Ana yığdı səbətə
Əriyin nübarından.
Ondan yuyub bir qədər,
Doyunca yedi Qurban.
Ərikdən də çox sevir,
Şıltaq oğlan armudu.
Bağda budağı əyən,
Tez saralan armudu.
Yetişəndə əlindən
Düşmür gilas, şaftalı.
Göstərir uşaqlara:
– Bu zoğaldır, bu alı!
Günəşin işığında
Parpar parlayır üzüm.
Deyir: «Qoyun tənəkdən
Salxımı özüm üzüm».
Doymaq bilmir əncirdən,
Al-qırmızı almadan.
Axı necə yeyərsən
Onu ələ almadan.
Ağacları, meyvəni
Ürəkdən sevir Qurban.
Tanış olun: babası
Bağban işləyir, bağban.
7 avqust 1985
Pidsunda