Cəhənnəmdə də qoy adamın olsun

Cəhənnəmdə də qoy adamın olsun,
Hər onu görəndə kefin durulsun.
Bəlkə elə bu dünyada olantək,
Orada da kef məclisi qurulsun.

Övlad bu dünyaya şöhrətdi, şöhrət,
Vətəni qoruyan qeyrətdi, qeyrət.
Doğulan uşaqla dünyamız dolur,
Arzudu, inamdı, qüdrətdi, qüdrət.

Onun evində yox hətta urvalıq,
Bəs niyə kbnlündən keçir darğalıq?
Xəbərsizdi dünyamızın işindən,
Axtarır vəzifə – seçir darğalıq.

Elin bulağından hamı su içər,
El salan körpüdən insanlar keçər.
Elin yaratdığı əbədi qalır,
İnsanlar doğular, insanlar ölər.

Axı eşqin tərsi-uvandı olmaz,
Yalançı sevdanın heç dadı olmaz.
Məhəbbət əbədi olsun dünyada,
Əbədi məhəbbət saralıb, solmaz.

Qoy bal mənim, pətək də sənin olsun,
Qoy əl mənim, ətək də sənin olsun.
Nə əlik əs, nə ətəyi həyatda,
Bal şirinlikli yeni dostluq doğulsun.

Yox, yaxşılıq itməz, gözəllik getməz,
Gözəllər o qədər, saymaqla bitməz.
Gözəllik olmasa neyləyər insan?
Gözəllik yaşayır, gözəllik itməz.

Özüm özümə elədim həyatda,
Külü gözümə elədim həyatda.
Özü yıxılan ağlamaz, məlum,
Bir görün nələr dilədim həyatda.

Bəllidir, tələsən təndirə düşər,
Vallah çxarmasan təndirdə bişər.
Nə tələs, nə də ki, təndirə düş sən,
Yollan bir səfərə – xeyirə qənşər.

Sən ağla, əzizi ölmüşlər kimi,
Sən elə gül, əzizi gəlmişlər kimi.
Ürəkdən ağlayıb-gülməyi bacar,
Ömür sür hər sirri bilmişlər kimi.

27 sentyabr 2002