Bəs nə vaxt?..

Televizorla Şəhriyarın səsinə qulaq asarkən

İlk dəfə səsini eşitdik, ustad,
Axıb gilələndi gözlərimdə yaş.
Könlüm gah sızladı, gah da oldu şad
Niyə həsrət qalsın qardaş qardaşa?

Üzdü qəlbimizi həsrət, intizar,
Yaman kövrəlmişdi Süleymanımız.
O tayda Savalan, bu tayda Qoşqar,
Birdir Vətənimiz, birdir qanımız.

Yanıqlı səsini bu el dinlədi,
Əks oldu sözlərin qulağımızda.
Xəzər ləpələndi, Göy göl dinlədi,
Səsinə səs verdi kaman da, saz da!

Nələri, nələri andırdı səsin?
Hamını ağlatdın misralarınla.
Bizi Kərəm kimi yandırdı səsin,
Səsinlə qovuşdun öz diyarınla.

Süleyman, Şəhriyar – siz doğma qardaş!
Bir ildə dünyaya göz açmısınız.
Elin nəğməkarı – ellərə sirdaş,
Bu gündən, sabahdan söz açmısınız.

Böyük Şəhriyardır şeir söyləyən,
O, dahi sənətkar, o, nəğməkardır.
Unuda bilmərəm bu anları mən,
Xalqımın ayrılıq nisgili vardır.

Dinlədik, dinlədik, doya bilmədik,
Bizimlə söhbətin bircə an oldu!
Səsini dünyaya yaya bilmədik,
Şəninə söz deyən Süleyman oldu!

Gözlərin yollarda, kədərin ümman!
Təbrizdə Bakının həsrətindəsən.
Bəs nə vaxt insafa gələcək zaman?
Cənubsuz, Şimalsız çağrılsın Vətən!

1981