Biz əl verib görüşəndə üzün güləcək, bilirəm,
Bu görüşdən, ay gözəlim, şad olar ürək, bilirəm.
Ey məh, məni unutma gəl, bizim axı əhdimiz var,
Sevsən bizə yar olacaq xoşbəxt gələcək, bilirəm.
Bağ-bağçanı birgə gəzək, salamlasın güllər bizi,
Əllərini bəzəyəcək ətirli çiçək, bilirəm.
Təzə güllər açılacaq bağda bülbülün eşqinə,
Dolanıb gül dövrəsinə bülbül ötəcək, bilirəm.
Qoşa gəzib gülüstanı, ilk bahara nəğmə qoşaq,
Tellərini darayacaq yenə də külək, bilirəm.
Sənin üçün tər çiçəkdən gərək dəstə tutum, dedim,
Vallah, ay qız, utanacaq gül səni görcək, bilirəm.
Əli Vəkil eşq əhlidir, ürəyi bir, sözü birdir,
Bundan da xoş günlərimiz öndən gələcək, bilirəm.
15 aprel 2003