Bahar gəlir

Mirvarinin danəsitək
Göy otlara şeh düşəndə,
Şirəçəkən bal arısı
Çiçəklərlə öpüşəndə,
Qatar-qatar durnalar da
Göy üzündə ötüşəndə,
Həyat gülür, bahar gəlir,
Könüllərə vüqar gəlir.

Boranlı qış ölkəmizdən
Uzaqlara sürünəndə,
Leysan dolu buludlar da
Üfüqlərdə görünəndə,
Kainatın gen sinəsi
Yaşıl dona bürünəndə,
Həyat gülür, bahar gəlir,
Könüllərə vüqar gəlir.

Axşam üstü dağ döşündə
Çoban tonqal qalayanda,
Ürkək ceyran yaşıllıqda
Balasını yalayanda,
Qoca həyat ömrümüzə
Yeni illər calayanda,
Həyat gülür, bahar gəlir,
Könüllərə vüqar gəlir.

Şairlərin ürəyində
İlham coşub hey daşanda,
Bülbül şirin cəh-cəh vurub
Bağçalarda dolaşanda,
Yaşıllıqda iki gənc də
Məhəbbətdən danışanda,
Həyat gülür, bahar gəlir,
Könüllərə vüqar gəlir.

Gül-çiçəkli sevimli yaz
Təbiətlə barışanda,
Köpüklənib coşan sellər
Gur çaylara qarışanda,
Zəhmət sevən mərd insanlar
Tarlalarda yarışanda,
Həyat gülür, bahar gəlir,
Könüllərə vüqar gəlir.