Bu qızlar…

Doğulurlar ay parçası balalar,
Gözəllikdə dünyaya səs salalar.
Sevilələr, ürəklərdə qalalar,
Hərəsi bənzəyir təzə-tər gülə,
Nə tez boy atdılar bu qızlar belə.

Görürsən ki, ayaq tutub yeridi,
Bu gün qönçə, sabah nazlı pəridi,
Gəlin köçən, bax, onlardan biridi,
İlahidir, gəlir adları dilə,
Nə tez boy atdılar bu qızlar belə.

Qız doğulur, cehiz yığır analar,
Deyiblər ki, qız anası mərd olar,
Bəxtəvərdir hər kimin ki qızı var,
Nəzər salın şux baxışlı gözələ,
Nə tez boy atdılar bu qızlar belə?

Oğlan oldu, qız doğuldu evlərdə,
Ad qoyuldu, şadlıq oldu elərdə,
Göbəkkəsmə yadda qaldı evlərdə,
Cütlərin adları tez gəlir dilə,
Nə tez boy atdılar bu qızlar belə.

Qız doğuldu – demək bir toy çoxaldı,
İlləri say, söylə, toya nə qaldı?
O kim idi, birdən «Vağzalı» çaldı?
Bu hava gör necə yaraşır elə,
Nə tez boy atdılar bu qızlar belə.

Qız doğuldu – bir gün elçi gedəcək,
Qız doğuldu – sevənlər toy edəcək,
Qız doğuldu – xoş ətirli tər çiçək,
Gör neçə toy qismət olur hər ilə,
Nə tez boy atdılar bu qızlar belə?

Qız doğuldu – artdı sevgi nəğməsi,
Odur bir oğlanın eşqi, həvəsi,
Tez çatdırın elə barı bu səsi,
Gərək hər kəs qəlbdən sevə, sevilə,
Nə tez boy atdılar bu qızlar belə.

26 mart 2000