Mələklərə qoşulraq göylərdən,
Qanad açıb sən uçaraq göylərdən,
Gətirərək mənə soraq göylərdən,
Bilirdim ki, gələcəksən, əzizim.
Həsrət ilə yolunu çox gözlədim,
Heç kimsədən təmənnam yox, gözlədim,
Darıxmadım, mən gözü tox gözlədim,
Sən özün də bir mələksən, əzizim.
Heç kimsəyə bənzəmirsən həyatda,
Məni sevdin nə yaxşı sən, həyatda,
Nədəndirsə olmursan şən, həyatda,
Haçan deyib-güləcəksən, əzizim?
Yox, unuda bilməyirəm mən səni,
Kimlər salıb axı, məndən gen səni?
Tanımasın duman səni, çən səni,
Yazda açmış tər çiçəksən, əzizim.
Yaş çoxalır, eh dünyaya nə var ki,
Ötüb keçir, günə, aya nə var ki,
Al günəşə, axan çaya nə var ki,
Çox sirləri biləcəksən, əzizim.
Dünya elə tamaşadır, tamaşa,
Qorxuram ki, birdən gözün qamaşa,
Xəyalınla hey qalıram baş-başa,
Qeydimə sən qalacaqsan, əzizim.
Özgə kimə açacaqsan qəlbini?
Dərk eləmək deyil asan, qəlbini,
Nə söndürər, söylə bir an qəlbini?
Məni məndən alacaqsan, əzizim.
Yox, başımı qatammıram mən sənsiz,
Çox məqsədə çatammıram mən sənsiz,
Yuxum qaçır, yatammıram mən sənsiz,
Mənsiz çoxmu qalacaqsan, əzizim?
Əli Vəkil sənə nəğmə yazacaq,
Yuxuları nə qədər tək yozacaq?
Tənha gedib yollarda çox azacaq?
Haçan mənim olacaqsan, əzizim?
27 avqust 2000