Burdan yavaş keçin

1943-cü ilin martında faşist cəlladları Belorusiyanın Xatın kəndinin 149 dinc sakinini bir saraya doldurub yandırmışlar. Bura muzeyə çevrilmişdir.

Burdan yavaş keçin, bura Xatındır,
Torpağa hopubdur insan naləsi!
Burda sükut için, bura Xatındır,
Əks olur qulaqda zənglərin səsi!

Burdan asta keçin, torpaq qəmlidir,
Müqəddəs insanlar yanıb bu yerdə.
Hava matəmlidir, yer matəmlidir,
Şəhidlər uyuyur xatirələrdə!

Hər qəbrin önündə durub baş əyin,
Sükut salamlayar Xatında sizi!
Nakam ölənləri bir də dinləyin,
Kədər sarsıdacaq bu anda sizi!

Məzarlar önündə diz çökmək gərək,
Qocalar, uşaqlar kül olub burda.
Ölümdən qorxmayıb, çəkinməyərək
Min zəfər çalmışıq vuruşmalarda.

İnsanın qanilə yuyulub torpaq,
Görün neçə sevgi saralıb, solub!
Odlu bombalardan kül olub torpaq,
Analar ah çəkib, saçını yolub!

Xatın zənglərini bir də dinləyin!
Sülhə, azadlığa çağrış deməkdir!
Burda dua edin, burda baş əyin,
Onsuz da susanlar dinməyəcəkdir!

Bir az ehtiyatla keçin Xatından,
Yad edin dəhşətli illəri bir də!
Al qana boyandı hər sökülən dan,
Sıxdı gözlərini mavi göylər də!

Siz ayaq saxlayın, sükuta dalın,
Onlara borcluyuq ömrümüz boyu.
Mərmər lövhələrə bir nəzər salın,
Həyatda müqəddəs borcunuzdur bu!

Dunən burda bu gün üçün susdular,
Şəhidləri dönə-dönə yad etdin!
Qalib gəldik, zəfər oldu bizə yar,
Ürəkləri bir də, bir də eşidin!

Ehtiramla yavaş keçin, insanlar!
Xatın əsrimizdə muzey olubdur!
Sülhə, haqqa siz an diçin, insanlar,
Həsrətdən burada gözlər dolubdur!

Burdan yavaş keçin, bura Xatındır,
Torpağa hopubdur insan naləsi!
Burda sükut için, bura Xatındır,
Əks olur qulaqda zənglərin səsi!