Bir də çal…

Sazı özündən böyük olan Samirə Əliyevanın televiziya ilə çıxışından həyəcanlandım.

Bu saz məni dəli etdi, Allahım,
Nə möcüzə, nə hikmətdi, Allahım?
Bu, sənətə məhəbbətdi, Allahım,
Çal, Samirə, telli sazı bir də çal!
Dədə Qorqud çalan sazı bir də çal,
Məni məndən alan sazı bir də çal.

Sazla birgə ürəyim də dil açdı,
Saz dindikcə bağçalarda gül açdı,
Nəğmə yazan şair saza əl açdı,
Çal, Samirə, telli sazı bir də çal!
Dədə Qorqud çalan sazı bir də çal,
Məni məndən alan sazı bir də çal.

Laylam olub saz havası Göyçədə,
Hər aşığın öz havası Göyçədə,
Ozanların yüz havası Göyçədə,
Çal, Samirə, telli sazı bir də çal!
Dədə Qorqud çalan sazı bir də çal,
Məni məndən alan sazı bir də çal.

O, sim deyil, ürəyimin telidir,
Yurdum-yuvam doğma Göyçə elidir,
Ləpələnən qəmli Göyçə gölüdür,
Çal, Samirə, telli sazı bir də çal!
Dədə Qorqud çalan sazı bir də çal,
Məni məndən alan sazı bir də çal.

Haradandır saza həvəs bu qədər?
Haradandır de, sazda səs bu qədər?
Sevə bilməz sazı heç kəs bu qədər,
Çal, Samirə, telli sazı bir də çal!
Dədə Qorqud çalan sazı bir də çal,
Məni məndən alan sazı bir də çal.

Qoy dinləyim yüngülləşsin dərd bir az,
Loğman olsun, məlhəm olsun dərdə saz,
Çatır dada, ay qız, belə yerdə saz,
Çal, Samirə, telli sazı bir də çal!
Dədə Qorqud çalan sazı bir də çal,
Məni məndən alan sazı bir də çal.

O balaca barmaqların sehri var,
Ürəyinin sözə, saza mehri var,
Vallah elə sehrkarsan, sehrkar,
Çal, Samirə, telli sazı bir də çal!
Dədə Qorqud çalan sazı bir də çal,
Məni məndən alan sazı bir də çal.

Əli Vəkil sözdən, sazdan doyarmı?
Havalardan, xoş avazdan doyarmı?
Bülbül bağdan, güllü yazdan doyarmı?
Çal, Samirə, telli sazı bir də çal!
Dədə Qorqud çalan sazı bir də çal,
Məni məndən alan sazı bir də çal.

1991