Bu gün

Yuxumda görmüşəm səni,
Günüm xoş keçəcək bu gün.
Gəl dinlə qəlbim deyəni,
Dil-dil ötür ürək bu gün.

Xatırladım mən səsini,
Könülaçan şən səsini,
Ay qız, eşqin badəsini
Gəl birlikdə içək bu gün.

Götür zər at, qoşa şeşəm,
Səni sevmək olub peşəm,
Bağda gülə bənzətmişəm,
Ətirlidir ləçək bu gün.

Gələn gəlir, gedən gedir,
Axı gələn nədən gedir?
Ruh yaşayır bədən gedir,
Gəl doğru yol seçək bu gün.

Sana, bir də gülü sana,
Yağış yağa, gül islana,
Bülbül ötən gülüstana
Səninlə bir köçək bu gün!

Sentyabr 1991