Can-ciyərim Odlar yurdu, gülüstanım sənsən, sən,
Bu dünyada iftixarım, din-imanım sənsən, sən.
Ox olub bat düşmənlərin, namərdlərin gözünə,
Odum, suyum, damarımda axan qanım sənsən, sən.
Keşiyində dayanmışam ayıq-sayıq bir əsgərtək,
Döşlərindən süd əmmişəm, eşqim, canım sənsən, sən.
Uzaqlaşmaz, ayrı düşməz övlad ana qoynundan,
Baxışımdan məni duyub, anlayanım sənsən, sən.
Hara getsəm mənimləsən, ürəyimdə yerin var,
Xilaskarım, havadarım, ilk həyanım sənsən, sən.
İlhamıma qanad verən, ürəyimi isidən,
Əl çatmayan arzularım, asimanım sənsən, sən.
Əli Vəkil öz borcundan çıxmayıbdır hələ də,
Bayraq kimi zirvələrə sancılanım sənsən, sən.
15 aprel 2003