Çəkəm gərək

Saldın məni, saldın oda,
Yetiş barı, yetiş dada,
Gülüm, sənin bu dünyada
Nazını mən çəkəm gərək!

Doğulmusan gözəl, göyçək,
Sən göylərdən enmiş mələk,
Ən ətirli zərif çiçək –
Nazını mən çəkəm gərək!

Aşiq oldun güldü üzün,
Elə bil ki, güldü üzün,
Könül açandı hər sözün –
Nazını mən çəkəm gərək!

Bir kimsəyə bənzərin yox,
Yarandın gözü, könlü tox,
Qaşın kaman, kirpiyin ox,
Nazını mən çəkəm gərək!

Gözəlisən gözəllərin,
Baxışında məna dərin,
Əlimə dəysin əllərin –
Nazını mən çəkəm gərək!

8 may 2002