Hər tərəf yamyaşıldır,
Qonaq gəlib güllü yaz.
Anasıyla bağçanı
Dolaşırdı Gülbəyaz.
Yenə ərik ağacı
Tac qoyubdur çiçəkdən.
Kim sevməyir gülləri,
Kim doyubdur çiçəkdən?
Çiçəkli budaqlara
Heyran-heyran baxdı qız.
Az qala fərəhindən
Quş tək uçacaqdı qız.
Dedi: – Ana, çiçəkli
Budandan qır, ver mənə.
Onu qoyaq güldana,
Ev qərq olsun ətrinə.
– Qulaq as, mənim balam!
Gəl, ananı dinlə bir.
Bugünkü ağ çiçəklər
Sabah sarı ərikdir!