Hər il qarşılayır, unutmur elim,
Bu milli bayramı, ilk yaz gününü.
Çıxır pişvazına çəmənim, çölüm,
Təbiət itirir ayaz gününü.
Yazın gəlişinə kim sevinməyib?
Neçə şam yandırıb, tonqal çatmışıq.
Təzə gün eşqinə nəğmələr deyib,
Tonqal qalamışıq, məşəl atmışıq.
Əl verir, barışır, qucaqlaşırlar
İnciklər, küsənlər bayram günündə.
Hamının qəlbində gül açıb bahar,
Ellər şadlananda, ellər güləndə.
Bu Novruz bayramı, bahar bayramı,
Ulu babalardan yadigar qalıb.
Onun şərəfinə söz deyib hamı,
Aşıq məclis qurub, aşıq saz çalıb.
Bu bayram elimin sevimli günü,
Yığışaq başına tonqalın, odun,
Birlikdə keçirib toyu, düyünü,
Ruhuna and içək dədə Qorqudun.
Yetişsin evlərə bayram payları,
Qırmızı boyansın yumurtalar da.
Uğurlar gətirsin ilin ayları,
Birlik, yekdillikdir dövlət də, var da.
Gizlicə qapını pusarlar qızlar,
Qəlblərdə ülvi hiss, qəlblərdə istək.
Xoş söz eşidəndə şad olar qızlar,
Vüsal arzusuyla çırpınar ürək.
Xoş gəldin, ay əziz Novruz bayramı,
Oxusun nəğməni çaylar, bulaqlar.
Ay bahar bayramı, ay yaz bayramı,
Açsın sinəsini sərin yaylqlar.
Xoş gəldin bu Odlar diyarına sən,
Anamız günəşdir, Odlar oğluyuq.
Yetir həsrətlini öz yarına sən,
Bahara vurğunuq, bahar oğluyuq.
Əllərdə təzətər novruzgülləri,
Bayram xonçasını bəzəyib ana.
Hər il salamlayıb doğma elləri,
Səadət gətir sən Azərbaycana!
5 mart 1989