Bakım

Bakım, Bakım, doğma şəhərim mənim,
Tərənnüm eləmək istərəm səni.
İşıqlı, günəşli səhərim mənim,
Abad görüm həyatda hər guşəni.

Yurdumda şöhrətin böyükdür inan,
Əfsanələr torpağında, daşında.
Ən qədim şəhərsən, tanıyır cahan,
Nələr qorumusan sən yaddaşında.

Ürəklərdə sənə sonsuz məhəbbət,
Hər daşında qəhrəmanlıq yaşayır.
Həkk olunub yaddaşına cəsarət,
Yaddaşında qəhrəmanlıq yaşayır.

Ağır illər, ağır günlər görmüsən,
Çox qırğının, faciənin məskəni.
Sən qırğınlar, nələr, nələr görmüsən,
Ay paytaxtım, əzizlərəm mən səni.

Günəş kimi sən işıqlı, əbədi,
Al şəfəqdən gözlərimiz qamaşır.
Şəhərimsən yaraşıqlı, əbədi,
Ümman qəlbin ha çağlayır, ha daşır.

Sən mənə əzizsən, mənə doğmasan,
Müjdələrlə üzə gülsün səhərim.
Sən şair balanı yad et, doğma san,
Bakım, Bakım, mənim doğma şəhərim.

10 iyun 2001