Barı gəl çıx, ay gülüm

Gecikirsən sən niyə?
Ağır keçir gün niyə?
Baxıram yerə, göyə,
Barı gəl çıx, ay gülüm.

İlə dönür hər anım,
Sənsiz necə dayanım?
Qalmayıbdır gümanım,
Barı gəl çıx, ay gülüm.

Sənsizliyə dözmürəm,
Dolaşmıram, gəzmirəm,
Günü, ayı sezmirəm,
Barı gəl çıx, ay gülüm.

Gərəkdir səsin mənə,
İsti nəfəsin mənə,
Tezcə durub gəlsənə,
Barı gəl çıx, ay gülüm.

Hamı yazıb sevgidən,
De kim bezib sevgidən?
Leylim sandım səni mən,
Barı gəl çıx, ay gülüm.

Ayrılıq qismətimdir,
Ona dözmək çətindir.
Əli Vəkil mətindir,
Barı gəl çıx, ay gülüm.

10 yanvar 2002