Bu uzun yolların yolçusu insan

Bu uzun yolların yolçusu insan,
Qorxmur nə enişdən, nə uçurumdan.
Gedib son mənzilə yetişən olur,
Tutan hanı yorulanın qolundan?

Bu dünyada yol uzundu, yol qısa,
Yorularsan dizdə taqət olmasa.
İnsanda iradə, dözüm gərəkdi,
Qalsa yarı yolda batmasın yasa.

Bu cığır zirvəyə uzanıb gedir,
Zirvələr insana hər gün əl edir.
Zirvədən zirvəyə yenə də yol var,
Şəhidlik zirvəsi bir əfsanədir.

Kainatın dərəsi var, düzü var,
Həm zülmət gecəsi, həm gündüzü var.
Bəzən uçurumdan keçər yolumuz,
Mətin olmalıyıq yormasın yollar.

Ürəyi pak olsun gərək insanın,
Qismətidir hala çörək insanın.
İnamla, ümidlə yaşayırıq biz,
Qanadıdır arzu, dilək insanın.

Yel əsdikcə dalğalanır biçənək,
Qəribsəyib, bizi anar biçənək.
Çiçəkləyib ətir saçır otlar da,
Ay biçinçi, səni anır biçənək.

Yetişibdir yenə taxıl zəmisi,
Dənizdirmi, görünməyir gəmisi?
«Torpağa düşməsin havayı bir dən»,
Halal çörək düşündürür hər kəsi.

Çoban sürüləri çölə yayınca,
Qoyunlar göy otdan yeyir doyunca.
Mal-qara bəsləyib ulu babalar,
Bu örüşdü, bu torpaqdı, bu yonca.

Lilparlı bulaqdan içdim, nuş oldu,
Gülləri iylədim mənə nuş oldu.
Yaylaqları seyr elədim, sevindim,
Ürəyimdə yeni nəğmə doğuldu.

Dinlədim meşədə ayacdələni,
Öz yerini, öz işini biləni.
İnsan nəfəsinə həsrət qalıbdır,
Salamlayır ora qonaq gələni.
4 avqust 2002
Rusiya, İvanovo

Zirvəsində illər boyu qar dağın,
Hey olur örpəyi dumanlar dağın.
Ürəkdə zirvəyə qalxmaq həvəsi,
Olubdur vurğunu insanlar dağın.

Kimlər söz qoşmayıb uca dağlara?
Yaşı bilinməyən qoca dağlara.
İnsanın qüdrəti, imkanı hanı?
Qol-boyun olmaqçün uca dağlara?

Xəncərin yarası sağalır bir gün,
Söz yarası sağalmayır nə üçün?
Son qoysa böhtana, şərə insanlar,
Olmaz nə göz yaşı, nə haray, nə ün.

Hər şeyi yüz ölçüb – bir biçsən əgər,
Öz həyat yolunu düz seçən əgər,
Həmişə dünyada üzün ağ olar,
Haqqa, ədalətə and içsən əgər.

Qorxmaz olur bu dünyada mərd adam,
Xəbisliyə, bədxahlığa mən yadam.
Filin qulağında yatan kəsləri
Kaş bacarıb sözlərimlə oyadam.

Bezdirib-yormasın xoş hisslər səni,
Pis yola çəkməsin naqislər səni.
Aqilin, arifin sözünə bax ki,
Təntiyəni darda qoymaz o kəslər.

Çox oxuyan çoxca bilməz, deyiblər,
Çox gəzənlər çox bilər, gəz, deyiblər.
Gözlər görər, ağıl kəsər, kim bilmir,
Hər nə itsə, bilik itməz, deyiblər.

Bir ömürdü, onu yaşa mənalı,
Düzgün yol seç, yetir başa mənalı.
Müdriklərə hörmət var el içində,
El şairi nəğmə qoşa mənalı.

Göy gurladı, yenə çaxdı ildırım,
Palıdı yandırıb yaxdı ildırım.
Bircə anda qılıncladı səmanı,
Göz qırpımı yoxa çıxdı ildırım.

Buludların nifrət səsi – şimşəkdi,
Asimanın kişnəməsi – şimşəkdi.
Bu hikmətdi, de kim bilir sirrini?
Göyün yerə söz deməsi – şimşəkdi.
Özün yıxılıbsan – ağlama barı,
Az olur qaldıran yıxılanları.
Götür-qoy et, yoxla getdiyin yolu,
Halallıqla qazan dövləti, varı.

Ölçürsən hər şeyi öz arşınınla,
Ölçürsən, ölç barı düz arşınınla.
Kiminsə haqqında fikir söyləsən,
Onu yaxşı tanı, onu tez anla.

Diqqətli ol, heç kimsəyə şər atma,
«Məqsədimə çatım», – deyə şər atma.
Günahsız insana qara yaxaraq
İşindən eləyib, başını qatma.

Öz xeyrini, öz cibini güdənin,
Hər yetənin arxasınca gedənin,
Nə qazancı, nə hörməti olacaq,
El içində özünü xar edəcək.

Başmaqçı olarmış başına gələn,
Yaxşı dərs alarmış başına gələn.
Nəticə çıxara bilməsə əgər,
Ortada qalarmış başına gələn.

Kim bilmir ki, taylı tapar tayını,
Oxunu gizlədib atar yayını.
Babam mənə kor deyibdir, söyləsən,
İtirərsən vurduğunun sayını.

İt yatıb qayanın kölgəsində, bax,
Zənn edir o kölgə onundur ancaq.
Hər sözü müdriklər yerində deyib,
Arxalı köpəklər qurdu basacaq.

Ülvi məhəbbəti oyuncaq sayma,
Sən gəl iftiranı, yalanı yayma.
Qoru öz eşqini göz bəbəyitək,
Hər şeydən doysan da, yarından doyma.

Çöp düşəcək qorxan gözə, anla sən,
Qulaq asıb dürlü sözə, anla sən.
Olan olub, keçən keçib dünyada,
Keçən sözü vurma üzə, anla sən.

Yaxın qoşu uzaq qohumdan yaxşı,
Məhəbbət yolunda qoysan can, yaxşı.
Bir-birini unutmasa aşiqlər,
Olar bir-birinə mehriban, yaxşı.

5 avqust 2002
Rusiya, İvanovo