Bir gün yarım gəlsə bizə, Tanrım, kefim çağ olacaq

Bir gün yarım gəlsə bizə, Tanrım, kefim çağ olacaq,
Xumarlanan, gülən gözlər, ballanan dodaq olacaq.

Unudulmaz anlar olur aşiqlərin həyatında,
Sirr saxlayan çiçəkli bağ, qızaran yanaq olacaq.

Yazacaqdır yaddaşına söz-söhbəti gilənar da,
Eşqimizi alqışlayan, əl çalan budaq olacaq.

Yadımızdan çıxan deyil o sevdalı dəqiqələr,
Bu sevgiyə səcdə qılan, söz qoşan yarpaq olacaq.

Söz salacaq dönə-dönə sədaqətdən, düz ilqardan,
Odlu hisslər ürəyimdə əriyəcək, dağ olacaq.

Bu sevdaya alqış deyib sevinəcək iki könül,
Əlin dəyəcək əlimə, dərd bizdən uzaq olacaq.

Əli Vəkil, nəğmə yarat eşqə sadiq gözəllərə,
Hər sözünə, hər misrana aşiqlər ortaq olacaq.

8 aprel 2003