Bu günkü söz sabahkına körpüdü

Bu günkü söz sabahkına körpüdü,
Söz deyilib, bu söz ona körpüdü.
Söz körpüsü qəlbdən-qəlbə uzanır,
Söz mənliyə, söz vicdana körpüdü.

Gəl sən bulamanı çoxlu bulama,
Yadda saxla, buladıqca yalama.
Yalamıram, deyərək sən həmişə
İnsanları barmağına dolama.

Heç vaxt düşməz vaxtsız yarpaq budaqdan?
Dəyməsə dərməyir meyvəni insan?
İnsan kimi yarpağın da ömrü var,
Vaxtından tez əl çəkərmi həyatdan.

Buyuran yorulmaz, bu bir həqiqət,
Hamı bunu yaxşı dərk edir əlbət.
Əmr eləyib buyurmağa nə var ki,
İş görməyə olmalıdır cəsarət.

Yadda saxla, Allah kəsməz var əldən,
Tanısa Allahı getməz var əldən.
İnsan haqqa üz tutursa həyatda,
Darda qalmaz, bu, bəllidir əzəldən.

Qab boşluğundan cingildəyər,
Səs çıxarar, haçan qab-qaba dəyər.
Hamı qabı ərzaq üçün işlədir,
Ac qalmaz, qablarda hey xörək yeyər.

Tazıcan da bilir, quzucan da o,
Tapır çıxış yolu bircə anda o.
Çoxbilmiş deyirlər deyirlər belələrinə,
Yaşayıb, yaşayır bu cahanda o.

Doğan toyuq yaxşı qısır inəkdən,
İllər boyu gözləyəsən gərək sən.
O südsüz, buzovsuz nəyə gərəkdir?
Qəbul elə yumurtanı ürəkdən.

Deyirəm xədiməm, sorur oğul, qız,
İndi mənəm, yoxsa odur ağılsız?
Ölçüb-biçib söylə hər bir sözü sən,
Bundan sonra nəyə lazım dil-ağız.

Elə bil dəvədən xəlbir asılıb,
O yerini görən niyə səhv salıb?
Öz yerini bilmədiyi üçün də,
Xəlbirtək dəvədən asılı qalıb.

O da dəvə kimi xumundan yeyir,
Yeməyi tükənmir, hər zaman yeyir.
Nəyi var, nəyi yox, sirr saxlayır o,
Amma söz düşəndə yoxumdu, deyir.

Dəyirmanın boğazına əgər sən
Ölü salsan, diri çıxar o hökmən.
İgidliyi görüb ulu babalar,
Ər insana söyləyiblər min əhsən.

Dayanıb pusquda durdu-durdu o,
Bax, durnanı lap gözündən vurdu o.
Durna qatarına nəzər yetirldi,
Öndə gedən başcılı da gördü o.

Yeyən ağız durra bilməz, təbii,
Qorxaq adam vura bilməz, təbii.
Vuran oğul dinər, saymaz kimsəni,
Yerində otura bilməz, təbii.

Qoç olmaz heç zaman yetim toğludan,
Həqiqətdir, gərək çıxmasın yaddan.
Əsli, soyu gərək axı qoçun da,
Keçmişini sən nə gizlət, nə də dan.

Əzrayılın danasını qurd yeməz,
Dananın da anasını qurd yeməz.
Əzrayılın danasına bir kimsə
Sahib çıxıb, ona mənimdi, deməz.

Əli ilə verib, ayağı ilə
İnamla axtarır gələrək dilə.
Nəyisə əlindən verib sonradan
Axtarma, axtarma sən billə-bilə.

İlan öldürənə daş verməz inan,
Heç yapışmaz yıxılanın qolundan.
Əl tutmaq Əlidən qalıb deyirlər,
Heç kimsəni gəl eyləmə yolundan.

İlana balası qənim olar, bil,
Bassan quyruğunu səni çalar, bil.
Həyatda ilanı ovsunlayan var,
İncitsən, o səndən qisas alar, bil.

İlanı yaralı buraxmaq olmaz,
Xətrinə dəyməsən o səni çalmaz.
İlan yaralısa, qəzəblidir o,
Haradan bilirsən yetəni çalmaz?

21 sentyabr 2002