Bax

 

Şair dostum Firudin Şimşəyin «Bax» və «Ağlasın» şeirlərinə cavab

Başımıza nələr gəldi, a qardaş,
Üz tut İlahiyə, Şimşək yerə bax.
Qismətimiz ürəkdə dərd, gözdə dərd,
Qəmli axan Araza bax, Kürə bax.

Qarabağda ər meydanı var idi,
Koroğlu tək nər meydanı var idi,
Millətimin adı, sanı var idi,
Əsir düşüb, bir dön Kəlbəcərə bax.

Başçısız el ağır günlər yaşadı,
Müqəddəsdi mahal adı, el adı,
Sönüb ürəklərin atəşi, odu,
Döydü sinəsinə onda hərə, bax.

Nə yaxşı ki, Naxçıvanın yerində,
Odur sənin ocağın da, Pirin də,
Dürr gəzirik dəryalarda, dərində,
Başımızdan aşan dərdi-sərə bax.

Lal olmağın mənası yox, ay qağa,
Haray çəkək, dərdimiz çox, ay qağa,
Yüzümüz ac, beşimiz tox, ay qağa,
Villa tikənlərə, işsizlərə bax.

Əli Vəkil ibrət aldı sözündən,
Baş verənlər yayınmayır gözündən,
Kədərini oxudum mən üzündən,
Cövlan edən böhtana bax, şərə bax.

16 dekabr 2002