Bilirdim

Gözləyirdim bu qəfləti zəngi mən,
Bilirdim haçansa sən gələcəksən.
Gecikirdin, gecikirdin bəs nədən?
Bilirdim haçansa sən gələcəksən.

Xəyalımdan çıxmayırdın bir an da,
Axtarırdım səni dağda, aranda,
Sənsizlik həsrəti məni yoranda,
Bilirdim haçansa sən gələcəksən.

Dünyamızın harasında gəzirdim?
İnsanların arasında gəzirdim,
Gözlərimin qarasında gəzirdim,
Bilirdim haçansa sən gələcəksən.

Sən dünyama qəfil gəldin, əzizim,
Ürəyimdə deyib-güldün, əzizim,
Məhəbbəti ülvi bildin, əzizim,
Bilirdim haçansa sən gələcəksən.

Düşür yada ömrün qəmli günləri,
Həm sevincli, həm sitəmli günləri,
Unudulmur gözün nəmli günləri,
Bilirdim haçansa sən gələcəksən.

Bu ayrılıq uzun çəkdi, il oldu,
Yollarına baxdım gözüm yoruldu,
Xəyallarım dumanlandı, duruldu,
Bilirdim haçansa sən gələcəksən.

Sakin idin onsuz da sən qəlbimdə,
Məskən saldı çox zaman çən qəlbimdə,
Rahat idin, ay gülüm, gen qəlbimdə,
Bilirdim haçansa sən gələcəksən.

Fərəhləndi mənimlə bu sözlər də,
Dayandıq üz-üzə güldü gözlər də,
Kim istəməz sevinc olsun üzlərdə,
Bilirdim haçansa sən gələcəksən.

Sevgi hissi ürəklərin mehmanı,
Arzuların, diləklərin mehmanı,
Sənin kimi mələklərin mehmanı,
Bilirdim haçansa sən gələcəksən.

Nə çəkmişəm, tək özümə əyandı,
Sevən könlüm ha alışdı, ha yandı,
Əksin gəlib göz önümdə dayandı,
Bilirdim haçansa sən gələcəksən.

Həsrət dolu bu nəğmələr sənindir,
Saf incidir – gör bir nələr sənindir?
Xoş sədalı nurlu səhər sənindir,
Bilirdim haçansa sən gələcəksən.

Kim deyir ki, sənsiz olub bir anım?
Sənsən umacağım, sənsən gümanım,
Darıxmışam, nə gizlədim, nə danım,
Bilirdim haçansa sən gələcəksən.

Sevginin qədoini bilmisən, inan,
Yuxuda görüşə gəlmisən, inan,
Gözümün yaşını silmisən, inan,
Bilirdim haçansa sən gələcəksən.

Qoymadın ki, çox alışım, çox yanım,
Nə yaxşı ki, oldun mənim həyanım,
Çətin anda ol əlimdən tutanım,
Bilirdim haçansa sən gələcəksən.

Yerin, göyün sevincini gətirdin,
Qəlbimdə niskili sona yetirdin,
Bağçamda ətirli güllər bitirdin,
Bilirdim haçansa sən gələcəksən.

Neçə dəfə gəldim görüş yerinə,
Can deyərmiş insan biri-birinə,
Öyrəşərmiş yaman biri-birinə,
Bilirdim haçansa sən gələcəksən.

Tale bizi qovuşdurdu, nə yaxşı,
Saf eşqinlə qəlbim vurdu, nə yaxşı,
Əli Vəkil məclis qurdu, nə yaxşı,
Bilirdim haçansa sən gələcəksən.
Qayğısız şadlanıb, şən güləcəksən!

4 avqust 2000-ci il