Bir də mən

Kitab kimi vərəqlədim illəri,
Xatırladım gəncliyimi bir də mən.
Fikrə dalıb yad elədim illəri,
Xatırladım gəncliyimi bir də mən.

Keşmə-keşli olub ömür yolumuz,
İndi bizə nələr demir yolumuz?
Ayrılmayıb bizim ki, bir yolumuz?
Xatırladım gəncliyimi bir də mən.

Keçən anlar indi yuxuya bənzər,
Kövrəlirik keçmişə salıb nəzər,
Hər gün bizi salamladı göy Xəzər,
Xatırladım gəncliyimi bir də mən.

Ötən ömür acılı-şirinlidir,
Gah güldürür, gah səni məyus edir,
Bilmirsən bu həyat nağıldır, nədir?
Xatırladım gəncliyimi bir də mən.

Hər günümüz qayğılarla doluydu,
Keçdiyimiz sıldırımlı yoluydu,
Pulumuz az, kədərimiz boluydu,
Xatırladım gəncliyimi bir də mən.

Hardan aldıq dəyanəti, dözümü?
Gülər görən oldumu heç üzümü?
Yox, yox zaman silməyibdir izimi,
Xatırladım gəncliyimi bir də mən.

Qırx ildir ki, yol gəlirik əl-ələ,
Üç oğuldur hədiyyəmiz bu elə,
Nə görmüşük, neyləmişik biz hələ?
Xatırladım gəncliyimi bir də mən.
Qazandım, itirdim bu illərdə mən.

2 sentyabr 2000-ci il