Əbəs yerə…

Gəl qoruyaq biz ilqarı,
Əbəs yerə küsmə məndən.
Təmiz eşqi, düz ilqarı,
Əbəs yerə küsmə məndən.

Ayırıbdır yollar bizi,
Həsrət üzür qəlbimizi,
Darıxmışam sözün düzü,
Əbəs yerə küsmə məndən.

Xəyalınla yaşaram bil,
Uca dağlar aşaram bil,
Sənə nəğmə qoşaram bil,
Əbəs yerə küsmə məndən.

Biri vardı, biri yoxdu,
Sənin kimi pəri yoxdu,
İnciməyin yeri yoxdu,
Əbəs yerə küsmə məndən.

Dərd bilənim, həyanım ol,
Məhəbbəti duyanım ol,
Sən ürəyim, sən canım ol,
Əbəs yerə küsmə məndən.

31 yanvar 2001