Boş qalmaz ki, qızılquşun yuvası

Boş qalmaz ki, qızılquşun yuvası,
Qalır boş qalsın bayquşun yuvası.
İnsanlarla birgə ova çıxır o,
Hamıya məlumdur onun dünyası.

Gücsüz günahkardı güclü yanında,
Bəlkə də haqlıdır öz gümanında.
Gücsüz də tanınar güclüyə görə,
Mənası yox burda adın, sanın da.

Güclü qisas almaz gücsüzdən axı,
Güc-süzün heç nədə yoxdu günahı.
Dünya elə güclü, gücsüz meydanı,
Güclünü oyatsın gücsüzün ahı.

Əlacı olmayan sızlar, dərd bağlar,
Hər yaranı bu dünyada mərd bağlar.
Qoy möhtac olmasın mərdlər namərdə,
İşin düşsə, səni qapıdan qovlar.

Azarlı yanında armud yeməzlər,
Hər sir sözü hər yetənə deməzlər.
Namərd xoflu olar, kim bilmir bunu?
Mərdi güdər, addım-addım hey izlər.

Fürsət əldə ikən yaxşılıq elə,
Fürsət də hər zaman düşməyir ələ.
Fürsəti əlindən verən adamın,
Yaxşılıq etməyə vaxtı var hələ.

Bir şam haqdan yana söndürmək çətin,
Şamı heç sönməsin qoy həqiqətin.
Heç zaman sönməsin qoy eşqin şamı,
Bilsinlər qədrini saf məhəbbətin.

Vallah, ağıl olmaz acıqlı başda,
Çəkinməz, o salar dava, dalaş da.
Acığı soyuyar, özünə gələr,
Söyləyər ki, taqsırı yox savaşda.

Ağıllı adamlar eldən güc alar,
El dərdini çəkən tezcə qocalır.
Ağıllı adamlar gərəkdir elə,
Onlar bir gün düşmənlərdən bac alar.

Gücünə bax, şələni tut, ay insan,
Həm də yapış gücün çatan bir işdən.
Qaldıra bilməsən şələni, daşı,
Gərək onda danışasan yavaşdan.

8 sentyabr 2002