm sahibləri olmalıdır. Həmçinin hər iki qələm sahibinin redaksiyaların ştatında yer alması barədə göstəriş verilmişdi. Ulu Öndər Heydər Əliyev qətiyyətlə xəbərdar etmiş və tapşırmışdı ki, bundan sonra xalqımızın və respublikamızın əleyhinə bir daha nə yazarlar, nə də jurnalistika sahəsində fəaliyyət göstərən qələm sahibləri belə hərəkətlərə yol verməməlidirlər.
Beləliklə, mən ermənicə «Krakan Azərbaycan» («Ədəbi Azərbaycan») jurnalına öz vəzifə ştatımla tənqid-publisistika şöbəsinin müdiri vəzifəsinə daimi işə göndərildim.
Ən maraqlı və təəccüblüsü bu oldu ki, Azərbaycan Respublikası Ali Sovetinin deputatı, ermənicə «Krakan Azərbaycan» («Ədəbi Azərbaycan») jurnalının baş redaktoru Samvel Qriqoryan məni vəzifəyə qəbul edərkən ərizəmin üzərində dərkənarı «ədəbi işçi vəzifəsinə təyin edilsin» kimi yazdı. Erməni ki erməni. Azərbaycan Yazıçılar Birliyinin katibi, rəhmətlik İsaq İbrahimov onu başa saldı ki, ay insan, Əli müəllimin jurnalda şöbə müdiri ştatı barədə birbaşa Heydər Əliyev yoldaş şəxsən özü göstəriş verib və onun tapşırığı mütləq yerinə yetirilməlidir.
Jurnalist Qafar Mehdiyevi (Çaxmaqlı) isə Azərbaycan KP MK-nın orqanı olan ermənicə «Kommunist» qəzetinin redaksiyasına daimi işə təyin etdilər. Bu təyinatlar Ulu Öndərin daşnaklara ağır zərbəsi oldu.
Azərbaycanda yaşayan ermənilər bu iki aparıcı mətbuat orqanı olan jurnalın və qəzetin redaksiyalarına şair Əl Vəkilin və Qafar Çaxmaqlının işə qəbul olunmaları əleyhinə Moskvaya, Lenin mavzoleyinə ünvanlanmış minlərlə şikayət məktubları göndərdilər. Bütün ərizə və şikayətlər Heydər Əlirza oğlu Əliyevdən idi.
Lakin erməni daşnakları Ulu Öndərə heç nə edə bilmədilər.
Çünki olduqca cəsarətli bir siyasi xadim idi! Olduqca qətiyyətli, dahi bir xalq adamı idi! Misilsiz və millətsevər qeyrətli bir rəhbər idi! Əbədiyaşar Dahi idi! Çünki o, Kremldə də sözü keçən bir Turk oğlu, Türk idi!..
Qeyd etdiyim kimi, 1982-ci ilin yayında Heydər Əliyevin səfərə çıxdığı qatara məni də dəvət etdilər. Axşam Ulu Öndər Bakı Dəmiryolu vağzalında hamımızla səmimi salamlaşdıqdan sonra qatara mindi. Xanlar rayonuna yola düşdük. Səhər tezdən Heydər Əliyevin gərgin, məhsuldar, yaddaqalan iş günü başladı. İsti yay günündə sahələri gəzən, üzümçülərlə görüşən, faydalı məsləhətlər verən görkəmli rəhbər yorulmaq bilmirdi. Onun Xanlar üzümçüləri ilə görüşləri axşam rayon mədəniyyət sarayında keçirdiyi ümumrayon müşavirəsi ilə yekunlaşdı. Heydər Əliyev adəti üzrə yenə də geniş və məzmunlu çıxış etdi, rəhbərliyə iradlarını bildirdi, tövsiylələrini verdi.
Axşam Xanlardan yola düşən qatar səhər tezdən Cəlilabada yetişdi. Qeyd etdiyim kimi, üç vaqonlu Hökümət qatarının sərnişinləri arasında Azərbaycan Yazıçılar Birliyindən 4 nəfərin də adı vardı.
Həmin səfərin yaddaqalan və hamıya xoş təsir bağışlayan bir cəhətini də qeyd etməliyəm. O vaxt Azərbaycan Respublikasının indiki Prezidenti cənab İlham Əliyev də atası ilə birlikdə səfərə çıxmışdı. İlham Heydər oğlu ağlı, kamalı, nəcib insani keyfiyyətləri ilə hamını heyran qoymuşdu. Onu bircə dəfə pencəyi qolunun üstə, dayanmış halda kənardan görə bildik.
Məndən başqa Azərbaysan Yazçılar Birliyinin daha üç üzvü – Atif Zeynallı, İntiqam Qasımzadə və Əhəd Muxtar da hökumət qatarının sərnişinləri arasında idilər. Ümummilli liderimizin fenomenal, qeyri-adi yaddaşa malik olduğu hamıya məlumlur. Yolda şair Atif Zeynallı bildirdi ki, Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri olanda onun qəbuluna getmişəm: «Görəsən məni xatırlayacaqmı?» – Əlbəttə, xatırlayacaq! Dahi rəhbərin yaddaşından heç nə silinən deyil, dedim.
Rəhbərin iş günü Cəlilabadda da gərgin və mənalı keçdi. İş günü başa çatdıqdan və müşavirə bitdikdən sonra Mədəniyyət Sarayı direktorunun kabinetində Heydər Əlirza oğlu yazıçıları qəbul etdi. Əvvəlcə Atif Zeynallı şair, filologiya elmləri doktoru kimi təqdim olundu.
Heydər Əliyev dedi: Sən Dövlət Təhlükəsizliyi Komitəsində mənim qəbulumda olubsan, Atif Zeynalov.
Biz təəccüb içində qaldıq: şairi Atif Zeynallı yox, pasportdakı soyadı ilə Zeynalov adlandırmışdı.
Atif Zeynallı gülə-gülə söylədi ki, Heydər müəllim, Misir Respublikasına getməliydim, icazə vermirdilər. Qəbulunuzda oldum, məsələni müsbət həll etdiniz.
İkinci tanışlıq İntiqam Qasımzadə ilə oldu. Yazıçı-publisist, «Azərbaycan» jurnalının əməkdaşını dinləyən Heydər Əliyev dedi: «Sənin adın müharibə ilə bağlıdır, atan Böyükağa Qasımzadəni yaxşı xatırlayıram. Böyük Vətən müharibəsi illərində maraqlı yazılarla mətbuatda tez-tez çıxış edirdi».
«Ulduz» jurnalının əməkdaşı, şair Əhəd Muxtarın milliyyətcə talış olduğunu biləndə Ulu Öndər ona Azərbaycan dili ilə yanaşı, ana dilində də şeirlər yazmağını məsləhət gördü.
Qeyd edim ki, özümüzü təqdim edəndə hansı ali məktəbi bitirdiyimizi də deyirdik. Növbə mənə çatdı:
– Əli Vəkil, şair-tərcüməçi, İrəvan Pedaqoji və Azərbaycan Dövlət İncəsənət İnstitutlarının məzunu, Azərbaycan Yazıçılar İttifaqının orqanı, ermənicə «Ədəbi Azərbaycan» jurnalının şöbə müdiri.
Heydər Əliyev səmimi gülümsədi:
– Maraqlıdır, bir ali məktəbi İrəvanda, birini də Bakıda bitirmisən. Qonşu xalqın dilini mükəmməl bildiyindən həm də tərcümə ilə məşğul olursan. Erməni dilini məktəbdə keçmisən, yoxsa institutu o dildə bitirmisən?
– Xeyr, Heydər müəllim, orta məktəbi də, ali məktəbləri də öz ana dilimdə oxumuşam. Amma İrəvanda yaşadığım 17 ildə əlifbanı da, dili də sərbəst öyrənmişəm, – deyə cavab verdim.
– İşlərin necədir? – deyə Ulu Öndər soruşdu. Heydər Əliyev «Ədəbi Azərbaycan» jurnalının redaksiyasında mənimlə birgə işləyən erməniləri nəzərdə tuturdu. Sizin qəti tapşırığınız olan yerdə onlar respublikamıza, habelə mənə nə edə bilərdilər? Amma işə qəbul olunduğum gündən etibarən redaksiya əməkdaşları tərəfindən 5 nəfərin hamısı bir qayda olaraq hər gün gözlərində əks olunan nifrət atəşinə tutulurdu. Mən hər gün silahsız atəşə məruz qalırdım. Qansız-qadasız olan bu baxışlar ürəyi yaralayırdı. Bunu isə sağaltmaq mümkün deyil. Axı, 5 il əvvəl – 1977-ci ilin fevralında yeni şöbə müdiri ştatı ilə mən həmin redaksiyada işləməyə məhz Heydər Əliyevin tapşırığı ilə göndərilmişdim.
– Orada milli ədavəti qızışdıran yazılar dərc olunmur ki? – deyə Heydər Əliyev xəbər aldı.
Mən qətiyyətlə:
– Xeyr, Heydər müəllim, mən həm də redaksiya heyətinin üzvüyəm. Jurnalda dərc olunan bütün yazıları oxuyuram, – deyə cavab verdim.
Heydər Əlirza oğlu gülə-gülə əlavə etdi:
– Qorxub eləmə, möhkəm dayan. Onlar sənə heç nə edə bilməzlər.
Dahi şəxsiyyətin inamla, qətiyyətlə dediyi həmin sözlər heç vaxt yadımdan çıxmır. Beləliklə, mən 13 il ermənilərlə eyni redaksiyada çalışaraq xalqımızın, ədəbiyyatımızın mənafeyini qorudum…
Bu yubiley günlərində Ulu Öndərin yaddaşıma həkk edilmiş əbədi heykəli bütün əzəməti, möhtəşəmliyi və parlaqlığı ilə gözlərim önündə yenidən canlanır. Heydər Əliyev sadəcə ölkənin rəhbəri və millətin lideri kimi deyildi, bü müdrik, xilaskar, mərd və qorxmaz şəxs həm də səmimi, mehriban, xeyirxah və nəcib bir insan idi.
Heydər Əliyev istər Milli Təhlükəsizliyi Komitəsinin sədri işləyərkən, istərsə də 1969-cu il 14 iyul plenumundan sonra Azərbaycana rəhbərlik etdiyi illərdə daşnak ermənilər İrəvanda mənimlə rastlaşanda bir ağızdan deyirdilər ki, «Bəxtəvər sizin başınıza, indi sizin Heydər Əliyev kimi görkəmli lideriniz var! Amma əslində erməni xalqının qənimi, qəti düşməni gəldi », – deyirdilər.
Heydər Əliyev olduqca mərd, cəsarətli, qorxmaz, yenilməz, cəsur, görkəmli bir Dövlət xadimi idi. Sözün əsl mənasında bu Əbədiyaşar Dahi Rəhbərin adı iri hərflərlə yazılmış nadir şəxsiyyət idi.
Heydər Əliyevin Xanlar rayonuna həmin səfəri ilə bağlı atdığı cəsarətli addım uzun müddət insanların yadından çıxmadı.
Sovet hakimiyyəti qurulandan bir qayda olaraq Xanlar Rayon Partiya Komitəsinin I katibi milliyyətcə erməni olub. Lakin Heydər Əliyev rayona gələrkən rayonun birinci katibi Qasparyan vəzifəsindən azad edilmişdi. Rayon partiya Komitəsinin ikinci katibi isə Murad Aşurov idi. Rayon haqqında ətraflı məlumat alaraq Bakıya qayıdan Ulu Öndərimiz Murad Aşurovu raykomun birinci katibi vəzifəsinə göstəriş verdi. Bütün daşnaklar yana-yana qaldılar.
Bu, böyük xoşbəxtlikdir ki, Ulu Öndərin yolunu, Vətən, dövlət və millət üçün görduyü işləri onun Azərbaycan naminə böyüdüb boya-başa çatdırdığı varisi – möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir.

Əli VƏKİL

 

 

DÜNYA SİYASƏTÇİLƏRİ HEYDƏR ƏLİYEV HAQQINDA

Heydər Əliyev Sovet İttifaqının tarixində uzun illər sovetlər rejiminin, Kremlin zirvəsində oturmuş yeganə türkdür.
Kamal Akın,
Türkiyənin ictimai xadimi

***

Hörmətli Heydər Əliyev ilə uzun illər davam edən dostluğumuz Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra daha da genişlənmiş və möhkəmlənmişdir. O, təkcə Azərbaycanın deyil, bütün türk dünyasının yetişdirmiş olduğu ən məşhur dövlət xadimlərindən biridir.
Heydər Əliyevin müxtəlif məsələləri dəqiq duyması və gerçək dəyərli fikirlər söyləməsi yolunuzu işıqlandırmışdır. Azərbaycanın idealına onun ürəkdən bağlı olması öz millətinə necə şövq verirsə,bizə də bir də qədər xoş təsir bağışlayır.
Süleyman Dəmirəl
Türkiyə Respublikasının 9-cu prezidenti

***

Türk milləti tarix boyunca zaman-zaman böyük sərkərdələrini meydana çıxarmışdır. Heydər Əlirza oğlu da bu böyük sərkərdələrdən biridir. Mustafa Kamal Paşa Türkiyəni düşdüyü girdabdan çıxardığı kimi, Heydər Paşa da Azərbaycanı bu bəladan qurtaracaqdır.
Doğan Gürəş
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi,
Ordu generalı

***

Heydər Əlirzaoğlu dünya şöhrətli bir liderdir. O, Atatürkün mənəvi övladıdır.
Dəniz Baykal
Cümhuriyyət Xalq Partiyasının sədri

***

Heydər Əliyev Atatürk kimi beynəlmiləldir. Heydər Əliyev Azərbaycanda demokratiyanın həm ideoloqu, həm təşkilatçısı, həm də carçısıdır. Görüntü budur və buna qətiyyətlə millətcə inanmaq lazımdır ki, prezident Heydər Əliyevin heç bir zaman alternativi yoxdur.
Doktor Yəhya Taşdələn
Türkiyədə Azərbaycan Lobbi klubunun rəhbəri

***

Cənab Heydər Əliyev prezident seçilərkən, Qərbdə ona şübhə ilə yanaşdıq: zənn edirdik ki, o, Azərbaycanda kommunizm qaydalarını bərpa edəcək. Lakin tez bir zamanda bizə aydın oldu ki, yanılmışıq. Azərbaycan dövlətinin bu mürəkkəb dövründə ona yalnız belə zəngin təcrübəli və müdrik başçı lazımdır. İndi Azərbaycan İkinci Dünya müharibəsindən çıxmış Almaniyanı, Prezident Heydər Əliyev isə Kansler Adenauri xatırladır. Əgər daxili və xarici qüvvələr prezident Heydər Əliyevə mane olmasalar, işləməyə imkan versələr, Azərbaycanın indiki inkişaf mərhələsi onun tairixinə intibah dövrünün başlanğıcı kimi daxil ola bilər – ölkəniz müharibədən şərəfli sülhə nail olaraq çıxar. Sabitlik, sosial-iqtisadi rifah, beynəlxalq aləmdə hörmət və nüfuzun artması – bunlar Azərbaycan üçün gerçəkliyə çevrilə bilər.
Villi Vimmer
Almaniya Parlamentinin üzvü

***

Cənab Əliyev öz geniş dünyagörüşü, açıq və orijinal mülahizələri ilə Sovet İttifaqının ucqar respublikasının partiya rəhbərini deyil, ABŞ-ın ən görkəmli qubernatorlarını xatırladır. Səfirlərin əksəriyyətiniin fikrincə,belə bir şəxsiyyət Qərbin istənilən ölkəsində prezident seçkilərində qalib gələ bilərdi.
P.Murfi
İrlandiyanın Bonndakı səfiri

***

Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin simasında özümə yaxın dost və sirdaş tapmağımdan məmnunam. Mən Heydər Əliyevə böyük hörmət və ehtiram bəsləyirəm, onun siyasi fəaliyyətini və məharətini, uzaqgörənliyini yüksək qiymətləndirirəm.
Butros Qali
BMT-nin keçmiş baş katibi

***

Heydər Əliyevə dahi şəxsiyyət kimi böyük rəğbət bəsləyirəm.
Hüseyn ibn Təlal,
İordaniyanın keçmiş kralı

***

Heydər Əliyev bütün Yaxın Şərqdə və İslam aləmində böyük nüfuza malikdir.
Kilyani,
Pakistan parlamentinin sabiq sədri

***

Azərbaycan regionun ən müsətiqil dövlətidir. Biz prezident Heydər Əliyev siyasətinin qətiyyətli olmasını hiss edirik və bütün bunlara görə müstəqil Azərbaycan Respublikası ilə əlaqələrimizi gələcəkdə daha da genişləndirmək niyyətindəyik.
Günter Yotsen,
Almaniya diplomatı

***

Bu, həm Azərbaycan, həm də digər xalqların xoşbəxtliyidir ki, Heydər Əliyev yenidən fəal siyasətçidir. Biz əminik ki, Heydər Əliyev ona bəxş olunmuş böyük istedaddan, öz təcrubəsindən, bacarığından, diplomat qabiliyyətindən istifadə edərək, bu regiona sülh və əmin-amanlıq gətirəcəkdir. Mənə elə gəlir ki, bu məqsədə çatmaq üçün Azərbaycan doğru yoldadır.
Faruq əl-Həvari,
Misir diplomatı

***

Mənim Azərbaycan haqqında ətraflı məlumatım var və Heydər Əliyevi dünyanın görkəmli siyasi xadimi kimi tanıyfram.
Mario Soares,
Portuqaliya Respublikasının sabiq prezidenti

***

Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin, zəngin təbii sərvətlərinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir.
Qreq Laflin,
ABŞ-ın tanınmış siyasi xadimi

***

Postsovet məkanındakı heç də bütün dövrlərdə Azərbaycan prezidenti kimi belə müdrik, təcrübəli adamlar dərhal rəhbərliyə gəlməmişlər. Mənə elə gəlir ki, bu, təsadüfi deyidir. Ona görə təsadüfi deyil ki, bütövlükdə postsovet məkanında baş verən proseslər nə qədər mürəkkəb olsa da, dövlətlərimizin xalqlarının tələbləri bu münasibətlə də müsbət nəticə əldə olunmasına yönəldilmişdir. Təbii ki, onlar bu problemləri həll etməyə qadir insanları irəli çəkilər.
… Rusiya ilə Azərbaycan arasında ənənəvi münasibətlər var, biz bu barədə çox danışmışıq və yerli rəhbərliyin, prezident Heydər Əliyevin xidmətlərini lazımınca qiymətləndirmək gərəkdir.
… Heydər Əliyevi onun yanında tərifləmək mənim üçün münasib deyil. Lakin onun dövlət müdrikliyini, – daha münasib söz tapmaq çətindir, – qeyd etməyə bilmərəm. Bu da ondan ibarətdir ki, Sovet İttifaqının dağılmasından sonra gedən çox mürəkkəb proseslərə baxmayaraq, – bu barədə heç vaxt açıq danışmasaq da, – nə gizlədim, Azərbaycanla Rusiya arasında münasibətlərdə hər halda müəyyən gərginlik olmuşdur. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə münasibət faktı, – bu isə məhz Azərbaycan prezidentinin son illərdə apardığı həmin siyasətdir, – təkcə dövlətlərarası münasibətlərin əvvəlki səviyyədə bərpası üçün deyil, həm də bu münasibətlərin ölkələrimizin xalqlarının mənafeyi naminə inkişafı üçün qapıları açıq qoymuşdur.
… Azərbaycan prezidenti məni rəsmi səfərə dəvət edəndə, – mən bəzi sirləri açsam, o, inciməyəcəkdir, – mən ona dedim ki, Heydər Əliyeviç, biz onsuz da Sizinlə hər üç aydan bir görüşürük, vaxt itirmək nəyə layımdır. O dedi, sən hələ cavansan, başa duşmursən, əslində, bunun həm Rusiya, həm də Azərbaycan üçün əhəmiyyəti böyükdür. Onda mən ona dedim, «yaxşı, gələrəm». Amma hiss edirəm ki, səhv etdim, fikrimi dəqiq ifadə etmədim, gərək deyəydim ki, «çox yaxşı».
Vladimir Putin,
Rusiya Federasiyasının prezidenti

***

Azərbaycanın Avropa ölkələri ailəsində özünə layiq yer tutmasını, böyük təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirirəm. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, bu ölkədə insan haqlarının qorunması, demokratiyanın möhkəmlənməsi, daim inkişafda olması məhz Heydər Əliyevin siyasətinin nəticəsidir.
…Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə prezident Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir.
…Prezident Heydər Əliyevi Parisdə qəbul etmək mənim üçün böyük sevincdir. Çoxdandır ki, bizim aramızda qarşılıqlı dostluq münasibətlərindən də artıq əlaqələr yaranmışdır. Mən prezident Heydər Əliyevə dərin hörmət bəsləyirəm.
Jak Şirak,
Fransa Respublikasının prezidenti

***

Prezident Heydər Əliyevin beynəlxalq sülh uğrunda və bölgəmizdə əmin-amanlığın, sabitliyin yaradılması istiqamətində göstərdtyi səylər çox böyük əhəmiyyətə malikdir. Bi əminik ki, beynəlxalq münasibətlərə dərindən bələd olan görkəmli dövlət xadimi Heydər Əliyevin nüfuzu və səyləri sayəsində Cənubi Qafqazda tezliklə sülh bərqərar olunacaqdır. Cənab Heydər Əliyev apardığı uğurlu, uzaqgörən siyasətlə həm Türkiyənin mövqeyini daim dəstəkləmiş, həm də istər Azərbaycanın, istərsə də Türkiyənin beynəlxalq aləmdə rolunun artmasına nail olmuşdur.
Nüsrət Aras,
Türkiyəli professor

***

Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz ilderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm.
Corc Buş,
ABŞ prezidenti

***

Mən həyatımda çox böyük mükafatlar almışam. Amma Heydər Əliyevlə dostluğumu özüm üçün ən böyük mükafat hesab edirəm. Mənim üçün bundan yüksək mükafat ola bilməz.
O, həm təcrübəli, həm də orijinal adamdır. Onun sağlığı, varlığı Azərbaycan üçün, hər birimiz üçün bir nemətdir.
İhsan Doğramacı,
Bilkənd Universiteti idarə heyətinin sədri, məşhur ictimai xadim

***

Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə, beynəlxalq aləmdə tanınmış siyasət və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır. Qəzetlərimizin «polad iradəli Əliyev» yazdığı kimi, o, həqiqətən də polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun sədaqəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlmişdir, bir çox çətinliklərə sinə gərərək, Azərbaycanı böhranlı vəziyyətdən xilas etmişdir.
Eduard Şevardnadze,
Gurcüstan Respublikasının sabiq prezidenti

***

… Azərbaycanı prezidentinə bizim dərin hörmətimiz var, onun siyasi karyerasını diqqətlə izləyirik və Azərbaycanda demokratik dəyişikliklərin aparılması, ölkənin bazar iqtisadiyyatına doğru addımlamasından ötrü göstərdiyi səyləri dəstəkləyirik. Bu proseslər – həm demokratik cəmiyyətin qurulması, həm də azad bazar münasibətlərinin yaradılması asan iş deyildir. Bundan ötrü vaxt gərəkdir. Biz bu işdə Azərbaycan prezidentini dəstəkləyirik və əminəm ki, Azərbaycan xalqı onun müdrik rəhbərliyi altında bu dəyişikliklərin bəhrəsini görəcəkdir.
Bənəzir Bhutto,
Pakistan İslam Respublikasının keçmiş baş naziri

***

Heydər Əliyev baxışlarına və təkliflərinə böyük əhəmiyyət verdiyimiz bir liderdir. Onun istər Qafqaz məsələlərinə, istərsə də regiondakı digər məsələlərə verdiyi qiyməti öyrənməkdən məmnun olacağam.
Dövlət rəhbərliyi sahəsində zəngin təcrübəsi olan Heydər Əliyevin ötən çətin dövrdə respublikaya başçılıq etməsinin həm Azərbaycan, həm də Qafqaz üçün böyük əhəmiyyəti var.
Məsud Yılmaz,
Türkiyənin keçmiş baş naziri

***

Azərbaycan xalqı xoşbəxtldir ki, Heydər Əliyev kimi zəngin təcrübəyə malik siyasətçi, müdrik insan belə çətin bir dövrdə yenidən Azərbaycana rəhbərlik etməyə başladı. Biz görürük ki, onun iqtisadi islahatlar siyasəti, ölkənin daxilində vəziyyətin sabitləşməsinə yönəldilmiş siyasəti öz bəhrələrini verir.
Əsgər Akayev,
Qırğızıstan Respublikasını prezidenti

***

Azərbaycanın digər ölkələrlə müqayisədə iqtisadi islahatlara gec başlamasına baxmayaraq, 1994-cü ildən etibarən Azərbaycan həm iqtisadi, həm də siyasi dəyişikliklərin həyata keçirilməsində çox böyük tərəqqi əldə edibdir. Prezident Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda daxili siyasi vəziyyət tamamilə sabitləşibdir. Azərbaycan öz xarici siyasətini – sülhsevər siyasətini davam etdirərək, qonşu dövlətlərlə sülh münasibəti yaradıb, bölgədə sülhün bərqərar olunmasına öz töhfələrini verərək, keçid dövründə bu regionun inkişafına əlindən gələn köməyi edibdir.
Con Pakhon,
«Ci-Pi Morqan» Bankının icraçı direktoru

***

Elə olur ki, təbiət insana böyük istedad bəxş edir. Heydər Əliyev də belə istedada malikdir. İnsan bir çox layiqli keyfiyyətləri özündə böyük zəhmət bahasına tərbiyə edir və çoxlarına nümunə olur. Heydər Əliyev, bunu edə bilmişdir.
İvan Rıbkin,
Rusiya hökuməti sədrinin müavini vəzifəsinin keçmiş icraçısı

 

 

 

 

 

 

TƏRCÜMEYİ-HAL

Əli Vəkil (Səfiyev Əli Vəkil oğlu) 1938-ci il iyunun 10-da Göyçə mahalının Yuxarı Şorca kəndlində dünyaya göz açmışdır. 1955-ci ildə Şişqaya kənd orta məktəbini bitirən Əli Vəkil İrəvan Dövlət Pedaqoji İnstitutunun azərbaycanlı şöbəsinin fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. Ali məktəbi bitirən Əli Səfiyev 1960-cı ildən 1972-ci ilə qədər İrəvanda Radio və Televiziya Verilişləri Dövlət Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor işləmiş, 1972-ci ildən taleyini əbədi olaraq Bakı şəhəri ilə bağlamışdır.
Əli Vəkil 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutu teatrşünaslıq fakültəsini də bitirərək ikinci ali təhsil almışdır.
1972-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Vəkil Bakıda fəaliyyətini əsasən Azərbaycan Yazıçılar Birliyində və Azərbaycan Dövlət Nəşriyyatında davam etdirmişdir. Şair «Sona bulağı», «Zəfər çələngi», «İki günəş», «Doğma yollar», «Əli Şahsabaşlı», «Ata həsrəti», «Yeddi dağ», «Ana qayğısı», «Şəlalə», «Əbədi dünya», «Ömür karvanı», «Kişi ömrü», «Fərizə-İlham dastanı», «Cərrah Vaqif möcüzəsi», «Əbədi qəhrəmanlıq», «Qoşmalar» və başqa kitabların müəllifidir. Əli Vəkilin «Aqillər, ariflər, alicənablar» seçmə şeirlər məcmuəsi «Qoşmalar» kitabından sonra ən samballı əsəridir.
Vətənpərvər şair Azərbaycan KP MK tərəfindən Dağlıq Qarabağ müharibəsinin iştirakçısı olmuş, düşmənin dilini bildiyinə görə daşnakların məkrli niyyətləri haqqında maraqlı dəlillər gətirmişdir.

 

 

 

 

KİTABIN İÇİNDƏKİLƏR

1. Əbədiyaşar dahi ……………………………..……………………………………..…..1
2. Ön söz əvəzi …………………………………………………………………………….3
3. İlin gözəl çağında………………………………………..…….………………………13
4. Gözlədi ……………………………………………………………………………………17
5. Tarixi bəyanat …………………………………………..…………………..…………19
6. Əl saxlayın …………………………………….………………………………………..28
7. Amandı …………………………………………………….…………………………….31
8. Heydər Əliyevdir «İlin adamı» …………….…………………………………….37
9. Son çıxış………………………………………………………………………………….39
10. Klivlend ……………………………………………………….……………………….43
11. Acı xəbər…………………………………….…………….…………………………….48
12. Anım yeri ………………………………………….…………………………………..64
13. Rəsmi qarşılanma …………………………..………………………………………67
14. Heydər Əliyevlə vidalaşma …………………………….………………………….72
15. Ən müqəddəs yer ……………………………………………..………………………76
16. Əbədi …………………………………………………..………………………………….79
17. Səndə ………………………………………..……………………………………….……82
18. Unutmarıq …………………………………..………………………………………….86
19. Heykəlləşdi özü də …………………………………..………………………………..87
20. Ziyarətgah …………………………………………..………………………………….90
21. Bağışla məni …………………………………..……………………………………….92
22. Millətin ……………………………………..……………………………………………94
23. Ağıllı seçim ………………………………………..………………………………….104
24. Mərd atanın mərd oğlu ……………………………..…………………………….110
25. İyirmi iki fevral ………………………………………..….……..………………….114
26. İlahi məhəbbət ………………………………………………..………………………129
27. Bu sarayı bir zaman tikdiribdir o Dahi …………………..…………………133
28. Müqəddəsdən müqəddəs …………………….…….……..………………………137
29. Əsrin kontraktı ………………………………………………..…………………….142
30. Azərbaycanın bayrağı ……………………………………………………………..152
31. Azərbaycanın himni ……………………………………..…………………………154
32. Azərbaycanın gerbi …………………………………………..…………………….156
33.Unudulmaz bir şörüş …………………………………………..…………………..157
34. Dünya siyasətçiləri Heydər Əliyev haqqında ……………..………………..163
35.Tərcümeyi-Hal …………………………………………..……………………………173
36. Mündəricat …………………………………………..……………………………….174