Bir gül ilə bahar olmaz, bilin siz,
Yaz gələndə güllər solmaz, bilin siz.
Bahar da gözəldi, payız da gözəl,
Qarabağım yada qalmaz, bilin siz.
İk qoçun başı heç vaxt, heç zaman,
Bir qazanda qaynamaz ki, anla, qan.
Qoç başı da qoç başıdır, unutma,
Qoy olsun dünyada hamıya əyan.
İki minnət istəməz ki bir qarın,
Kim deyir ki, qarnınızı otarın.
Acgözlük eləmək nəyə gərəkdir?
Hər məclisdən bərəkallah aparın.
Bir dana batırar naxır axını,
Vallah yerə vurar naxır adını.
Əsli yoxsa, zatı yoxsa dananın,
Batıracaq əzəl, axır adını.
Aşıq gördüyünü çağırır, vallah,
Mizrabı simlərə ha vurar, vallah.
Aşıqlara ilham verən sazıdır,
Sazsız öz yerində oturar, vallah.
Səhv salmayın aşıq, aşiq sözünü,
Aşiq divanədir, deyim düzünü.
Aşığın məclisdə dil açsar sazı,
Məcnun sayar hər bir aşiq özünü.
Sınanıbdır elin ağzı faldır, fal,
El yalan danışmaz, sözü baldır, bal,
El olmasa, kim nə edər söyləyin?
Bir söz də deyiblər – “El ağzı çuval”.
Millət fəxr eləyər igidləriylə,
Torpaq da tanınar şəhidləriylə,
Şöhrəti, hörməti qazanar insan
Halal zəhmətiylə, alın təriylə.
Bəllidir, el gözü sərraf gözüdür,
Elin sözü aqillərin sözüdür.
İllər boyu həsrətini çəkdiyim,
İsa bulağıdır, Cıdır düzüdür.
Gedir qoy Haqq getsin, nahaq gəlməsin,
Daim olsun bizdən uzaq, gəlməsin.
Getməliyik təkcə Haqqın dalınca,
Nahaq boy atmasın, qovaq, gəlməsin.
Bələdçi yorulmaz daşlı yollarda,
Yolçunu səsləyər qalarsa darda.
Xeyirxah iş görür, yaxşılıq edir,
Daim xatırlanar olsa da harda.
Dostun tənəsini eşit bir də sən,
İtirib axtarma özgə yerdə sən.
Həqiqi dost tapmaq çətindən çətin,
Dost itirsən düşəcəksən dərdə sən.
Yeməyini əgər yesən tək özün,
Qaldır yükü, əziyyəti çək özün.
Kiməsə verdiyin bir tikə çörək
Çatar köməyinə, bükülməz dizin.
Arvadsız ev sanki susuz dəyirman,
Darıxar oraya baş vuran insan.
Evə yaraşıqdır, ərə arxadır,
Nur yağar həmişə baxışlarından.
Qaynanalı hər gəlinin, ay ellər,
Dili altdı qoy fənd olsun, deyiblər.
Sadiq qalsın qoy hər zaman ərinə,
Dili altda qoy qənd olsun, deyiblər.
4 sentyabr 2002