Bağışla

Ürəyinə toxunmuşam,
Gülüm, bağışla, bağışla.
İcazə ver hüzuruna
Gəlim, bağışla, bağışla.

İnsaf, mürvət yoxmu səndə,
Nə gözləyir bizi öndə?
Çoxdan qalıb ətəyindi
Əlim, bağışla, bağışla.

Həsrətindən doydum cana,
Nəğmə qoşdum yana-yana,
Gəlib düşüm ayağına,
Ölüm, bağışla, bağışla.

Yersiz bir söz işlətmişəm,
Bəlkə cinayət etmişəm?
Söylə, qəbahət etmişəm?
Bilim, bağışla, bağışla.

Dağ çəkirsən bilə-bilə,
Coşan qəlbim gəlir dilə,
Əli deyər: olmaz belə
Zülüm, bağışla, bağışla.

24 dekabr 1999