Borc

Dünyada borclar da cürbəcür olur,
Adicə borclar var, müqəddəs borc var.
İnsanlar anadan borclu doğulur,
Borclular borcunu unutmasınlar.

Dəniz çaya borclu, çay da bulağa,
Torpaq suya borclu, günəşə borclu.
Meyvə budağına, ağac torpağa,
Dünyamız insanla, borclarla dolu.

Ataya, anaya borcludur övlad,
Bu borc insanların pul borcu deyil.
Vətənin bükülməz qoludur övlad,
Hər borc millət borcu, el borcu deyil.

Torpağı, zəhməti, eli sevmək də
Nəsildən-nəsilə borc qalıb bizə.
Ocağı sevmək də, dili sevmək də,
Hopub qanımıza, ürəyimizə.

Gülsün üzümüzə hər gün qızıl dan,
Anamız günəşi ulu sayaq biz.
Hər borc yer üzündə çıxsa da yaddan,
İnsanlıq borcunu unutmayaq biz.

28 oktyabr 1987